Suraxanıda Almaz Tağıyeva, Keşlədə Şəhriyar Eyvazov dəm qazından boğuldu
Fevralın 28-də Bakıda iki nəfər dəm qazından boğularaq ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib. APA-nın məlumatına görə, hadisələrdən biri Nizami rayonunda qeydə alınıb.
Rayonun Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/40A ünvanında yaşayan 1993-cü il təvəllüdlü Şəhriyar Eyvazov hamamda çimərkən dəm qazından boğularaq ölüb.
Digər olay paytaxtın Suraxanı rayonunda baş verib. Rayon sakini, 1961-ci il təvəllüdlü Almaz Tağıyeva yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib. Yeni Suraxanı qəsəbəsinin sakini, 74 yaşlı Kamil Sultanov isə dəm qazı zəhərlənməsilə xəstəxanaya yerləşdirilib.
Hər üç faktla bağlı araşdırma aparılır.