.jpg)
ABŞ-ın Pensilvaniya ştatından olan konqresmen Bill Şuster, Texas ştatından olan konqresmen Solomon Ortiz və Nyu York ştatından olan konqresmen Maykl Mak-Mehan Xocalı faciəsinin ildönümü ilə əlaqədar nümayəndələr Palatasında çıxış edib.
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, konqresmen Bill Şuster qeyd edib ki, 1992-ci ilin fevral ayının 26-da Azərbaycanın Xocalı şəhərində baş vermiş faciə nəticəsində şəhər və şəhərin sakinləri tamamilə məhv edilib. Həmin vaxt bu faciə haqqında Amerikanın "Boston Globe", "Washington Post", "New York Times", "Financial Times", Avropa və Rusiyanın KİV-də geniş məlumat verilib. "Bu faciədən 18 il keçəndən sonra dünya ictimaiyyəti Xocalı məsələsinə çox az diqqət yetirir" - deyə o vurğulayıb. B.Şuster Xocalı haqda danışaraq, bu şəhərin qısa coğrafiyasını və faciənin tarixini xatırladıb. "Azərbaycan şəhəri olan Xocalı bu gün Ermənistanın işğalı altındadır. Xocalı şəhəri, 7.000 nəfərdən ibarət əhalisinin əksəriyyətini etnik azərbaycanlılar təşkil etməklə yanaşı, Dağlıq Qarabağ bölgəsinin ən böyük şəhəri hesab olunurdu. Xocalı qırğınını etnik ermənilərin silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi vasitəsilə törədib" - deyə konqresmen əlavə edib.
Azərbaycanın Amerikanın strateji tərəfdaşı və dostu olduğunu qeyd edən B.Şuster bütün həmkarlarını bəşəriyyətə qarşı cinayət olan Xocalı qırğınının qurbanlarını yad etməyə çağırıb.
Konqresmen Solomon Ortiz öz çıxışında qeyd edib ki, ermənilər Xocalıya hücum etməzdən əvvəl şəhəri bir müddət su və elektrik təchizatını kəsərək blokada da saxlayıblar. Şəhərə quru ilə nəqliyyat vasitələri gedib-gəlməyib. Ermənilər dinc əhaliyə şəhəri tərk etmək üçün dəhliz açacaqlarını desələr də, faciə axşamı həmin dəhliz vasitəsilə şəhəri Ağdam istiqamətində tərk edən insanlar ermənilərin vəhşi hücumuna məruz qalıb. Nəticədə 613 dinc sakin öldürülüb, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca insanlar olub. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 insan yaralanıb, 1275 insan isə əsir götürülüb. Konqresmen Maykl Mak-Mehan öz həmkarlarının çıxışlarına dəstək olaraq Xocalı faciəsinin dəhşətləri haqqında danışıb. O, xüsusilə ermənilər tərəfindən dinc əhaliyə qarşı törədilən vəhşilikləri qeyd edib.