Tahir Kərimli prezidenti müdafiə edən partiyaların birliyinə qoşulmağa hazırdır
.jpg)
Ölkənin siyasi səhnəsində yer alan qüvvələrin parlament seçkiləri ərəfəsində nümayiş etdirəcəyi mövqe, yaradacağı mümkün birliklərin konturları artıq indidən özünü büruzə verməkdədir. Proseslərin real mənzərəsi göstərir ki, əvvəlki seçkilərlə müqayisədə bu dəfə müxalifətin daha zəif mövqe sahibi kimi seçkilərə qatılma ehtimalı artmaqdadır.
Bunu isə iki vacib faktor şərtləndirir. Əvvəla, müxalifət qüvvələri, göstərdiyi bütün təşəbbüs və cəhdlərə rəğmən, hələ də öz aralarında hər hansı birlik, blok formalaşdıra bilməyib. Əksinə, qarşılıqlı ittihamlar fonunda müxalifət qüvvələrinin bir-birindən ayrılma prosesi daha da sürətlənir. Bu isə, öz növbəsində, müxalifətdə təmsil olunan qüvvələrin ayrı-ayrılıqda seçkilərə qatılmaq məcburiyyətində olmasını şərtləndirir.
Digər önəmli faktor isə ötən illər ərzində müxalifətin elektorat baxımından daim itikilərə məruz qalmasıdır. Son illərdə müxalifətin bir dəfə olsun yaddaqalan mitinq keçirə bilməməsi bu düşərgənin eloktoratının indi çox az sayda insanlardan ibarət olduğunu təsdiq edir. Bütün bunlar onu göstərir ki, indi parçalanmış müxalifət elə parçalanmış azsaylı eleoktoratla da seçkilərə qatılır. Belə vəziyyət, təbii olaraq, seçkilərdə müxalifətə hər hansı uğur vəd etmir. Bu səbəbdən istisna olunmur ki, növbəti parlament seçkilərində müxalifətin üzləşdiyi məğlubiyyətin miqyası ötən dövrlərlə müqayisədə daha böyük olacaq.
Hakim düşərgədə hadisələr isə tamam fərqli prizmada cərəyan edir. Bu gün mövqelərini daha da gücləndirən, eyni zamanda eloktoratını əhəmiyyətli dərəcədə artıran, üzvlərinin sayını yarım milyona çatdıran hakim Yeni Azərbaycan Partiyası (YAP), müxalifətdən fərqli olaraq, təşəbbüs göstərəcəyi təqdirdə onun siyasətini dəstəkləyən partiyaların, təşkilatların və digər qüvvələrin böyük koalisiyasını da yaratmaq iqtidarındadır. Sadəcə, YAP-ın belə bir təşəbbüslə çıxış etməsi sözügedən koalisiyanın formalaşması üçün yetərlidir. Düzdür, hakim partiyanın belə bir birliyin yaranmasına hər hansı ehtiyacı yoxdur. Buna rəğmən, iqtidarın siyasətini dəstəkləyən qüvvələr seçkilər ərəfəsində YAP-ın birlik yaranması təşəbbüsü ilə çıxış etməsində maraqlı olduqlarını gizlətmir.
Lakin qeyd olunduğu kimi, bunun üçün təşəbbüsün YAP-dan gəlməsi iqtidarmeylli qüvvələr üçün başlıca şərtdir. Vəhdət Partiyasının sədri Tahir Kərimli bununla bağlı "Həftə içi" qəzetinə müsahibəsində qeyd edir: "Bildiyiniz kimi, Vəhdət Partiyası İlham Əliyevin siyasi strategiyasını dəstəkləyir. Bu strategiyanın daha da irəliyə aparılması, inkişaf etdirilməsinin də başında Yeni Azərbaycan Partiyası (YAP) dayanır. YAP seçkiyə hər hansı müttəfiq partiya ilə deyil, müstəqil qatılacaqsa, o zaman Vəhdət Partiyası da seçkiyə müstəqil qatılmaq fikrindədir. YAP-ın təşkilatçılığı ilə prezidenti müdafiə edən partiyaların birliyi yaransa, biz ora məmnuniyyətlə qoşularıq. Belə bir hal olmadığına görə hələlik seçkiyə müstəqil qatılmaq fikrindəyik".
Qeyd edək ki, bundan əvvəl sözügedən məsələ ilə bağlı "milli.az" portalına müsahibəsində də Vəhdət Partiyasının sədri maraqlı fikirlər səsləndirib: "Əməkdaşlıq haqqında Vəhdət Partiyası Baş Məclisinin qərarı var. Bu qərar Prezident İlham Əliyevin strategiyasını birmənalı şəkildə müdafiə etməkdən ibarətdir. Vəhdət Partiyası hesab edir ki, İlham Əliyevin alternativi yoxdur. İstər iqtidar, istərsə də müxalifətdən kimsə başqası prezident olarsa, Azərbaycanı xarici ölkələr diri-diri yeyəcək. Biz İlham Əliyevi şəxsi istəklərə görə deyil, zəruri səbəblərə görə dəstəkləyirik. İlham Əliyev sabitliyin qarantıdır. Ona görə də YAP-la münasibətlərimizi tənzimləməyə çalışırıq. Amma hələlik bu qarşılıqlı deyil".
Bununla yanaşı, cənab Kərimli müxalifətdə birlik məsələsinə də kifayət qədər pessimist mövqedən yanaşır: "Müxalifətdə baş verənləri dəqiqliyilə izləyirəm. Amma hansısa yenilik görmürəm. Əksinə, münasibətlərin daha da dramatikləşdiyinin şahidiyəm. Hesab edirəm ki, müxalifət silkələnib özünə gəlməlidir... Əks təqdirdə qarşıdakı seçkilərdə daha da ağır zərbə alacaq".
Onun sözlərinə görə, bu günlərdə Müsavat başqanının səsləndirdiyi fikirlərdən sonra Lalə Şövkətin onun liderliyini qəbul etməsi qeyri-mümkündür: "Keçmişdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli İsa Qəmbərin liderliyini qəbul etmirdi, amma Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov qəbul edirdi. Müəyyən bir ittifaqları da yaradılmışdı. Ancaq bu gün fərqlidir - AXCP sədri İsa Qəmbərin liderliyini, onunla bir yerdə olmağı daha çox istəyir. Hazırda bunlar, qarşıdan seçkilərin gəlməsinə baxmayaraq, bir-birini ittihamlayır, hətta məhkəməyə də müraciət ediblər. Hətta bu gün irəli sürdükləri ittihamların girovuna çevriliblər".