"İri apteklərlə kənddə bir budka formasında olan aptekin lisenziyası eyni ola bilməz"
Adil Qeybulla: "Aptek açmaq üçün tələb olunan 5500 manat dövlət rüsumu ölkədə müəyyən narahatlıq doğurur"
.jpg)
Bir neçə il bundan əvvəl ölkədə aptek açmaq bir növ ənənə halını alaraq geniş yayılmağa başladı. Kimin az-çox imkanı çatırdısa çalışırdı ki, aptek açsın. Ancaq bu, daha çox, özünü paytaxt Bakı şəhərində göstərirdi. Yəni 5500 manat dövlət rüsumu ödəyib lisenziya alandan sonra aptek açmaq elə də çətin olmurdu.
Son vaxtlar aptek işlətmək elə də "xodovoy" sayılmır desək, yanılmarıq. Çünki şəhərdə apteklərin sayı həddən ziyadə çoxdur. Özü də bu apteklərdə satılan dərmanların qiymətində də ciddi fərqlər var.
Rayonlarda isə aptek açmaq ümumiyyətlə sərfəli deyil. Məsələ ondadır ki, rayonlarda dərman alıcılarının sayı, paytaxta və digər iri şəhərlərə baxanda elə də çox olmur. Bu da təbiidir. Ancaq heç də o demək deyil ki, rayon mərkəzlərində və kəndlərdə apteklərə ehtiyac yoxdur. Var. Sadəcə olaraq, tələb olunan 5500 manatlıq birdəfəlik dövlət rüsumu rayonda aptek açmaq istəyənlər üçün kifayət qədər böyük rəqəmdir. Digər tərəfdən, rayonlarda fəaliyyət göstərən apteklər şəhərdəki apteklər kimi çoxlu qazanc əldə etmək imkanında deyil. O zaman olmazmı ki, aptek açmaq üçün tələb olunan rüsum rayonlarda azaldılsın?
Məsələyə münasibət bildirən tibb elmləri doktoru, cərrah Adil Qeybulla sözügedən vahid rüsumun nəyə görə bütün ölkəyə eyni miqdarda şamil edilməsinin səbəblərinə aydınlıq gətirdi: "Bu rüsum əvvəl dövlət büdcəsinə az ödənilirdi və bu sahədə müəyyən rüşvət faktları var idi. Ona görə də ümumi olaraq dövlət büdcəsinə müəyyən rəqəmin ödənilməsindən ötrü Səhiyyə Nazirliyi tərəfindən belə bir qiymət müəyyən olundu. Ancaq o da danılmaz reallıqdır ki, ölkədəki bütün apteklər eyni rentabeldə işləyə bilməz. Bunun kənd yerində olanı var, dalan yerdə tikiləni var, gediş-gəlişin sıx olduğu yerdə fəaliyyət göstərəni var. Sözügedən apteklərin, yerləşmə yerindən asılı olaraq, rentabelliyi də müxtəlifdir. Ancaq bu rentabelliyi təyin etmək üçün bir meyar olmadığına görə, belə bir ümumi rəqəm təyin olunub. Lakin bütün bunlara baxmayaraq, aptek açmaq üçün tələb olunan 5500 manat dövlət rüsumu ölkədə müəyyən narahatlıq doğurur. Çünki bütün apteklər eyni gücdə işləmək imkanında deyil. Ona görə də, ola bilsin ki, apteklərlə bağlı müəyyən kriteriyalar müəyyən olunsun və bu kriteriyalara uyğun olaraq rüsumlar təyin edilsin. Məndə olan məlumatlara görə, artıq bu haqda fikirləşirlər. Yəni iri apteklərlə kənddə bir budka formasında olan aptekin lisenziyası eyni ola bilməz. Bu təbii bir məsələdir. Ümumiyyətlə, özəl sektora daha çox şərait yaradılması, texniki yardım edilməsi baxımından rüsumlara yenidən baxmaq lazımdır. İndiki böhran şəraitində həmin rüsumların miqdarının azaldılması məqsədəuyğundur. Azaldılarkən də aralarında fərqlər olmalıdır. Aptekin sahəsinə, yerləşdiyi yerə, əhali sayına görə və digər başqa meyarlara əsasən bu rüsum təyin edilməlidir".
A.Qeybullanın açıqlamasından belə məlum oldu ki, əvvəlki dövrlə müqayisədə aptek açanların sayı xeyli azalıb. O, bunun səbəblərini bir neçə amillərlə əlaqələndirdi: "Aptek açanların sayı xeyli azalıb. Əvvəlki templə aptek açan yoxdur. Çünki aptek əvvəlki kimi gəlir gətirə bilmir. Mövcud böhran amili də buna bu və ya digər dərəcədə təsir edir. Bununla belə, apteklərin fəaliyyətilə bağlı xeyli problemlər var. Bütün bunları insanlar nəzərə alır və təcrübə əsasında artıq buna xüsusi bir həvəs görünmür. Nəticədə aptek açmaq artan dinamika üzrə getmir. Digər tərəfdən, apteklərin açılması zamanı çalışmaq lazımdır ki, heç olmasa bu apteklər əhalinin sıxlığına görə tələbatı ödəyə bilsin. Bunun üçün bir xəritə olmalıdır və həmin xəritəyə uyğun olaraq apteklərin dislokasiya yerləri olmalıdır. Yəni əsas üstünlük insanların nisbətən sıx olduğu yerlərdəki apteklərə verilməlidir və eyni zamanda həmin apteklərə güzəştli şərtlərlə lisenziya verilməlidir. Bütün bunlar nəzərə alınsa, o zaman regionlarda aptek açmaqla bağlı problemlər azalacaq".