Çilidə zəlzələ qurbanlarının sayı 300-ü keçib
Minlərlə ev dağılıb
Çilidə zəlzələ qurbanlarının sayı artıb. Yerli hökumət orqanlarının dünən səhər verdiyi açıqlamaya görə, yeraltı təkanlar nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb.
Ölənlərin sayının artacağı istisna edilmir. İlkin məlumata görə, zəlzələ nəticəsində 2 milyon adam ziyan çəkib. Xilasedicilır dağıntılar altından insanları axtarır.
Yeraltı təkanlardan sonra sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Sonradan bəzi ölkələr üçün bu xəbərdarlıq aradan qalxıb.
Xatırladaq ki, Çilidə zəlzələ srağagün yerli vaxtla saat 03.34-də (Bakı vaxtı ilə 10.34) Konsepsion şəhərindən 115 kilometr aralıda, 55 kilometr dərinlikdə 8,8 bal gücündə baş verib. Yeraltı təkanlar 10-30 saniyə davam edib. Paytaxtın bəzi rayonlarında elektrik enerjisi kəsilib, əhali vahimə içərisində küçələrə axışıb. Ümumilikdə zəlzələ nəticəsində Çilidə 1,5 milyondan artıq ev, bir neçə xəstəxana dağılıb. Hakimiyyət orqanlarının məlumatına görə, onlardan 500 mini daha ciddi zərər görüb və artıq yaşayış mümkün deyil. Elektrik, rabitə xətləri sıradan çıxıb.