Pəhriz xəstələrini saxta "pəhriz" və "çovdar" çörəkləri ilə öldürənlər...
.jpg)
Xəbər verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi istehlakçılara üzərində istehsalçısı barədə məlumat olmayan "çovdar çörəyi"ni və "pəhriz çörəyi"ni almamağı tövsiyə edir. Belə ki, sözügedən nazirliyin mətbuat xidmətindən, mətbuata verilən məlumata görə, Badamdar qəsəbəsində yerləşən çörək sexində aparılan yoxlamalar zamanı sexin anbarında 1-ci növ buğda unu olduğu halda, bu undan bişirilmiş çörəyin "çovdar çörəyi" və "kəpəkli çörək" kimi markalanmaqla ticarət şəbəkəsinə buraxıldığı müəyyən edilib.
Əslinə baxanda, belə hallar təkcə Bakının bir çörək sexində deyil. Əksər sexlərdə analoji hal hökm sürür. Çünki 70 qəpiyə satılan qara çörəklərin bəlkə də tam əksəriyyəti qarışıq undan hazırlanır və müvafiq tələblərə cavab vermir. O da məlumdur ki, ümumilikdə Azərbaycanda xeyli sayda xəstə insan dieta saxlayır və sözügedən çörəklərdən istifadə etmək məcburiyyətindədir. Belə saxtakarlıqlardan sonra həmin insanlar nə etməlidir?
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, dövlət orqanlarının sözügedən məsələ ilə bağlı reydlər keçirməsi çox yaxşı haldır: "Ancaq xəstə istehlakçılar dietik çörəklərdən istifadə edərkən öz hüquqlarını qorumalıdır. Nədir həmin hüquqlar? "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda istehlakçıların, o cümlədən xəstələrin malın istənilən sənədlərini tələb etmək hüququ var. Həmçinin, gedib mala baxmaq, ekspertizaya vermək hüququ var. Digər tərəfdən, paketlənməmiş, buraxılma vaxtı üzərinə yazılmamış, üzərində ünvanı, telefonu yazılmayan malları almasınlar. İstehlakçılara tövsiyələrim yalnız bunlardan ibarətdir".
İqtisadçı-ekspert Cümşüd Nuriyevin fikrincə, istehlakçılar hər bir malın keyfiyyət sertifikatı ilə yanaşı, onun uyğunluq sertifikatını da yoxlamalıdır: "Yəni mal həmin standarta uyğundur, yoxsa uyğun deyil. Bundan başqa, Azərbaycanın həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində ekoloji cəhətdən təmiz olmayan məhsulu satana, yetişdirənə inzibati cəza düşür. Bunun miqyası böyükdürsə, o zaman cinayət məsuliyyətinə cəlb olunmalıdır. Deməyim odur ki, bu cür saxta çörək istehsalçılarına cinayət işi açılsa, onlar həbs olunsa, digərlərinə bu ciddi dərs olacaq. Həmin adamlar elə fikirləşir ki, onların ailə üzvləri həmin çörəyi alıb yemədiyinə görə istehsal etdiklərini başqalarına sırıya bilərlər. Müqayisə üçün qeyd edim ki, sözügedən "pəhriz çörəkləri" Moskvada bizim pulla 3-4 manatadır. Digər tərəfdən, Rusiyadan gətirilən diabetik çörəklərin keyfiyyətinə heç kəs zəmanət verə bilməz. Çünki bu çörəklərin hamısı yoxlanılmır. Gömrük orqanları onlardan yalnız müəyyən nümunələr götürə bilir. Ona görə də sözügedən çörəklərin eyni olmasına kimsə zəmanət verə bilməz. Bu isə artıq rəsmi qurumların işidir. Çünki Prezident İlham Əliyevin 2008-2015-ci illərdə Azərbaycanda ərzaq təhlükəsizliyilə bağlı sərəncamı var. Eyni zamanda, həmin dövlət proqramının icrasına nəzarətdə də Azərbaycanın mövcud orqanları məsuliyyət daşıyır. Birincisi, buna Kənd Təsərrüfatı Nazirliyi məsuliyyət daşıyır. Ancaq sözügedən nazirlik, hələ ki, bəyanat verməkdən o yana getmir. Burada heç kəsə ixtiyar verilmir ki, ötür-ötür oyunu ilə millətin taleyilə oynasın. Nazirliklər arasında arbitr rolunu oynayan Nazirlər Kabinetinin işi qənaətbəxş deyil".