.jpg)
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Yunanıstanın vətəndaşların mühafizəsi naziri Mihalis Krisohoidisin dəvətilə fevralın 22-23-də bu ölkədə rəsmi səfərdə olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər zamanı Azərbaycan FHN və Yunanıstan Vətəndaşların Mühafizəsi Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdən sonra "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında təbii fəlakətlərin və texnogen qəzaların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" imzalanıb.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Afinada yerləşən "Syntagma" metro stansiyasında da olub. Nümayəndə heyətinə metronun təhlükəsizlik sistemi haqqında ətraflı məlumat verilib
Bundan başqa, Elefisina Hava Qüvvələri Bazasında, Yunanıstan Polis Əməliyyat və Yanğın Xidməti Əməliyyat mərkəzlərində görüşlər keçirilib. Görüşlərdə qeyd olunan qurumların iş fəaliyyəti haqqında nümayəndə heyətinə ətraflı məlumat verilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.