Azərbaycanın bütün hərbi obyektlərinin şəkilləri İnternetdə...
Rəşid Hacılı: "İnternet qlobusundakı görüntüləri hərbi sirrin yayılması kimi qiymətləndirmək olmaz"
.jpg)
"www.milkafkaz.net" saytında Azərbaycanın hərbi hava bazalarının Kosmosdan çəkilmiş şəkillərinin yerləşdirilməsi mətbuatda hərbi sirrin yayılması kimi izah edilir.
Saytda, həmçinin, hərbi hava qüvvələrinin aeredromlarının Kosmosdan çəkilmiş fotoşəkilləri də yerləşdirilib. Fotoşəkillərdə aeredromlarda təyyarələrin özü, bazalar, uçuş zolaqları açıq-aşkar göstərilib. "Milaz" İnformasiya Agentliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin bütün bazalarında neçə qırıcının saxlanıldığını fotoşəkillərlə verib.
Hər iki sayt fotoşəkilləri "Google" saytından götürdüyünü qeyd edir. Qeyd edək ki, "Google" saytı "www.mars.google.com" saytını 2007-ci ildən başlayaraq İnternet istifadəçilərinin ixtiyarına verib. Həmin saytda dünyanın əksər yerlərinə virtual səyahət etmək olar. Hərbi bazalar, aeredromlar, döyüş bölgələri, hətta səngərlər belə İnternetdəki qlobusda göstərilir.
İnternet qlobusunda Azərbaycan və Ermənistanın da hərbi obyektləri yerləşdirilib. Mətbuatda qeyd olunub ki, Azərbaycanla bağlı fotolar Rusiya xüsusi xidmət orqanlarının sifarişilə çəkilərək saytda yerləşdirilib.
Müharibə şəraitində olan bir ölkənin hərbi obyektlərinin fotolarının İnternet qlobusunda yerləşdirilməsi ölkəmizə qarşı təzyiq kimi də qiymətləndirilir. Media Hüququ İnstitunun rəhbəri Rəşid Hacılının fikrincə, İnternet qlobusundakı görüntüləri hərbi sirrin yayılması kimi qiymətləndirmək olmaz. Çünki həmin şəkillər Azərbaycan hökumətinin razılığı ilə çəkilib: "Kosmosdan Azərbaycandakı hərbi obyektləri çəkmək mümkündürsə, deməli bu artıq sirr deyil. Çünki əksər inkişaf etmiş ölkənin Kosmosda güclü peykləri var".
R.Hacılı həmçinin qeyd etdi ki, hansısa mətbu orqan İnternetdəki dislokasiyanı öz səhifələrində dərc etsə, ona qarşı heç bir iddia qaldırıla bilməz: "Google" da məlumatları hansısa mənbədən götürüb. İlkin mənbəni axtarmaq lazımdır. Məncə, bu işlə hökumət qurumları məşğul olmalıdır. Yəqin ki, aidiyyəti qurumlar məsələdən xəbərdardır. Bu vaxta qədər hansısa tədbir görülməyibsə, deməli burada təhlükəli məqam yoxdur". Ekspertlər isə bildirir ki, hərbi obyektlərin fotoşəkilləri "Milaz" saytında 2008-ci ildə yerləşdirilib. Rusiya xüsusi xidmət orqanları tərəfindən aparılan bu çəkiliş müharibə şəraitində olan bir ölkə üçün təhdiddir.
İnternet qlobusunda bu cür şəkillərin yerləşdirilməsinə İran, Pakistan, Hindistan, Çin kimi ölkələr etiraz edib. Ekspertlər hesab edir ki, Azərbaycan kəşfiyyət orqanları məsələni araşdırmalı və lazımi tədbirlər görməlidir.
Ola bilsin ki, bütün bunlar Azərbaycan tərəfilə razılaşdırılıb. Yüksək səviyyədə razılıq olmadan hansısa saytın belə çəkilişlər aparması inandırıcı görünmür. O üzdən hərbi ekspertlər düşünür ki, internet qlobusunda Azərbaycan hərbi obyektlərinin fotolarının yerləşdirilməsi də, ola bilsin, təbliğat məqsədi daşıyır.