Nurəddin Mehdixanlı "Cavad xan"ın qonorarını açıqlamadı
Amaliya Pənahova: "Türkan Şoray "Babək"dəki rola bir milyon istəmişdi"
Fuad Poladov: "Pulu onlara bağışlayıb filmə çəkilirəm"
Firəngiz Mütəllimova: "Qiymət haqqında heç nə demək istəmirəm"
Son bir ildə ölkənin kino sənayesində müəyyən inkişaf nəzərə çarpır. Dövlət sifarişilə həm özəl şirkətlər, həm də "Azərbaycanfilm" Kinostudiyası tərəfindən il ərzində bir neçə film çəkilir.
Bəzi televiziyalar da yüksək sənət kriteriyalarına cavab verməsə də, bədii televiziya filmləri istehsal edir. Sözsüz ki, bu filmlərin böyük əksəriyyəti ailə-məişət mövzusundan bir addım da olsa o tərəfə getmir.
Bu bədii televiziya filmlərində sənətə yenicə gələn gənclərlə yanaşı, tanınmış aktyorlar, əməkdar və xalq artistləri də rol oynayır.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə çəkilən bədii filmlərdə isə obrazlar, əsasən, ölkənin görkəmli sənətkarlarına həvalə edilir. Məlumdur ki, son vaxtlar ekranlaşdırılan bədii filmlərdə rol alan aktyorların heç də hamısı öz rolunun öhdəsindən məharətlə gələ bilməyib. Elələri var ki, heç o rol ona yaraşmır. Elə aktyorlar da var ki, oynadığı rolu tamaşaçıya sevdirə bilib. Yerli filmlərə çəkilən aktyor və aktrisaların qazancına gəlincə isə, bu barədə o qədər də ürəkaçıqlığı ilə danışmaq olmur. Əldə elədiyimiz məlumata görə, dövlət sifarişilə çəkilən filmlərdə rol alan aktyorların qonorarı elə də yüksək deyil. Kommersiya filmlərində rol alan aktyorlara verilən qonorarın həcmi də çox azdır.
Bir sözlə, aktyorlarımız bir filmdən qazandığı pulla bir ay normal dolana bilmir. İndiki bazar qiymətlərini nəzərə alsaq görərik ki, bu məbləğ nə qədər azdır. Sirr deyil ki, qonşu Rusiya, Türkiyə və başqa ölkələrdə aktyorların bir filmdən aldığı qonorarın məbləği olduqca çox olur. Onlar bu pulla özlərinə hər cür şərait yaradır. Amerika və Avropa aktyorlarının aldığı qonorardan isə danışmaq istəmirik. Çünki bu rəqəm həddindən artıq yüksəkdir.
Azərbaycanda isə, dediyimiz kimi, aktyorlara verilən qonorarın miqdarı ürəkaçan deyil.
Kinorejissor Rövşən Almuradlının xalq şairi Sabir Rüstəmxanlının ssenarisi əsasında quruluş verdiyi "Cavad xan" filmində baş rolun ifaçısı (Cavad xan), Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlı bizimlə söhbətində aldığı qonorarın məbləğini açıqlamasa da, Azərbaycanda ən baha qiymətə filmə çəkilən iki aktyordan biri olduğunu dedi: "Azərbaycanda iki nəfər ən yüksək qonorar müqabilində filmə çəkilir, onlardan biri Fəxrəddin Manafov, digəri isə Nurəddin Mehdixanlıdır. "Cavad xan" filmindən nə qədər qonorar aldığımı açıqlaya bilmərəm. Yalnız onu deyə bilərəm ki, "Cavad xan" son illər Azərbaycanda çəkilən yeganə yüksək qonorar verilən filmdir. Burada aktyorların aldığı qonorar digər filmlərdə aktyorların aldığı qonorardan iki-üç dəfə artıqdır. Söz yox ki, qonşu ölkələrin aktyorlarının aldığı qonorarla müqayisədə bizimkilərin aldığı qəpik-quruşdur. Tutalım, "Avatar" filminin büdcəsi 450 milyon dollardır. Amma "Cavad xan"ın çəkilişlərinə 2 milyon manat ayrılmışdı. Görürsüz, "Avatar"ın qrimyorunun aldığı pula biz film çəkirik".
Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti, "Cavad xan" (səhv eləmiriksə bu film onun son illər çəkildiyi bir-iki filmdən biridir) bədii filmində knyaginya Darya obrazını böyük məharətlə yaradan Amaliya Pənahova da oynadığı rola görə aldığı qonorarın məbləği barədə heç bir fikir söyləmədi. Xalq artistinin sözlərinə görə, knyaginya Darya obrazı elə də böyük obraz olmayıb, amma buna görə aldığı qonorarın həcmindən heç də narazı qalmayıb":Bu kiçik bir rol idi. Sözsüz ki, bizim aktyorların filmlərdən aldığı qonorarla xarici aktyorların aldığı qonorarın məbləğini müqayisə eləmək olmaz. Xaricdə bir aktyor bir-iki filmə çəkildikdən sonra özünə şəxsi studiya açır. Mən bu filmdən aldığım qonorara görə narazı deyiləm. O vaxt iki hissəli "Babək" filmini bir ilə çəkdilər. O filmdən 1500 rubl almalı olduğum halda cəmi 1200 rubl aldım. Onu da aybaay. Yəni hər ay mənə 200 manat verirdilər. Məndən əvvəl bu rola Türkan Şorayı dəvət etmişdilər, amma o bir milyon dollar qonorar istədiyindən çəkməmişdilər. Halbuki, "Babək"in büdcəsi təxminən 1 milyon yarım idi. İndi onunla müqayisədə "Cavad xan" filmindən o vaxtkı 1200 rubldan bir az artıq qonorar almışam. Amma qonorarın konkret nə qədər olduğunu deyə bilmərəm". Tanınmış teatr və kino aktyoru, xalq artisti Fuad Poladovun bildirdiyinə görə isə, çoxdandır ki, Azərbaycanda filmə çəkilmir. Bu səbəbdən də yeni qiymətlərdən xəbərsizdir":Uzun müddətdir ki, burada filmə çəkilmirəm. Ona görə də indiki qiymətlərdən xəbərim yoxdur".
"Ovsunçu", "Güllələnmə təxirə salınır", "Küçələrə su səpmişəm" və s. filmlərdə oynadığı rollara görə aldığı qonorarın məbləğinə gəlincə, aktyor dedi ki, bu təxminən 2000-ci ilin əvvəllərinə təsadüf edib":Mən "Ovsunçu"ya 2000, "Küçələrə su səpmişəm"ə isə 2002-ci ildə çəkilmişəm. Onda qiymətlər başqa cür idi. Bəlkə də indi qiymətlərdə artım var".
Kommersiya filmlərinə isə ümumiyyətlə çəkilmədiyini deyən F.Poladovun bildirdiyinə görə, onu filmə dəvət edəndə əvvəlcə qiyməti danışır, qiymətdən narazı qaldıqda isə çəkilməyə razılıq vermir":Elə hal da olur ki, dəvət edildiyim filmdə rol xoşuma gəlir. Pulu onlara bağışlayıb filmə çəkilirəm. Yəni o filmə pulsuz çəkilirəm".
Türkiyədə çəkilən "Dədə Qorqud" filmində yaratdığı Dədə Qorqud obrazına görə aldığı qonorarın məbləğinə gəlincə, Fuad müəllim bildirdi ki, orada təxminən günü 1000 dollara düşüb":Bu filmə dəvət edildiyim üçün müqavilə imzalamışdıq. Mən onların qarşısında şərt qoymuşdum ki, üç günün işini bir günə görəm. Yəni bir gün səhər tezdən axşama qədər çəkilirdim. Tutalım, bu gün Türkiyəyə gedirdim, səhər dincəlib, birisigün isə gündoğandan günbatana qədər işləyirdim. Film yeddi bölümdən ibarət idi".
Digər xalq artisti Firəngiz Mütəllimovanın dediyinə görə, "Azərbaycanfilm" Kinostudiyasının çəkdiyi filmlərdə oynadığı rola görə qonorar danışmır":Çünki bu filmlərdə tarixə düşmək məsələsi var. Ona görə də qiymət danışmıram. Amma kommersiya filmlərinə çəkiləndə şərt irəli sürürəm. Yəni istədiyim məbləği versələr gedib çəkilirəm, verməsələr çəkilmirəm. Qiymət haqda heç nə demək istəmirəm. Çünki bu bizim kommersiya sirrimizdir. Daha doğrusu, mənim məbləğ açıqlamağım çoxlarının xətirinə dəyər. Ola bilsin ki, bu kimlərisə qıcıqlandırar".