.jpg)
Kəsrət çoxluq, vəhdət isə birlikdir. İnsanın bütün maddi-mənəvi dəyərlərinin hər biri sonsuz zərrələrdən ibarət olan bir aləmdir. Onun göz və qulaqları, əl və ayaqları, duyğu və hissləri, ruhu, qəlbi və vicdanı dəyərlər çoxluğudur. Bu kəsrət vahid mərkəzdən idarə olunmasa və kamil bir məxluqa xidmət etməsə, həmin çoxluq sadəcə lazımsız və faydasız bir kəmiyyət olar. Əgər həmin dəyərlər məcmusu orqanizmdə fəaliyyət göstərən ruh adlanan cövhərlə idarə olunarsa, bu zaman onlar insan adlanan mükəmməl və kamil bir vəhdətə-keyfiyyətə çevrilərlər.
Güc vəhdətdədir
Bir kitabın hər hansı hərfi də özünə görə bir varlığa sahibdir. Bununla o, həmin kitabı yazanı tanıtdırır. Hərflərin vəhdəti cümlə, cümlənin vəhdəti isə başqa isimlə yad edilir: Kitab. Sözsüz ki, həmin kitabın verdiyi feyz və xeyirdə o hərfin də, cümlənin də öz nəsibi, öz payı var. Deməli, çoxluq (hərf və cümlələr) olmasaydı vəhdət (kitab) də olmazdı. Göründüyü kimi, çoxluğa şərəf və izzət qazandıran vəhdətdir. Ağacın da hər üzvünün öz gözəlliyi var. Lakin ağacın kamil olması üçün həmin üzvlərin vəhdəti lazımdır. Səhradakı tək ağac da qol-budağı, yarpağı, çiçəyi və meyvəsilə kəsrətdə vəhdətdir. Lakin həmin kamil ağac bir varlıq olaraq tək olduğu üçün rüzgara qarşı acizdir. Ağacların kəsrəti sayılan meşə isə vəhdətdə olduğu üçün həm özünü, həm də hər bir ağacı qoruya bilir.
Deməli güc, müqavimət qaynağı vəhdətdədir
Təklikdə qalan bir "göz"ü, bir də insanda olan o gözün vəzifəsini müqayisə edək. İkinci halda bədənin hər bir üzvü ilə təmasda olan və bədəni tamamlayan göz: "alimin elminə, sənətkarın sənətinə, əsgərin silahına" xidmət edir. Digər tərəfdən, həmin göz bədəndəki hər bir orqan kimi, vəhdətdən şərəf qazanaraq kamala çatır. Bu qayda üzrə insandakı hər bir üzv və əzanın da tək halda qiyməti başqa, bədənlə birlikdə (vəhdətdə) isə tamam başqadır. Təbir caizsə, onlar bədənə cüz (hissə) olmaqla təsbihlərini (dualarını) külliləşdirir və ümumi işə qulluq edirlər. Bu zaman həmin cüzlər orucdan da, namazdan da, elm, iradə və cihaddan da şərəf duyurlar. Bir sözlə, onlar bir kəsrət kimi, ruhun əmrilə vəhdətdə olub tək bir isimlə tanınırlar ki, onun da adı Rəbbin şah əsəri İnsandır. Lakin yaradılış baxımından bir nəfərin özü bir aləm olsa da, 100, 1000 nəfərlik cəmiyyət o aləmlərdən təşəkkül tapan daha böyük bir aləmdir. Əgər həmin qurum vahid əqidə, iman, taktika və strategiya üzrə çalışmazsa, o, sadəcə qara camaat, vaxtilə "aynəbəndlərin altında çox, bayraqlar altında isə az olan" (həz Əli) Kufə camaatı kimi yaxşı işə yaramayan, nə etdiyini özü də bilməyən bir insan yığınını-kütləni xatırladar. Və onun nə özünü, nə də başqasını qorumağa gücü çatar. Əksinə, əgər həmin cəmiyyət vəhdətdə olarsa, bu zaman o, Rəbb və Peyğəmbər(ə) kəlamlarına sadiq bir ümmət kimi təşkilatlanmış, nə edəcəyini bilən saleh bir zümrəyə çevrilər. Vəhdətdə olan bu camaatın iman, elm, iradə əndişəsi də olmaz. Zira "güc çoxluqda yox, birlikdədir, vəhdətdədir" deyiblər.
Haşiyə: Musa(ə)-dən-təxminən b.e.ə. 1000-ildən başlayan yəhudi tarixi sübut edir ki, bu millətin sayı heç vaxt 15-17 milyondan artıq olmayıb. Fəqət bununla yanaşı heç bir millət, xalq yəhudi ümməti kimi vəhdətdə də olmayıb. Firondan Hitlerə qədər gecən 3000 min il ərzində Şeytan xislətli neçə-neçə hökmdar bu millətə çoxlu soyqırım edib. Sayları azalıb, yandırılıb, edam və sürgün edilib, işgəncələrlə öldürülüb və digər əzablara məruz qalıblar. Lakin həmişə vəhdətdə olublar və az sayları ilə dünya elminə, mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına önəmli təsir ediblər və indi də edirlər. Çünki həmişə bir-vəhdətdə olublar və indi də vəhdətdədirlər.
"Təvhid və vəhdətdə cəmali İlahi və kəlami Rəbbani təzahür edər"
Şübhəsiz ki, Allahın Şəfi (şəfa edən), Rəzzaq (ruzi verən) və Hadi (hidayətə qovuşduran) isimlərinin təcəlliləri olan şəfa, ruzi və hidayətin bir adama verilməsi həmin bəndə üçün böyük ehsandır. Lakin bu nemətlərin bir cəmiyyətə və ya bütöv millətə ehsan edilməsi isə bir fərdə verilən nemətdən daha xeyirlidir. Səmanı bir kitab, bəşəri kamil bir insan, təbiəti ilahi bir müəssisə kimi dəyərləndirə bilsək, aydın olar ki, sözügedən üç aləmin vəhdətindən alınan feyz, mərifət, ibrət və elm bu kitabın hərf və cümlələrindən, o kamil insanın ayrı-ayrı orqanlarından, həmin müəssisənin dəzgah və alətlərindən alınan feyz və mərifətdən daha mükəmməldir.
Üç ədəd "1" rəqəmi ayrı-ayrılıqda "üç" sayını verirsə, həmin rəqəmlər yan-yana yazıldıqda "111" olur. İndi bu say əyləncəsini qaranlıqda əlində məşəl tutan bir nəfərin gətirdiyi işığı 11 və ya 111 nəfərin məşəllərinin verdiyi işıqla müqayisə edək. Sonra da bu adamların qüvvə, elm və imanlarının müştərəkliyini, bu müştərəkliyin vahid məfkurəyə xidmət etməsini təsəvvür etsək, aydın olar ki, həmin vəhdət tək bir adamın qabiliyyətindən qat-qat üstündür. Elə hər bir xalqı digərindən üstün edən də, məhz onların kəmiyyətdən keyfiyyətə, çoxluqdan vəhdətə nail olmasıdır. Vəhdətdə olan cəmiyyətin hər bir üzvünün mələk siması, şəfqət, mərhəmət və nurlu təbəssümü, iradə, əzm və elmi qarşısında Şeytan da, nəfs də acizdir.
Cəmiyyət və millətin intibahı vəhdətdədir
Yaradılış baxımından insan ictimai bir varlıqdır. Allah insanı cəmiyyət içində yaşamaq üçün yaradıb. İnsan maddi və mənəvi tərəfilə özünü ancaq cəmiyyət içərisində yaşamaqla qoruya bilir. Başqa sözlə, insan toplum halında yaşamağa məhkumdur. Bu məsələyə xüsusi önəm verən Rəbb təkbaşına namaz qılan möminə "Ancaq Sənə ibadət edirəm və ancaq Səndən kömək diləyirəm" yox, ona bütün İslam cəmiyyəti adından danışmağı tövsiyə edərək buyurur: "Ancaq Sənə ibadət edirik və ancaq Səndən kömək diləyirik" (Fətiha 4). Əslində, bu kəlamla hər bir müsəlman özünü təşkilatlanmış İslam ümmətinin üzvü, vəhdətdə olan kəsrətin ayrılmaz hissəsi hesab edir. Göründüyü kimi, məlum Quran ayəsində hər bir möminə gündəlik şəxsi işlərindən ibadətlərinə qədər bütün məsələlərdə vəhdətdə olması aşılanır. Çünki yaradılış, qəzavu-qədər, tale, hətta xoşbəxtlik hələ heç kəsi o səviyyəyə qaldırmayıb ki, o, birliyə, vəhdətə ehtiyac hiss etməsin. Peyğəmbər (ə) buyurub: "Müsəlmanları bir-birindən ayıranlar, onları tayfalara bölənlər lənətlənmişlər".
Üç adam camaatdır
İnsan tək yaşamaqdan qaçmalıdır. İki adam da camaat deyil. Çünki onlar aralarında razılığa gəlib, pis əməllər də edə bilərlər. Lakin üç nəfərin bu işi etmə ehtimalı çox azdır. "İki adam şeytandandır. 3 adam isə camaatdır" Peyğəmbər(ə) kəlamıdır. Tək insan "Atlant, Zevs", istənilən nağıl qəhrəmanı olsa belə, şəxsi düha, güc və mədəniyyəti, hətta kəşf və kəramətlərilə də təkbaşına əsrimizin bəla, müsibət, zəlalət və günahları qarşısında yaşaya bilməz. O, Robinzon Kruzo kimi "sürüdən" ayrı qaldığı üçün hər zaman "qurdlara" yem ola bilər. Ayaqlarını cəmiyyət zəmisinə basmayan insan, ayaqlar altında bir yarpaq və ya saman çöpü olar. Həmin səbəbdən, Peyğəmbər(ə) buyurub, "Tək yaşayan Şeytandır".
Həz.Peyğəmbərin kəlamına görə, "Allahın rəhməti insanların çoxluğundadır". Camaatın başı üzərində dolaşan bir bulud, altında olan hər kəsə rəhmət yağdırar. Lakin bir nəfərin duası bir fərdin daşıdığı rəhmət damlaları qədərdir. Halbuki dil, könül birliyində olan toplumun duası ayrı-ayrı fərdlərin duasından qat-qat üstündür. Tək adamın duaları onun günahları üzündən qəbul olunmaya da bilər. Lakin həmin adam cəmiyyət içində olarsa, cəmiyyətin duaları eşidilər və qəbul olunar da. Zira Allah buyurub: "Onlar elə bir camaatdır ki, onlarla bir yerdə olan bədbəxt olmaz". Məgər gülüstanda olan, heç olmasa o bağçanın xoş iyindən istifadə etməzmi?! Bunun başqa bir dəlili də, camaatla qılınan namazlara 27 dəfə artıq savab verilməsidir. Səbəb isə nur və savabın çoxalmasının parçalanmanı və bölünməni qəbul etməməsidir. Camaat ilahi rəhməti duası ilə cəlb edib, könüllərdə yerləşdirməkdə bir vasitə olduğu kimi, həm də bəla və müsibətlərin dəfinə önəmli bir vəsilədir. Camaatın dua və yalvarışları rəhmətə açılan əl və ovuclara səmavi təbəssümləri cəlb edərkən, eyni zamanda səmadan yerə gələ biləcək müsibətlərin dəfinə də səbəb olur. Təbir caizsə, "ildırım ötürücülərindən" uzaqda olanlara Şeytanın ildırım oxları hər an təsir edə bilər.
Dünya vəhdətdə yaradılıb
Çağdaş dünya atom, super kompüter, operativ informasiya məkanıdır. Bu məkanı təşkil edən ölkələr ən azı, təbii fəlakətlərin ləğvi və ekoloji tarazlığın bərpası üçün inteqrasiyaya məhkumdurlar. Deməli, çağdaş zaman camaat, ümumbəşər zamanıdır. Burada ayrı-ayrı fərdlərin düha və zəkası ilə kəşf edilən xariqüladə dəyərlər tez bir zamanda bütün bəşərin malı olur. Və sözsüz ki, bəşərin həmin kəşfdən aldığı xeyir, həmin kəşfin müəllifinin xeyrindən çoxdur. Lakin məsələyə savab kontekstindən baxılarsa, müəllifə düşən savab bəşəri təşkil edən fərdlərin sayından da çox olar. Necə ki, bir nəfərin cəm halda oxuduğu bir Fətiha surəsi və ya Quran xətmini min adama hədiyyə etməsi, min nəfərin hamısı üçün oxunan min Fətiha və xətmə bərabərdir. Yəni savab minə bölünməz, əksinə, savab min dəfə artar.
Məlumdur ki, Azərbaycan da daxil olmaqla Qafqaz adlı bir məkan tarixən Qərb ilə Şərq arasında bir körpü olub. Hər keçən də bu verimli torpağa, sanki bir toxum atıb gedib. Və bunların da əksəriyyəti çox təəssüf ki, gül yox, qanqal toxumları olduğundan bitən də qanqal olub. Vaxtilə saysız dişlərin və birləşən tək dişlərin amansız zərbələrinə cavab verə bilməməyimiz, əhali və ərazimizi qorumamağımız da göstərir ki, millətin nicatı onun vəhdətindədir. Dünya vəhdətdə yaradılıb ki, bəşər vəhdət halında həmin vəhdətdən istifadə etsin. "Məgər yaradan bilməzmi?!" (Mülk 14).
Həmd olsun o Məbuda ki, bu böyük aləm Onun icadı (yoxdan var etməsi) və insan adlanan bu kiçik aləm Onun ibdasidir (yaratması). Biri inşası, digəri binasıdır. Biri sənəti, digəri boyasıdır. Biri nəqşi, digəri zinətidir. Biri rəhməti, digəri nemətidir. Biri qüdrəti, digəri hikmətidir. Biri əzəməti, digəri rububiyyətidir (sahib olması, Allahlığı). Biri məxluqi, digəri məsnuidir (orijinalı olmayan). Biri mülkü, digəri mülkündəki quludur. Biri məscidi, digəri həmin məsciddə ibadət edən abididir...
Bunların hamısı kəsrətləri və kəsrətdən doğan vəhdətlərilə Allahın mülkü və malıdır. Çünki onların hər birində məhz Onun nişanı, Onun möhürü vardır. Elə isə bu mülk və malı, bu möhür və nişanı izzətləndirmək üçün millət və ümmətin vəhdəti arzusu ilə. Unutmayaq ki, dilbər Qarabağın açarlarından ən ümdəsi vətəndaş həmrəyliyi, millət və ümmət vəhdətidir.