Bakıda 6 nəfərlik oğru dəstəsi evləri, maşınları qarət edirmiş
Nizami polisi uğurlu əməliyyat keçirdi
Bakıda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, fevralın 27-dən 28-nə keçən gecə Bakı şəhər sakini Valeh Məmmədova məxsus B.Nuriyev küçəsində yerləşən mağazadan qapını sındırmaq yolu ilə sənaye malları və Bakı şəhər sakini Ramal Hüseynova məxsus Q.Qarayev prospektində yerləşən ofisdən nooutbuk, DVD, fotoaparat və mobil telefon oğurlanıb.
Nizami Rayon Polis İdarəsinin 24-cü və 25-ci Polis bölmələri əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törədən Bakı şəhər sakinləri Bəhruz Kərimli, Rauf Abbasov, Kamil Dadaşov, Kamran Əhmədov, İlqar Həsrətov və qardaşı Vüqar fevralın 28-də tutulublar.
Aparılan əməliyyat tədbirləri nəticəsində onların fevralın 4-də Özbəkistan küçəsində Bakı şəhər sakini Məftun Alıyevə məxsus "VAZ-2109" markalı avtomaşından açıq qapıdan daxil olmaqla maqnitofon oğurladığı da müəyyən edilib.