.jpg)
Azərbaycanın qadın güləşi üzrə dünya və ikiqat Avropa çempionu Mariya Stadnikin Ukraynanın Lvov şəhərindəki mənzilindən oğurlanan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc medalının satış qiyməti müəyyənləşib.
Lent.az-ın "kp.ua"ya istinadən verdiyi məlumata görə, Ukraynanın "qara bazarı"nda bir olimpiya medalının qiyməti ən azı 3 min dollardır. Ən yüksək satış məbləği kimi isə 10 min dollar göstərilir. Olimpiya medalının məbləği idman növündən və onun əyarından asılıdır. 48 kq çəki dərəcəsindəki təmsilçimiz olimpiadada qızıl və ya gümüş yox, bürünc medal qazandığından, oğrular onun medalının 10 min dollardan aşağı məbləğə sata bilərlər. Qeyd edək ki, Mariya Stadnikin əri Ukraynanın sərbəst güləş üzrə yığma komandasının 66 kq çəki dərəcəsindəki lideri, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Andrey Stadnikdir. Andrey Stadnik Lvovun Sixov rayon milis şöbəsinə qarət olunması barədə şikayət edib. Ukraynanın əməkdar idman ustası mənzilindən ümumilikdə 57200 ABŞ dolları dəyərində oğurluğun edildiyini yazıb. O bildirib ki, oğrular qapının qıfılını qıraraq, 4700 dollarlıq zinət əşyaları, 25000 dollar dəyərində 8 kişi qol saatı, 5000 dollarlıq məişət texnikası, 2 olimpiya medalı, alkoqol içkiləri, qadın və kişi ətirləri, "Fort-12 CM" tipli rezin güllələr üçün qurğu aparıblar. Hazırda milis cinayətkarları axtarır. Oğurlanan olimpiya medallarından biri Andrey Stadnikə, digəri isə Mariya Stadnikə məxsusdur.