.jpg)
Məşhur elm adamı, tanınmış ictimai xadim, Ankaradakı Bilkənt Universitetinin və Türkiyə Ali Təhsil Şurasının qurucusu, professor İhsan Doğramaçı vəfat edib. APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, İ.Doğramaçı müalicə olunduğu Ankaradakı Hacəttəpə Universitetinin xəstəxanasında 95 yaşında dünyasını dəyişib. Xəstəxanadan bildiriblər ki, alimin ölümünə səbəb bir neçə orqanındakı çatışmazlıqdır. İ.Doğramaçı 2009-cu il noyabrın 9-dan bəri xəstəxananın reanimasiyasında müalicə olunurdu.
İ.Doğramaçı 1915-ci il aprelin 3-də o vaxt Osmanlı İmperiyasının tərkibində olan İraqın Ərbil şəhərində doğulub. Doğramaçızadə Əli paşanın böyük oğludur. İbtidai təhsilini Ərbildə, orta təhsilini Beyrutdakı "İnternational College"də alıb. Bağdad Universitetinin tibb fakültəsində ali təhsil almağa başlasa da, təhsilini İstanbul Universitetində tamamlayıb. Məzun olduqdan sonra əvvəlcə Ankara Nümunə Xəstəxanasında, sonra ABŞ-ın Boston və Vaşinqton uşaq xəstəxanalarında çalışıb. Daha sonra Türkiyəyə qayıdaraq Ankara Universitetinin dosenti və professoru olub. Ankara Universitetinin rektoru, Hacəttəpə Universitetini rektoru olduqdan sonra bir müddət Paris Universitetində çalışıb. 1985-ci ildə Türkiyənin ilk özəl universiteti olan Bilkənt Universitetini qurub. Türkiyədəki bir çox universitetin tibb fakültələrinin qurulmasında fəal iştirak edib.