Ərdoğan və Başbuğun prezidentlə qara çantalı görüşündən sonra yeni həbslər keçirildi
.jpg)
Türkiyənin siyasi gündəmində hələ də bir nömrəli hadisə hökumət və hərbçilər arasında yaşanan qarşıdurmadır. Məsələ ilə bağlı yaşanan gərginliyə fevralın 25-də prezident Abdulla Gülün iqamətgahında baş nazir Rəcəb Tayyib Ərdoğan və Ordunun Baş Qərargah rəisi general İlkər Başbuğ arasında keçirilən üçtərəfli görüşdən sonra aydınlıq gələcəyi gözlənsə də, proseslərin gedişi göstərir ki, istənilən nəticə hasil olunmayıb.
Üç saata yaxın davam edən görüş barədə ilk açıqlama Türkiyə prezidentinin rəsmi saytından verildi: "Prezident baş nazir və Baş Qərargah rəisi ilə ayrı-ayrılıqda olan həftəlik görüşünü bu dəfə bir yerdə keçirməyi daha uyğun sayıb. Toplantıda son vaxtlar ictimai rəydə müzakirə edilən məsələlər diqqətlə incələnib. Və müzakirə edilən məsələlərin konstitusiyamıza və qanuna uyğun şəkildə həll ediləcəyindən vətəndaşlarımızın əmin olması və ayrı-ayrı dövlət qurumlarının gözdən salınmaması üçün hər kəsin məsuliyyətini nəzərə alaraq hərəkət etməsinin lazım olduğu bir daha vurğulanıb".
Bundan sonra isə həbslərin dayanacağı gözlənirdi. Lakin elə bu görüşün ardınca Türkiyədə "Balyoz planı" çərçivəsində aparılan əməliyyatların ikinci mərhələsində daha 18 hərbçi nəzarətə götürülüb. Türkiyənin müxtəlif bölgələrindən olan hərbçilər ifadə vermək üçün İstanbula gətirilib. Bundan başqa, istefada olan iki general da həbs edilib. İstefada olan ordu generalı Çətin Doğan və Türkiyə Silahlı Qüvvələrinin gücləndirmə dərnəyinin rəhbəri, istefada olan general Engin Alan tutularaq, prokurorluqda istintaqa cəlb olunub.
Generallar Türkiyə hökumətini güc yolu ilə devirməyə təşəbbüs göstərməkdə ittiham olunur. Əvvəlcədən tutulmayacağı iddia edilən Çətin Doğan "mücadilənin hələ təzə başladığını" deyib.
Məlumata görə, Çətin Doğan istintaq zamanı 100 sualdan cəmi 60-na cavab verib. Prokurorluqda ifadə verdikdən sonra hər iki general Metris həbsxanasına aparılıb
Baş nazir Ərdoğan üçtərəfli görüşdən sonra Türkiyə parlamentində jurnalistlərə deyib ki, son baş verənlərin ardınca erkən seçkiyə getməklə bağlı ehtimallar əsassızdır. Onun sözlərinə görə, iqtidar partiyasının erkən seçkiyə getmək niyyəti yoxdur. Ərdoğan erkən seçki tələbini səsləndirənlərə də bir daha seçkinin zamanında - 2011-ci ilin ortalarında keçiriləcəyi mesajını verib. O, indidən seçki barədə danışmağın faydasız olduğunu söyləyib: "Davamlı erkən seçkilərin yaşandığı o günlər geridə qalıb. Bu gün içəridən və bayırdan Türkiyəyə baxanlar buranı sabit ölkə olaraq görməyə başlayıblar. Bu ölkədə artıq axşamdan sabaha siyasət dəyişmir. Ürəyi istəyənin seçki elan etdiyi dönəmlər artıq çox arxada qalıb. Partiya məhkəmə sistemilə bağlı islahatları da davam etdirəcək".
İndi Türkiyədə bir çox şərhçilərin fikrincə, bundan sonra proseslər ölkədə aşağıdakı kimi cərəyan edəcək: iqtidardakı Ədalət və İnkişaf Partiyası yenə də ordu ilə bağlı "Ergenekon" araşdırması və sonuncu "Balyoz" çevriliş planı ilə bağlı iddiaların araşdırılmasında israr edəcək, Silahlı Qüvvələr isə yenə də bəzi məsələlərdə - kürd problemi, terrorla mübarizə, strateji qərarlar və ölkənin dünyəviliyinin qorunması məsələlərində əsas söz sahibi olmaqda israr edəcək.
Türkiyədə təhlükəsizlik məsələləri üzrə ekspert Garet Cenkins deyir ki, əslində, baş verənlərin heç birinin demokratiyaya dəxli yoxdur. Sadəcə, ölkədə iki avtoritar qüvvə - Ədalət və İnkişaf Partiyası və Türkiyə Ordusu mütləq hakimiyyətini bölüşmək istəmir: "Faktiki olaraq, son iki ildə biz ölkədə iki avtoritar qüvvənin hakimiyyət davasını görürük. Bu, demokratların anti-demokratlarla mübarizəsi deyil. Burda hər iki tərəf avtoritar gücdür. Xüsusən də son illər iqtidar partiyası avtoritar hakimiyyətini ciddi şəkildə gücləndirməyə çalışır".
Bütün bunlar fonunda Ərdoğan növbəti xəbərdarlıqla çıxış edərək deyib ki, qanuni seçilmiş hökumətə qəsd edən hər bir kəs qanun qarşısında cavab verəcək. Onun sözlərinə görə, Türkiyədə heç kəs qanundan uca deyil. Baş nazir ana müxalifət partiyasının AKP iqtidarını repressiyalarda suçlamasına sərt sözlərlə cavab verib. O, Cumhuriyyət Xalq Partiyasının keçmiş lideri İsmət İnönünün prezidentliyi dövründə ölkədə yaşananları xatırladıb: "Məsuliyyətsiz şəkildə ortalığı qarışdırmağa çalışanlar bu dövlətin faydasına bir iş görmür. Malta sürgünlərini xatırladırlar. Bunun bizimlə nə əlaqəsi var? Bunu xatırladanlar 1938-ə dönsünlər. Hörmətli İnönünün prezidentliyi dövründəki Tunceli sürgünlərinə baxsınlar. Daha da irəli gedərlərsə, bunların vəsiqəsini də açıqlayaram. Çünki bu dostlar silkələndikcə ətəklərindən bir şeylər tökülməyə başlayır. Daha töküləcək çox şeylər var. Mənim millətim bunlara iqtidar vermirsə, bu səbəbdən vermir. Bunları bildiyi, gördüyü üçün vermir".
Ərdoğan partiyasının Türkiyəyə sabitlik gətirdiyini söyləyib: "Mənim məqsədim nədir? 30-40 il sonra insanlar desinlər ki, bir AKP iqtidarı, bir baş nazir gəlib-keçdi və bütün ürəyini ortaya qoydu, xalqa xidməti haqqa xidmət olaraq gördü, türk millətinin üzünü ağ elədi, iqtidarını yüksəltdi. Siyasətin mərkəzinə insana xidmət etmə anlayışını yerləşdirdi. Ağ bir kadro ilə gəldi. Diklənmədi, amma dimdik durdu. Əyilmədi, bükülmədi, güzəştə getmədi, demokratiya, hüquq, millət dedi. Dediyinin arxasında durdu. Türkiyəyə bir üfüq cızdı. Allah onlardan razı olsun. Mən bunu istəyirəm. Bunu desinlər, bizə yetər".
Baş nazir ölkədə istintaq-mühakimə orqanlarının çalışdığını, əksi isbat edilənə qədər kimsənin cinayətkar elan edilməsinin mümkünsüz olduğunu, amma kimsənin də hesab sorulmaz adam olmadığını bildirib.
Dünya mətbuatı Türkiyədə aparılan həbsləri gündəmdə saxlamaqda davam edir. İngiltərənin "The Economist" qəzeti ötən bir neçə gün ərzində aralarında yüksək rütbəlilərin də olduğu 50-yə qədər hərbçinin həbs edilməsini belə şərh edib: "Türk generalları on illərcə qorxu və hörmətlə xatırlanıb, lakin hazırda hərbçilər acınacaqlı bir vəziyyətdədir". Ehtiyatda olan admiral Çetin Doğanın bu planın arxasında olduğunu iddia edən qəzet bildirib ki, Baş Qərargah rəisi İlkər Başbuğ indiyə qədər hökumətlə uzlaşmaq üçün səy göstərsə də, son hadisələrdən sonra hökumətlə Baş Qərargah arasındakı münasibətlər kritik həddə çata bilər. "The Economist"in qənaətinə görə, Türkiyədə hərbi çevriliş ehtimalı sıfıra yaxındır: "İlkər Başbuğun da aralarında olduğu generallar AKP-nin əlində olan güclü bir hökuməti devirmənin ordunun nüfuzuna xələl gətirəcəyini yaxşı bilir".