Kəmalə Dünyamalıyeva: "Hamilə qadınlar bunlardan uzaq olsalar yaxşıdır"
Məlahət Quliyeva: "Kimyəvi maddə, milyonda bir qram da olsa qan vasitəsilə ana bətnindəki uşağa keçə bilər"
.jpg)
Qadınların böyük əksəriyyəti özünə baxmağı çox sevir, onlar fərqli görünmək üçün tez-tez qadın salonlarına gedir, dəblə geyinməyə çalışır. Elə qadın var ki, hər həftə, bəlkə də üç gündən bir saçının rəngini dəyişməsə narahat olur.
Bəzən qadınlar hamilə vaxtı da qadın salonlarının daimi müştəriləri sırasındakı yerlərini boşaltmır. Belə qadınlar, heç olmasa, hamiləlik müddətində iki-üç dəfə saç boyadır. Bəzi salonlarda "hamilə olmağının mənə nə dəxli var, pulumu versin" deyib, qadınların saçlarını kəsib rəngləyirlər. Elə saç ustaları da olur ki, hamilə qadına bu istiqamətdə xidmət göstərməkdən birmənalı olaraq boyun qaçırır.
Tez-tez eşidirik ki, saç boyası hamilə qadına böyük zərər vurur. Saç ustaları özləri də deyir ki, hamilə qadın ümumiyyətlə saçını boyamalı deyil. Onlar hesab edirlər ki, qədim dövrdən başlayaraq, hamilə qadına nə saç kəsmək icazəsi verilib, nə də saç boyamaq. Qadın salonlarında işləyən ustaların sözlərinə görə, bu günah sayılır. Ustalar bildirir ki, çox zaman hamilə vaxtı saçını boyayıb kəsdirən qadınlar doğuş prosesində çətinliklə üzləşir. Onlara görə, həm də ki, saç boyası qadının bətnindəki uşağa zərər verə bilər.
Yeri gəlmişkən, qəzetimizə yaxın şəxslərdən birinin dediyinə görə, o özü müşahidə edib ki, bir hamilə qadın saçlarını burdurmaq üçün ustaya müraciət edib, usta nə qədər çalışsa da onun saçlarını burmağa nail olma bilməyib, o qadının saçları yenə də əvvəlki vəziyyətində qalıb.
El inanclarına fikir versək görərik ki, orada da hamilə qadınlara saç kəsdirmək, qaş aldırmaq, saçı boyamaq qadağan edilir. İnanclarımızda deyilir ki, hamilə qadın saçlarını kəsirsə, gələcək övladının ömrünü kəsir. Bəzən görürsən ki, hansısa bir uşağın saçı qırmızımtıldır (buna kürən deyirlər). Bu halda yaşlı adamlar deyir ki, anası bu uşağa hamilə olanda saçlarını qırmızı boyayıbmış, bu da uşağa keçib.
Hamilə qadının saçını kəsdirib boyatdırması tibbi baxımdan nə dərəcədə doğrudur? Saç boyasının hamilə qadına zərər vurması ilə bağlı deyilənlər el inancıdır, mifdir, yoxsa həqiqət?
Ginekoloq həkimlərə müraciət etdik. Onlar bildirdilər ki, hamilə qadının saç boyamasının birbaşa bətnində daşıdığı uşağa ziyanı var. Saç kəsdirməyə gəlincə, onlar dedilər ki, bunun o qədər də zərəri yoxdur. Həkimlərə görə, ola bilsin, hamilə qadın saçını kəsdirdikdən sonra kimsə ona kənardan "niyə saçını kəsdirdin, bu uşağa ziyandır" desin, bu vəziyyətdə ana narahatlıq keçirə bilər, amma bu tibbi baxımdan qadağan edilmir.
Tanınmış ginekoloq Maya İsmayılova bizimlə söhbətində " yaxşı olardı ki, hamilə qadın 9 ay səbrini basıb, gələcək körpəsini sağlam şəkildə dünyaya gətirməyin qeydinə qalsın. Qadın hər zaman gözəl görünmək istəyir. Bu təbiidir. Amma hamilə qadının öz təbii gözəlliyini nə saç boyası, nə də əlavə kompanentlər əvəz edə bilər. Qadınlarımız hamilə vaxtı kimyəvi maddələrdən nə qədər uzaq dursalar, bir o qədər yaxşıdır"-deyə bildirdi.
Mir-Əsəddulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nəzdində fəaliyyət göstərən poliklinikanın ginekoloq-həkimi Məlahət Quliyevanın bildirdiyinə görə isə, hamilə qadına saç kəsdirmək tibbi baxımdan qadağan edilmir, amma saç rənglətməyə yasaq qoyulur":Bu nə mifdir, nə el inancıdır, tibbdə də hamilə qadına saç boyatmağı məsləhət görmürlər. Birincisi, saç boyası kimyəvi maddədir, o qadının özünə ziyan vura bilər. Digər tərəfdən isə, saç boyandığı zaman o kimyəvi maddə, milyonda bir qram da olsa, qan vasitəsilə ana bətnindəki uşağa keçə bilər. Bu ehtimal az da olsa var. Buna görə də, hamilə qadınlara bu kimi şeylər məsləhət görülmür. Amma onlar saçlarını istədikləri formada kəsdirə bilər. Bunun zərəri barədə tibbdə heç nə yoxdur".
Ginekoloq Kəmalə Dünyamalıyeva isə hamilə qadınlara, ümumiyyətlə, qadın salonlarının xidmətindən yararlanmağı məsləhət görmür. Onun sözlərinə görə, indi hepatit S və hepatit B geniş yayılıb, hamilə qadının hər an belə viruslara yoluxma ehtimalı var: "Biz heç bir xəstəmizə hamilə vaxtı nə saç kəsdirməyi, nə boyatmağı, nə manikür-pedikür etdirməyi məsləhət görürük. Bunların hər biri gələcək ana və onun körpəsi üçün böyük təhlükə deməkdir. Rəng qan vasitəsilə uşağa keçə, saç kəsdirmək uşağı narahat edə, əl və ayaq dırnaqlarını salonda qaydasına saldırmaq isə anaya təhlükəli viruslar qazandıra bilər. Odur ki, hamilə qadınlar bu şeylərdən uzaq dursa yaxşıdır".