FHN-çilər Zaqatalada Hüseyn Qarayevin evini tam yanmaqdan xilas etdi
Zaqatala rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Hissəsindən (YMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi rayonun Car kəndində, Qarayev Hüseyn Əsəbəli oğluna məxsus bir mərtəbəli, dörd otaqlı evdə baş verib.
Hadisə yerinə dərhal FHN-nin Zaqatala YMH-nin iki yanğın söndürən maşını cəlb edilib. Zaqatala YMH-nın baş vermiş yanğın hadisəsindən vaxtında xəbər tutması nəticəsində H.Qarayevə məxsus evin tamamilə yanıb sıradan çıxmasının qarşısı alınıb.
Yanğın nəticəsində bir otağın yanar konstruksiyaları və həmin otaqda olan əşyalar yanaraq yararsız vəziyyətə düşüb. Zaqatala YMH əməkdaşlarının səyi nəticəsində yanğının digər otaqlara keçməsinin qarşısı alınıb. Yanğın baş verən zaman evdə heç kim olmayıb. İlkin ehtimala görə, yanğına səbəb odun sobasının yanar vəziyyətdə qalması olub.
Hadisə ilə əlaqədar Zaqatala YMH-də araşdırma aparılır.