.jpg)
Biz çalışmalıyıq ki, Azərbaycan xalqına qarşı soyqırımda iştirak etmiş cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunsun. Əminəm ki, o gün gələcək və Azərbaycan xalqının qanına əli batmış bütün cinayətkarlar, bütün quldurlar cəzasını alacaq.
Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı yaddaşımızdan heç vaxt silinməyəcək. İnsanlığa qarşı o qanlı cinayət artıq bütün dünya tərəfindən tanınır və bizim səylərimiz, Azərbaycan dövlətinin, ictimai təşkilatların, diaspor təşkilatlarının, gənclərin, xaricdə yaşayan tələbələrin səyləri nəticəsində artıq bütün dünya bunu bilir, bunu şənbə günü Prezident İlham Əliyev Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələrilə görüşündə çıxışı zamanı bildirib, AzərTAc dövlət agentliyi məlumat yayıb.
"Baxmayaraq ki, müharibənin ilk illərində erməni təbliğatı bu məsələni ört-basdır etmək üçün böyük səylər göstərmiş və deyə bilərəm ki, müəyyən uğurlar da əldə etmişdi. Bizim təbliğat imkanlarımız çox məhdud idi. Erməni diasporu və onların dünyadakı havadarları tarixi həqiqəti təhrif etməklə, demək olar ki, Xocalı həqiqətlərini gizlətmişdilər. Ancaq bu gün bütün dünya bilir və dünyanın müxtəlif yerlərində yüksək səviyyədə keçirilən tədbirlər və o tədbirlərdə müxtəlif ölkələrin dövlət, hökumət və ictimaiyyət nümayəndələrinin iştirakı onu göstərir ki, artıq biz bu faciə ilə bağlı bütün həqiqətləri dünya birliyinə çatdıra bilmişik" İlham Əliyev deyib. Dövlət başçısı deyib ki, bu hələ işin birinci mərhələsidir. "O ki qaldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycan öz səylərini davam etdirəcək. Biz çalışırıq və çalışmalıyıq, ölkəmizi hərtərəfli inkişaf etdirək, gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq müstəvidə buna nail ola bilmişik" İlham Əliyev nitqində əlavə edib.
Prezident bildirib ki, beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunmasını təsdiqləyir.