Qadir İbrahimli: "İstək olsa, POS terminalların regionlarda quraşdırılmasında heç bir problem olmayacaq"
Yaşar Əsədov: "Həmin pulları, hələlik, praktiki olaraq rəsmi dövriyyəyə daxil etmək mümkün deyil. Bu mümkün olsa, o zaman regionlarda da POS terminalların sayı xeyli artacaq"
.jpg)
Dünyanın, demək olar ki, bütün inkişaf etmiş ölkələrində dükanlarda, iri ticarət mərkəzlərində, xidmət sektorunda müştərilər ödənişləri plastik kartlar vasitəsilə həyata keçirir. Bunun üçün də sözügedən obyektlərdə POS terminallar quraşdırılıb. POS terminalların bir sıra üstünlükləri var. Belə ki, nağdsız əməliyyatlar aparılarkən inkassator xidmətlərinə ehtiyac əhəmiyyətli dərəcədə azalır.
Bununla belə, nağdsız əməliyyatlar kassirlərin işini azaldır və səhv hesablamaların qarşısını alır. Bu xidmətin başlıca faydası ondan ibarətdir ki, ticarət və digər xidmət sahələrinin vergidən yayınmasının qarşısı alınır. Nəticədə bundan həm dövlət büdcəsi qazanır, həm də cəmiyyət faydalanır.
Azərbaycanda da POS terminalların quraşdırılması bir neçə ildir ən aktual və müzakirə olunan məsələlərdən biri olsa da, təəssüf ki, hələlik bu sahədə arzuolunan nəticə ortada yoxdur. Məsələ ondadır ki, Mərkəzi Bankın verdiyi məlumata görə, Azərbaycanda yalnız 32 bank POS terminal quraşdırmağa üstünlük verir. Yerdə qalan digər 14 bank isə, ümumiyyətlə, belə xidmət göstərmir. Ümumilikdə ölkə ərazisində 8657 POS terminal quraşdırılıb ki, bunların da 91 faizi paytaxt Bakının payına düşür. POS terminalların yalnız 9 faizi regionlarda quraşdırılıb. Ötən ilin dekabrında 44 POS terminal quraşdırılıb ki, bunların da hamısı Bakının payına düşüb. Necə etmək lazımdır ki, regionlarda POS terminalların quraşdırılma faizi yüksək olsun? Ümumilikdə POS terminallarla bağlı öyrəndiyimiz ekspert rəyləri fərqli oldu.
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov hesab edir ki, POS terminalların genişləndirilməsi və özünü doğrultması üçün gəlirlər deklarasiya olunmalıdır: "Ona görə də Azərbaycanda bu sahədə yaxın illərdə hansısa ciddi irəliləyişlərin baş verəcəyi real görünmür. Çünki ölkədə kifayət qədər böyük həcmdə qeyri-leqal pul dövriyyəsi var. Sözügedən pul kütləsinin leqallaşdırılmasına ehtiyac var. Həmin pulları, hələlik, praktiki olaraq rəsmi dövriyyəyə daxil etmək mümkün deyil. Bu mümkün olsa, o zaman regionlarda da POS terminalların sayı xeyli artacaq. Məlumat üçün onu da qeyd edim ki, rəsmi dövriyyəyə daxil olan pul kütləsi ölkədə infilyasiya risqlərini xeyli artırır. Həmçinin, pulun alıcılıq qabiliyyəti aşağı düşür və qiymətlər qalxır. Mənə elə gəlir ki, dövriyyədə olan həmin pullara amnistiya verilsə, o zaman POS terminallardan istifadə və onların quraşdırılması arta bilər".
Müstəqil iqtisadçı-ekspert Qadir İbrahimlinin fikrincə, regionlarda POS terminalların geniş şəkildə quraşdırılması üçün Vergilər Nazirliyi ciddi səy göstərməlidir: "Bu məsələ birbaşa Vergilər Nazirliyinin funksiyalarına daxil olan məsələdir. Vergilər Nazirliyi işini elə qurmalıdır ki, POS terminallardan geniş istifadə olunsun. Onu da qeyd edim ki, POS terminalların quraşdırılması həm vergidən yayınmaların qarşısını alır, həm vətəndaşlardan alqı-satqı prosesini asanlaşdırır, həm də prosedur sadələşir və sair. Təbii, ticarət müəssisələri hər vasitə ilə müqavimət göstərəcək ki, POS terminallar quraşdırılmasın. Çünki POS terminallar quraşdırılmayanda, həmin ticarət obyektlərinin vergidən yayınma imkanları xeyli artır. Vergilər Nazirliyi də ona görə fəaliyyət göstərir ki, ölkədəki vergi potensialını tam və qanuni şəkildə vergiyə cəlb edə bilsin. Bunun yollarından biri də bütün ölkə üzrə POS terminalların quraşdırılmasından keçir. Bundan həm vətəndaşlar, həm də dövlət büdcəsi faydalana bilər. Regionlarda POS terminalların az quraşdırılması düşünmürəm ki, alıcı kütləsilə bağlıdır. Çünki vergi orqanları çox operativ işləyirlər və onların diqqətindən heç nə yayınmır.
Ona görə də çalışmaq lazımdır ki, POS terminallar quraşdırılması rayonlarda da həyata keçirilsin. İstək olsa, POS terminalların regionlarda quraşdırılmasında heç bir problem olmayacaq".