Sonrakı fəsadlardan xəbərsiz qız və oğlanlara professor Adil Qeybulla nə tövsiyə edir?
.jpg)
Çox zaman haqlı olaraq deyirlər ki, insan özü özünün düşmənidir. İnsanın özü özünə elədiyini min adam bir yerə yığışıb edə bilməz. Bu ifadə təsadüfən yaranmayıb. Hər deyilən ibratamiz sözün mütləq əsası, mənbəyi olur.
Bakı bütün dövrlərdə gözəllər şəhəri olub. İndi də şəhərimizdə gözəl qız və qadınların sayı həddindən artıq çoxdur. Şübhəsiz ki, bu da hər bir azərbaycanlılını, paytaxt sakinini sevindirən, onda qürur oyadan bir haldır. İnsanın təbii gözəlliyi hər şeydən üstündür. Sözsüz ki, siması göyçək olanlar gözəlliyi müəyyən qədər kosmetik vasitələrdən istifadə etməklə daha da mükəmməlləşdirir. Müasir dövrdə çox az qadın tapılar ki, kosmetikadan istifadə eləməsin. Mövzumuz kosmetik vəsitələrlə gözəlləşməklə bağlı deyil. Buna yaxın mövzu olduğundan, cüzi də olsa, bu məqama toxunmağı özümüzə borc bildik.
Bəzi qadınlar estetik əməliyyatla, kosmetik vasitələrlə gözəlləşməyi bəyənməyib, orqanizm üçün daha təhlükəli olan dərman preparatlarından istifadə etməyə üstünlük verir. Məlumatlara görə, bəzi qadın və qızlar müəyyən harmonal preparatlardan istifadə edərək özlərini bir qədər kökəldir, bu preparatların qəbulundan sonra həmin şəxslərin dərisi dartılıb şəffaflaşır, sifəti parıldayır. Bir çox hallarda arıq, sısqa, üz-gözünü ləkə, çil basmış qadın və qızları birdən-birə qəfil ətə-cana gəlmiş, üz dərilərini təmizlənib hamarlaşmış, parıldayan vəziyyətdə görəndə adam təəccüblənir. Onların özləri deyir ki, guya istifadə etdikləri kosmetik vasitələr onları gözəlləşdirib. Əksər hallarda həddindən artıq cılız bir qız, qadın çox keçmədən cəzbedici bir bədən quruluşuna malik olub qarşımıza çıxır. Bu adamlar birmənalı olaraq estetik əməliyyat keçirdiklərini inkar edir, sadəcə təbii yollarla mütanasib bədən quruluşuna malik olduqlarını iddia edirlər. Bir müddət keçdikdən sonra isə o adamların olduqca pis vəziyyətə düşdüyünü görürük.
Bu fakt diqqətimizi çəkdiyindən, bəzi şəhər apteklərində işləyən əczaçılarla, həkimlərlə qız və qadınlarımızda baş verən bu dəyişikliyin səbəblərini aydınlaşdırmağa çalışdıq.
Əczaçılar dedilər ki, hazırda şəhər qadın və qızları "Deksometazon", "Prednizalon", "Retobolil" və digər harmonal dərman preparatlarını almaq üçün apteklərə müraciət edir, lakin əksər hallarda bu dərmanlar həkim tərəfindən təyin edilmədiyi üçün istehlakçıya satılmır.
Şəhər apteklərindən birində çalışan Gülşən adlı əczaçının sözlərinə görə, bəzən tanınmış qadınlar da harmonal preparatlar əldə eləməkdən ötrü onlara müraciət edir. Gülşən xanım bildirdi ki, onlar həmin şəxslərə bu dərmanların zərəri haqda məlumat verdikdən sonra onlara bunlardan istifadə etməməyi məsləhət görür: "Hazırda oğlanlar süni əzələ kütləsinə malik olmaq üçün "Retobolil" preparatından istifadə edir. Bu harmonal dərmandır, həkim bunu xəstəyə təyin edirsə, heç bir vaxt onun sayını 3-5-dən artıq göstərə bilməz. 5-dən artıq olarsa, bu onu qəbul edən insanda ciddi harmonal dəyişiklik yarada bilər. Biz bu dərmanları yalnız resept vasitəsilə veririk, reseptsiz isə vermirik. Elə olur ki, gənc qız və qadınlar bizə yaxınlaşıb "Deksometazon", "Prednizalon" və s. preparatlar istəyir. Yalandan deyirlər ki, həkim təyin edib. Onlardan resept tələb etdikdə isə yalvarırlar ki, tanıdıqları qadınların bəziləri bu dərmanlardan istifadə etdikdən sonra gözəl bədən quruluşuna malik olub, dərisi parıldayır. Biz o qadınlara başa salmağa çalışırıq ki, bu dərmanlar qadınlara müvəqqəti gözəllik bəxş edir, amma sonra böyük fəsadlara səbəb olur. Sonsuzluğa, xərçəngə, aybaşı pozğunluğuna gətirib çıxarır. Onların bəziləri bu anlasa da, müəyyən bir qrupu anlamaq istəmir. Bu dərmanları həkim müəyyən xəstəliklər zamanı təyin edir, amma onu, tutalım, 3-5 ədəddən çox qəbul eləmək olmaz. Amma bu adamlar bir də görürsən 20-30 tabletka atıb, bir o qədər də iynə vurdurub gözəl bədən quruluşuna malik oldu, üz dərisi işıq saçdı, bütün qadınlar, qızlar onun gözəlləşməsindən danışdı. Ancaq bu adamlar onları gözləyən təhlükədən xəbərsiz olur".
Gülşən xanımın dediyinə görə, o dərmanları müəyyən dəllallar gözəllik eşqinə düşən qadınlara satır.
Onun sözlərinə görə, arada işləyən bu adamlar bəzi aptek işçilərilə dilbir olub bu zərərli preparatların satışı ilə məşğul olur: "Təəssüf ki, bir çox hallarda həmin dəllal özünü həkim və tibb bacısı adlandıranlar olur. Onlar bu dərmanların üz qabığını cırıb atır, onları ədəd-ədəd qız və qadınlara satır.
Yaxşı olar ki, qız və qadınlarımız müvəqqəti gözqamaşdırıcı cazibəyə malik olmaq üçün öz həyatını təhlükəyə atmasın. Bunu məsləhət görməzdim. Onların çoxu sabah ana ola bilməyəcək. Belə qadınları xərçəng də yaxalaya bilər. Hətta bu preparatları soruşanlar sırasında aşıq və müğənni qadınlar da var. Görürsüz, onların bəzilərinin üzü şüşə kimi parıldayır, həmin bu preparatlardır onları belə cazibəli göstərən".
Tibb elmləri doktoru, professor Adil Qeybulla da qız və qadınları, idmanla məşğul olan kişiləri həkim təyinatı olmadan harmonal preparatlar qəbul etməməyə çağırdı. Professor Qeybullanın sözlərinə görə, harmonal dərmanların təbabətdə tətbiqi ancaq ayrı-ayrı xəstəliklər zamanı nəzərdə tutulur. Bunlar auti-immum və s. xəstəliklərdə müalicənin əsas bir komponenti kimi tətbiq edilir.
Amma onların digər məqsədlər üçün tətbiqi yolverilməzdir. Xüsusilə də bədən kütləsini artırmaq üçün istifadə edilən harmonların qəbul edilməsi orqanizmə çox ciddi ziyan vura, harmon çatışmazlığına gətirib çıxara bilər. Bu preparatların müalicə zamanı tətbiqi müəyyən vasitələrlə tənzimlənir. Onların istifadəsi dayandırıldıqdan sonra digər stimuliyatorlardan istifadə edilir ki, bədəndə harmon mübadiləsi tənzimlənsin. Çünki harmonal preparatların qəbulu zamanı bədəndə onların istehsalı aşağı düşməyə başlayır və bədən bu istehsala tələbat görmür. Amma birdən-birə onu dayandırdıqda ortaya preparatı dayandırmaq simptomu çıxır. Bu da ki, həmin hormonun çatışmazlığı ilə müşayiət olunur. Hesab edirəm ki, hormonal dərmanların həkim nəzarətindən kənar müxtəlif vasitələr üçün qəbul edilməsinə yol vermək olmaz. Xüsusən də qadınların gözəlləşmək, kökəlmək və s. üçün harmon qəbulu onlarda çox ciddi dəyişiklik yaranmasına gətirib çıxara bilər".
A.Qeybulla bildirdi ki, harmonal preparatlardan istifadə qadınlarda, əsasən də, ciddi aybaşı pozğunluğuna səbəb olar: "Ona görə də qadın və qızlarımız bu məsələdə diqqətli olmalıdır".
A.Qeybullanın sözlərinə görə, insanlarımız adını, tərkibini bilmədiyi, Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təsdiq edilməyən dərman preparatını qəbul etməkdən çəkinməlidir.
Onun bildirdiyinə görə, ayrı-ayrı adamlar tərəfindən ədədlə satılan bu preparatlar, ola bilsin, Azərbaycanı istəməyən dövlətlərin bir təxribatıdır":Bu təxribat da ola bilər. Adsız, ünvanı bilinməyən dərmanlı "sənə xeyirdir" deyib insanlara satmaq yaxşı hal deyil. Bunu hamilə qadın da, yaşlı insanlar da, uşaqlar da istifadə edə bilər. Yenə də deyirəm ki, insanlarımız bu məsələdə diqqətli olmalıdır".