"Tibb bacısı Gültəkin Əsgərovanın Laçında qrantamyotla vurulmuş cəsədini yerdən yığırdıq"
Litvalı jurnalist gözləri çıxarılmış, qulaqları kəsilmiş Xocalı uşaqlarının şəkillərini çəkibmiş
.jpg)
Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində Xocalı soyqırımının 18-ci ildönümünə həsr edilmiş "Xocalı soyqırımının siyasi, hüquqi və psixoloji aspektləri" mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə Litva Seyminin İqtisadiyyat Komitəsi sədrinin məsləhətçisi, tarixçi-etnoqraf İmantas Melyanas və "Lazdiyay ulduzu" qəzetinin redaktoru Riçardas Lapaytis çıxış edib.
İmantas Melyanas keçmiş SSRİ məkanındakı münaqişələrin süni şəkildə yaradıldığını bildirib. Onun fikrincə, Litva Seymi də Xocalı faciəsi və Azərbaycan ərazilərinin işğalı ilə bağlı sənəd qəbul etməlidir. "Moldovada Dnestryanı problem, Çeçenistan müharibəsi, Rusiya-Gürcüstan müharibəsi Dağlıq Qaradağ münaqişəsinin və Xocalı soyqırımının səbəblərini müəyyən etmək üçün insanlara seçim imkanı verir. Keçmiş SSRİ zamanında və sonrakı illərdə erməni və rus məlumatları maneəsiz yayımlanırdı. Bu informasiyaların qarşısında hazırda insanları inandıran real və dəqiq informasiya var. Artıq dünyada Ermənistana başqa əraziləri işğal edən dövlət kimi baxırlar. Dünya ictimaiyyəti ermənilərin "Böyük Ermənistan" xülyasından da xəbərdardır" - deyə o qeyd edib.
Jurnalist Riçardas Lapaytis Xocalı soyqırımı zamanı Azərbaycanda olub. Hadisənin şahidlərilə görüşüb və soyqırıma məruz qalan insanların şəkillərini çəkib. "1992-ci ildə mən Xocalıda gözləri çıxarılmış, qulaqları kəsilmiş uşaqların şəkillərini mediada dərc etdirə bilmirdim. Media bu şəkilləri dərc etməkdən belə qorxurdu. Amma o zaman Xocalı soyqırımı ilə bağlı yazımın və şəkillərimin bir hissəsini dərc etdirə bildim. Mən Laçında olmuşam, tibb bacısı Gültəkin Əsgərovanın qranatamyotla vurulmuş cəsədinin qalıqlarını yığmaqda insanlara kömək etmişəm" - deyə jurnalist xatirələrini danışıb.
Dəyirmi masada elmi məruzələr də dinlənib. Tədbirdə elm xadimləri, deputatlar, ictimai xadimlər, politoloqlar iştirak edib.