.jpg)
"Reket qəzetlər"ə qarşı mübarizədə ciddi uğurlar qazanmış Azərbaycan Mətbuat Şurası cəmiyyətin və jurnalistikanın inkişafını ləngidən, nüfuzunu korlayan mətbu orqanlara qarşı barışmaz mövqe tutub. Təxminən bir il ərzində 94 mətbu orqanın adının "qara siyahı"ya salınması və onların əksəriyyətinin fəaliyyətinə son qoyulması Şuranın nailiyyətlərindən sayılsa da, bu proses heç də asan başa gəlməyib.
Barəsində şikayətlər olan mətbu orqanlar adlarının siyahıya salınmaması üçün Mətbuat Şurasının sədrinə, İdarə Heyətinin üzvlərinə bütün istiqamətlər üzrə təsir göstərməyə çalışıblar. Xahişlər, hədələr, şantaj və s. üsullardan istifadə edərək, özlərini "təmiz"ə çıxarmaq istəyən "reket" baş redaktorların fəaliyyəti "qəzetçilik"lə məhdudlaşmır. Onlar həm də cəmiyyət üçün təhlükəlidir.
Məlumatlara görə, "reket" baş redaktorlardan birinin əxlaqsızlıq yuvasına çevrilmiş saunası, kafesi var. Ayrı-ayrı biznes qurumlarının, idarələrinin media üzrə "vəkili" qismində çıxış edən belələri redaksiya daxilində də jurnalistikanın prinsiplərinə zidd, heç bir etikaya sığmayan işlərlə məşğul olur.
"Reket qəzetlər"dən birinin əməkdaşı bizimlə söhbətində təmsil etdiyi baş redaktorunun qeyri-etik hərəkətləri barədə bunları dedi: "Baş redaktor müxbirlərin yazdığı bütün məqalələrdən şübhələnir. Necə deyərlər, hər şeyi öz arşını ilə ölçür. Arif Hacılı, Əvəz Temirxandan götürdüyümüz açıqlamalardan belə şübhələnir. Guya biz açıqlamaya, müsahibəyə görə Arif Hacılıdan, Əvəz Temirxandan pul almışıq. Bu adamlar heç vaxt ciddi qəzetlərdə işləməyiblər, müxbir olmayıblar. Partiya funksionerləri pul xərcləyən olsaydılar, indi gündəlik qəzetdə işləyən hər bir müxbirin evi, maşını olardı. Ən pisi isə odur ki, baş redaktorumuz bizim redaksiyada telefon danışıqlarımıza qulaq asır. Buna görə də evdəkilərlə, dost-tanışlarla mobil telefonla danışmalı oluruq. Mən ilk dəfə burada görmüşəm ki, baş redaktor hansısa bir idarədən, xəstəxanadan reportaj hazırlasın, o da aşağı səviyyədə olsun".
"Reket qəzet"in əməkdaşı "baş redaktor"u haqqında daha ilginc məqamları açıqladı: "Onun bütün fəaliyyəti haqqında məlumatımız var idi. Amma vicdan, namus məsələsində bu qədər "ürəyiaçıq" olduğunu bilmirdik. Bir gün baş redaktor mənə hansısa rayon idarə müdiri haqqında təhqiramiz məqalə yazmağı tapşırdı. Məqsədi aydın idi. İstəyirdi ki, yazıdan sonra maliyyə idarəsinin müdiri onunla görüşüb pul versin. İki gün sonra baş redaktor mənə dedi ki, maliyyə idarəsinin müdiri zəng edib, onunla danışım. Danışığımıza baş redaktor da qulaq asırdı. Müdir açıq şəkildə, ən pis sözlərlə baş redaktorumu söyürdü. Baş redaktor bütün bunları eşitsə də, susurdu. Bundan sonra artıq onun şəxsiyyəti barədə məndə müəyyən şübhələr oyandı".
Onu da bildirək ki, "reket" baş redaktorların əksəriyyəti kompüterdə işləməyi, yazı yazmağı bacarmır. Belələri istedadlı jurnalistlərin ağır sosial vəziyyətindən istifadə edərək sifarişlə yazılar yazdırır. Yaxşı evi-eşiyi, bahalı maşınları, biznes obyektləri, kafe-restoranları olan belələri isə təkcə jurnalistikamız üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.