Premyer Liqanın formatı dəyişdirilə bilər
2010-2011-ci il mövsümündən futbol üzrə Unibank Premyer Liqasının formatı dəyişdirilə bilər. Lent.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev idman jurnalistləri ilə görüşündə bildirib.
Musayev konkret qərarın cari mövsüm yekunlaşdıqdan sonra qəbul olunacağını vurğulayıb: "Açığı, bu haqda AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovla birgə söhbətimiz olub. Əvvəlcə istəyirdik ki, martın 5-də keçiriləcək AFFA Konfransında və İcraiyyə Komitəsinin iclasında bu məsələni müzakirə edək. Lakin sonradan qərara aldıq ki, hazırkı sistemin özünü doğruldub-doğrultmadığını müəyyənləşdirmək üçün cari mövsümün sonunadək gözləyək. Çempionat yekunlaşdıqdan sonra AFFA-nın növbədənkənar iclasını çağırıb, növbəti mövsümün formatı ilə bağlı qərar verəcəyik". Qeyd edək ki, görüşdə idman jurnalistlərinin hamısı hazırkı "6-lıq" sisteminin özünü doğrultmadığını PFL prezidentinin diqqətinə çatdırıblar.