.jpg)
Turizm sektoru dünyada ən gəlirli sahələrdən biri sayılır. O cümlədən, bu xidmət sektoru həm də kifayət qədər əmək tutumludur. Bununla belə, bir sıra dövlətlərin əsas gəlir mənbəyini məhz turizm sektoru təşkil edir. Məsələn, Avropa ölkələrindən olan İspaniya, Yunanıstan və İtaliya regionda ən çox turist qəbul edən dövlətlər hesab olunur.
Bu ölkələrin iqtisadiyyatının bel sütununu da, məhz turizm sektoru təşkil edir. Ümumilikdə turizmin bir sıra növləri var. Turizm sahəsində ciddi uğurlar əldə etmək üçün bir sıra şərtlərin təmin olunması başlıca amillərdən sayılır. Bunun üçün tarixi abidələrin olması, yüksək infrastruktur, ekoloji amillər başlıca şərtlərdən sayılır. Azərbaycanda da qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacib olması son illər ən çox müzakirə olunan məsələlərdəndir. Bu baxımdan turizmin inkişaf etdirilməsi istiqamətində rəsmi səviyyədə müəyyən işlər görülür. Etiraf etmək lazımdır ki, turizm sahəsində müəyyən uğurlar da var və ilbəil ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur. Ancaq buna baxmayaraq, qarşıda görüləsi xeyli işlər də var. Bütövlükdə mütəxəssislər turizmlə bağlı görülən və görüləcək işləri necə dəyərləndirir?
İqtisadçı alim, professor Əli Əlirzayev hesab edir ki, neft gəlirləri azalandan sonra qeyri-neft sektoruna böyük ehtiyac yaranacaq: "Ona görə də turizm sektorunun inkişafına xüsusi diqqət yetirmək lazımdır. Çünki turizmin əhəmiyyəti yetərincə böyükdür. Digər tərəfdən, Azərbaycanın turizmə görə əsaslı potensialı var. Bir var, heç nədən deyəsən turizmi inkişaf etdirək, bir də var, buna ciddi potensialın olsun. Azərbaycanda turizmin inkişafının iqtisadi, sosial, coğrafi və tranzit amilləri var. Ona görə də Azərbaycanda turizmi inkişaf etdirmək zəruridir. Bunun üçün birinci növbədə kapital lazımdır. Ancaq bu gün turizmin kapitalı kifayət qədər deyil. Onu da qeyd edim ki, turizm sektoru, başqa sahələrdən fərqli olaraq, risqli bir sahədir. Turizmin bazarı xarici-daxili amillərdən çox asılıdır. Turizmin inkişafı üçün gərək əhali özünün digər tələbatlarını ödəyə bilsin ki, ondan sonra istirahətə də pul xərcləmək haqda düşünsün. Yəni dünya turizm bazarında Azərbaycan turizminin özünəməxsus yeri olmalıdır. Bunun üçün çox iş görmək lazımdır və hələ ki, bu gün Azərbaycanın turizm sektoru dünya turizm sferasında öz yerini tapmayıb. Ona görə də sözügedən problemlər öz həllini tapmayıb. Görürsən ki, bir sıra turizm obyektləri tikilir, amma müştəri tapılmır. Bu da turizmin daxili imkanlarından asılıdır. Məsələ ondadır ki, turizmdə qiymət, əhalinin sosial gəlirləri, infrastruktur amilləri var. Bununla belə, otellər, yollar, hava şəraiti və digər amillər də var. Həmçinin, turizm sənayesinin özündə inkişaf problemləri vardır. Ona görə də Azərbaycanda turizmin inkişafı kompleks şəkildə həll olunmur. Bunların nəticəsidir ki, ölkə turizminin çəkisi ümumi daxili məhsulda heç 1 faiz də deyil. Turizm sektoruna qoyulan sərmayələrin səviyyəsi çox aşağıdır. Bu gün elə sahələrə gəlir qoyulur ki, həmin sahələr 1 ildən sonra gəlir verməyə başlayır. Ona görə də turizmin bugünkü inkişaf vəziyyəti qənaətbəxş deyil".
Müstəqil iqtisadçı-ekspert İlham Hüseynlinin fikrincə, turizm sektorunun inkişafı bu gün Azərbaycanda arzuolunan səviyyədə deyil: "Ümumi daxili məhsulun formalaşmasında turizm sektoru çox-çox aşağı göstəriciyə malikdir.
Bu da Azərbaycanda qeyri-neft sektorunun inkişafına məqsədyönlü diqqət ayrılmaması ilə əlaqədardır. Yetərli diqqət ayrılsa, turizm sektorunda ciddi inkişafın şahidi ola bilərik. Turizmin inkişafı üçün qeyri-neft sektorunun inkişafına dair xüsusi dövlət proqramının qəbul olunmasına ehtiyac var. Nə qədər ki, dövlət büdcəsinin formalaşmasında dominant rolunu neft sektoru oynayır, turizm sektoru yerində sayacaq. Azərbaycanın coğrafi baxımdan turizmin inkişafı üçün əlverişli regionları çoxdur. Ancaq turizmdən də daha çox, insanların real olaraq məşğul olduğu aqrar və digər sahələr inkişaf etdirilməlidir. Deməyim odur ki, əhalinin gəlirləri artsa, o zaman turizmin müştəriləri də çox olacaq. Bütün bunlara baxmayaraq, fikrimcə, turizmin inkişafı ilə bağlı artıq müəyyən hazırlıq işləri görülür. Məsələn, infrastruktur yenidən qurulur, otellər, istirahət ocaqları tikilir və sair. Digər tərəfdən, turizmin inkişafı üçün Avropa standartlarına uyğun xidmət sahələri yaradılmalıdır, əks halda bu o qədər də ciddi nəticə verə bilməz".