"Heydər Əliyevlə vida mərasimində onun dediyi sözləri heç vaxt unutmayacağam"
.jpg)
Azərbaycan prezidenti İlham Əliyev İhsan Doğramacının ailəsinə başsağlığı məktubu göndərib.
APA-nın məlumatına görə, dövlət başçısı İhsan Doğramacının oğlu Əli Doğramacıya ünvanladığı başsağlığında türk dünyasının böyük oğlu, görkəmli ictimai xadim, dünya şöhrətli alim və maarifçi, müdrik və xeyirxah insan İhsan Doğramacının vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşıladığını bildirib:
"Mənim və Mehriban xanımın başsağlığını ananız Ayser xanıma yetirməyinizi xahiş edirəm. İhsan Doğramacının Azərbaycanın ən ali mükafatları - "İstiqlal" və "Heydər Əliyev" ordenləri ilə təltif olunması Azərbaycan tərəfindən onun həyatı boyu göstərdiyi misilsiz xidmətinə hörmət və ehtiramın parlaq ifadəsi idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə onun uzun illər boyu davam edən dostluğu bizim hamımızın yaddaşına əbədi həkk olunub. 2003-cü ildə Heydər Əliyevlə vida mərasimində İhsan bəyin söylədiyi ürək sözlərini mən heç vaxt unutmayacağam.
Azərbaycan xalqının səmimi dostu olan İhsan bəyin ölümü ölkəmizin hər bir vətəndaşı tərəfindən ağır itki kimi qəbul edilir. Onun işıqlı xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq. Allah ona rəhmət eləsin".