Yaşar Cəfərli: "Yüksək səviyyələrdə görüş keçiriləndə, prezidentlər müzakirələr aparanda atəşkəsin
pozulma halları daha da şiddətlənir"
Zərdüşt Əlizadə: "O, tərəfdən AşotNiyə?un, bu tərəfdən Məmmədin kefi kök olanda..."
.jpg)
Son bir ildə Dağlıq Qarabağda atəşkəsin pozulması artıq adət halını alıb. Yeni il başlayandan bəri, demək olar ki, hər gün cəbhə xəttində güllə səsləri eşidilir. Ermənistan tərəfi Ağdamın işğal olunmuş kəndlərində hərbi təlimləri davam etdirir. Bu arada ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı tərəflərlə aparılan görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib.
O bildirib ki, tərəflər Dağlıq Qarabağ münaqişəsilə bağlı yekun rəyə gəlməyə çox yaxındır. Maraqlıdır, bir tərəfdən həmsədr irəliləyişin hiss olunduğunu deyir, digər tərəfdən isə atəşkəs pozulur. Cəbhə bölgəsində atəşkəsin pozulması ilə münaqişənin həlli istiqamətində aparılan danışıqlar arasında hansısa əlaqələrin olması mümkündürmü?
Bu sualla müraciət etdiyimiz Ehtiyatda və İstefada Olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli qeyd etdi ki, əslində atəşkəs hər gün pozulur: "Apardığımız araşdırmalar, müşahidələr göstərir ki, Dağlıq Qarabağda atəşkəsin pozulması heç vaxt dayandırılmır. Atışma həmişə olub. Atəşkəsin pozulmasında hər iki tərəf iştirak edir.
Atəşkəs elan olunandan bu günə hər iki tərəfdən 10 minə yaxın şəxs həlak olub. Bu faktın özü atəşkəsin formal bir şey olduğunu göstərir".
Y.Cəfərli bildirdi ki, münaqişənin həllilə bağlı yüksək səviyyələrdə görüş keçiriləndə, prezidentlər müzakirələr aparanda atəşkəsin pozulması halları daha da şiddətlənir. Bu hal, həmçinin, ATƏT-in Monitorinq Qrupunun regiona səfəri zamanı da özünü göstərir: "Qış aylarını çıxmaq şərtilə, elə bir gün yoxdur ki, atəşkəs pozulmasın. Xüsusilə, Ermənistan tərəfi müəyyən yüksəklikləri ələ keçirmək üçün hücuma keçir. Yazda həm təbiətin oyanması, həm də qanın qaynaması ilə əlaqədər olaraq atəşkəsin pozulması intensivləşəcək. Hər iki tərəf öz mövqeyini qorumaq üçün atəşkəsi pozur".
Y.Cəfərlinin sözlərinə görə, atəşkəs, əsasən məqsədli şəkildə pozulur: "Mümkündür ki, aparılan danışıqlara təsir etmək üçün belə addımlara əl atılır".
Politoloq Zərdüşt Əlizadə isə atəşkəsin pozulmasının danışıqlarla əlaqəli olmasını inandırıcı saymır: "Atışma, güllə səsləri, əsgər ölümü bizə vahiməli görünsə də, hərbçilər buna öyrəşib və bunu özlərinin gündəlik həyat tərzi kimi qəbul edirlər. O tərəfdən Aşotun, bu tərəfdən Məmmədin kefi kök olan kimi bir-birilə avtomatla zarafatlaşırlar. Bir saatdan sonra hər iki ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatlar yayır ki, qarşı tərəf yenə də atəşkəsi pozub, cavab atəşilə düşmən susdurulub, itgi yoxdur və s. Bizim yalançı vətənpərvərlər də burada qışqırırlar ki, vay, ermənilər bizi sakit oturmağa qoymur, bizi öldürmək istəyir.
Müşahidələr isə göstərir ki, atəşkəs rejimini hər iki tərəf eyni qaydada, eyni sayda pozur. Əsgərlərin tələf olması yolverilməzdir. Həftə ərzində güllə yarasından 2-3 əsgərimiz tələf olursa, xəstəlikdən, intihardan, işgəncədən həlak olan əsgərlərimizin saya daha çoxdur. Yaxşı olardı ki, Müdafiə Nazirliyi orduya ayırdığı vəsaitə nəzarəti artırsın, milli ordunun müdafiə qabiliyyətini gücləndirsin ki, ölüm halları da olmasın".