Azərbaycan qazının müştərisi artdıqca "Nabukko" kəməri havayı bir şeyə çevrilir
.jpg)
Avropa İttifaqının Azərbaycandan təbii qaz alışına hesablanan "Nabukko" layihəsinin reallaşmasının gecikməsi fonunda ölkəmizdən "mavi yanacaq" almaq istəyən dövlətlərin sayı durmadan artır. Artıq bu dövlətlər siahısına Suriya da qoşulub.
Məsələ ilə bağlı cari ilin mart ayının 1-dən 4-nə kimi sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Suriyaya rəsmi səfəri başlayıb. SİA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidentləri Elşad Nəsirov, Muxtar Babayev və Dövlət Neft Akademiyasının rektoru Səyavuş Qarayev daxildir. Səfərin əsas məqsədi Azərbaycan qazının Suriyaya satışı ilə bağlı detalları müzakirə etmək və konkret nəticəyə gəlməkdir. Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədin 2009-cu ildə ölkəmizə səfəri zamanı əldə olunmuş razılığa əsasən, Azərbaycan il ərzində bu ölkəyə 1 milyard kubmetr qaz nəql edəcək. Hazırda Türkiyə ilə Suriya arasında qaz kəmərinin inşasına başlanıb və Azərbaycan bu kəmərdən istifadə etməklə 2010-cu ilin sonundan etibarən Suriyaya qaz nəqlinə başlayacaq.
Ekspertlər hesab edir ki, Azərbaycanın qazını almaq istəyən və bu məqsədlə real hərəkətə keçən müştərilərin artması fonunda "Nabukko" layihəsinin reallaşması daha sürətlə gündəmdən çıxır. Hadisələrin bu səpkidə inkişafına görə məsuliyyət daşıyan əsas tərəf kimi isə Avropa İttifaqı çıxış edir. Bir müddət əvvəl məsələ ilə bağlı prezident İlham Əliyev "The Wall Street Yournal"a müsahibəsində bildirib ki, Avropa İttifaqının planlaşdırdığı "Nabukko" kəmərinin inşasının ləngiməsindən məyusdur: "Nabukko" Xəzər dənizindən qazı Türkiyə üzərindən Avropaya çıxarmalıdır. "Qazprom" deyir ki, bizdən təchiz edəcəyimiz qədər qaz alacaq. "Nabukko" gecikdirilsə, aydındır ki, biz "Qazprom"a daha çox qaz satacağıq. "Nabukko" qaz layihəsində qaz təchizatını, istehsalçıları və maliyyələşməni təmin etmək üçün zəruri olan rəhbərlik çatışmır. Biz indiyədək bilmirik ki, bu lider kimdir, bu prosesi kim irəli aparmalıdır. Qaz istehsalçıları və tranzit ölkələrlə danışıqları kim aparacaq? Bu qazın marketinqini kim edəcək? Qiymətlər necə olacaq? Bir sözlə, uzun müddətdir ki, çoxlu suallar cavabsız qalır".
Vəziyyətdən istifadə edən İran və Rusiya isə, əvvəlki kimi, ölkəmizdən daha çox qaz almaq istiqamətində siyasətlərini davam etdirir. Ötən həftə yenidən bu məsələyə qayıdan İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami bildirib ki, Tehran Azərbaycandan ildə 10 milyard kubmetrə qədər qaz almağa hazırdır: "İran tərəfi Azərbaycandan lazım olduğu qədər, 10 milyard kubmetrədək qaz almağa hazır olduğunu elan edib". Xatırladaq ki, bu ilin yanvar ayında İranla Azərbaycan arasında 100 gün ərzində sutkada 2 milyon kubmetr qazın nəqlinə dair sənəd imzalanıb. Bu həcmdən 800 min kubmetr Naxçıvan Muxtar Respublikasına, qalan həcm isə İranın şimal əyalətlərinə göndərilir.
"Lakin mövcud müqaviləyə əsasən, İran Azərbaycandan ildə 5 milyard kubmetr qaz ala bilər. Mövcud qaz kəməri isə yalnız 2 milyard kubmetr qazın nəqlinə imkan verir. Bununla əlaqədar Azərbaycan tərəfi nəql edilən qazın həcmini 5 milyard kubmetrədək artırmaq üçün yeni qaz kəmərinin çəkilməsinə dair qərar qəbul edib".
"Qazprom"un İdarə Heyətinin sədri Aleksey Miller yenidən bəyan edib ki, təmsil etdiyi şirkət 2010-cu ildə Azərbaycanın ixrac etmək istədiyi qazı tam həcmdə almaq niyyətindədir. Onun sözlərinə görə, "Qazprom" bu istiqamətdə danışıqları intensivləşdirməyi düşünür. Ekspertlərə görə, "Qazprom"un bu dəfə öz niyyətini reallaşdırmaq ehtimalı böyükdür. Çünki uzun danışıqlara baxmayaraq, Avropa hələ də "Nabukko" layihəsinin inşasını reallaşdıra bilmir və bu layihəyə indi Qərbin özündə də getdikcə pessimist mövqedən yanaşılır. Belə olan halda, daha çox qaz hasil etməyə başlayan Azərbaycan üçün Rusiya bazarları daha cəlbedici hala gəlir.
Xatırladaq ki, artıq 2010-cu il yanvarın 1-dən Azərbaycan Rusiyaya qaz ixracına başlayıb. İxracatın başlaması ilə əlaqədar Azərbaycan-Rusiya sərhədində "Şirvanovka" qazölçmə stansiyası bərpa edilib. Azərbaycanla Rusiya arasında qaz alqı-satqısı barədə ortamüddətli müqavilə isə 14 oktyabr 2009-cu ildə Bakıda ARDNŞ və "Qazprom" arasında imzalanıb. Müqavilə 2010-2014-cü illəri əhatə edir.
Beləliklə, Avropanın "Nabukko" layihəsinin inşasını reallaşdırmaq istiqamətində yol verdiyi ləngimələr Rusiyanın elə Avropanın öz üzərində qaz qələbəsini təmin edən əsas faktorlardan biridir. Çünki Azərbaycan Rusiyanın nəzarətində olan "Cənub axını" qaz kəmərinə alternativ "Nabukko" layihəsinin potensial xammal təchizatçısıdır. "Qazprom" un 1,3 trilyon kubmetr ehtiyatı olan "Şahdəniz" yatağının qazına iddialı olması "Nabukko" üçün ehtiyat bazasının əldən çıxması deməkdir.
Xatırladaq ki, "Nabukko" qaz kəmərinin uzunluğu 3,3 min kilometr, illik nəqletmə gücü 31 milyard kubmetr olacaq. Avropa Komissiyası hesab edir ki, qaz təchizatçıları olduğu təqdirdə kəmər 2014-cü ildə işə salına bilər.