Türkmənistan "Nabukko" kəməri üçün yenə şirinləşib
Avropa İttifaqı ilə Türkmənistanın danışıqları gedir
"Nabukko" qaz kəmərinin tikintisi üzrə konsorsiumun rəhbərləri və Avropa Komissiyasının nümayəndələri bu ilin aprelində Türkmənistana səfər edəcək.
Səfərin məqsədi planlaşdırılan magistralla Türkmənistandan Avropa İttifaqı ölkələrinə qazın nəqlinə dair sazişin imzalanmasını razılaşdırmaqdır. Avropa İttifaqının yüksək rəhbər orqanlarından İTAR-TASS-ın müxbirinə bildiriblər ki, Brüssellə Aşqabad arasında danışıqlar davam edir və uğur əldə olunacağına ehtimal çoxdur. Xatırladaq ki, "Nabukko" qaz kəmərinin uzunluğu 3,3 min kilometr, illik nəqletmə gücü 31 milyard kubmetr olacaq. Avropa Komissiyası hesab edir ki, qaz təchizatçıları olduğu təqdirdə kəmər 2014-cü ildə işə salına bilər.