ABŞ-Koreya düşmənçiliyinə son qoyula bilər
Şimali Koreyanın nüvə problemilə bağlı altıtərəfli danışıqlar bərpa olunarsa, ABŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə sülh sazişinin imzalanmasına dair danışıqlara başlamağa hazırdır.
APA-nın INTERFAX-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidentinin KXDR üzrə xüsusi nümayəndəsi Stiven Bosvort bildirib.
Cənubi Koreyada nəşr olunan "Korea Times" qəzetinin məlumatına görə, amerikalı diplomat qeyd edib ki, Vaşinqton Pxenyanla geniş spektrli məsələlər üzrə ikitərəfli danışıqlara hazırdır.
"Müzakirə olunacaq məsələlər arasında ən vacibi denuklearizasiya ilə bağlı məsələdir. Lakin biz etiraf edirik ki, sülh sazişi, diplomatik münasibətlərin qurulması, habelə iqtisadi əməkdaşlıq və Şimali Koreyaya energetika sahəsində yardım məsələlərinə dair danışıqlara başlamaq vacibdir" - deyə o bildirib.