Eldar İbrahimov: "Qəribədir ki, onlarda qorxu hissi də yoxdur"
İmamverdi İsmayılov: "Bu prosesin başlanmasına sevinirik"
Məlahət İbrahimqızı: "Şura belə qəzetlərin adını açıqladığı kimi..."
Azərbaycan Milli Məclisinin üzvləri Mətbuat Şurasının bəzi "reket" qəzetlərin arxasında məmurların dayanması ilə bağlı bəyanatına reaksiya verib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov APA-ya açıqlamasında Azərbaycanda "reket" jurnalistikasının mövcudluğunu mənfi hal kimi qiymətləndirib.
Millət vəkili indiyə kimi dəfələrlə ona belə "mətbuat orqanları"nın əməkdaşları tərəfindən müraciət edildiyini, lakin onların heç biri ilə görüşmədiyini deyib: "Az qala adama dilənçi kimi yalvarırlar. Açıq şəkildə zəng edib deyirlər ki, vəziyyətimiz ağırdır, pul istəyirik. Açığı, heç onların adları da yadımda qalmayıb. Yoxsa böyük məmnuniyyətlə onların adını açıqlayardım. Belələri ancaq maddi maraq xətrinə işləyir. Qəribədir ki, onlarda qorxu hissi də yoxdur. Belə düşünmək olar ki, onlar kimlərəsə arxayındır. Ona görə də, Mətbuat Şurasının "reket" mətbuatın ifşa olunması istiqamətində apardığı işi dəstəkləyirəm. Hesab edirəm ki, bu cür üzdəniraq jurnalistlərin kökü kəsilməlidir".
E.İbrahimov Azərbaycanda həddən artıq ziyalı, istedadlı və təmənnasız jurnalistikanın da mövcud olduğunu deyib: "Elə jurnalistlər var ki, uzun illərdir onlara müsahibəni telefonla verirəm. Təsəvvür edin ki, neçə ildir müsahibə verdiyim jurnalistləri tanımıram. Hətta onlarla görüşmək istəsəm belə, razılıq vermirlər. Adam belə jurnalistləri görəndə fəxr eləyir" .
Milli Məclisin deputatı İmamverdi İsmayılov Azərbaycan Mətbuat Şurasının bu bəyanatını jurnalistika ilə bağlı adam dəstəklədiyini deyib. Onun sözlərinə görə, jurnalistika müqəddəs bir missiyanın daşıyıcısıdır: "Azərbaycan jurnalistikası bu ağrı-acıdan, onun saflığına xələl gətirən ləkələrdən mümkün qədər tez qurtulmalıdır və bu prosesin artıq başlanmasına çox sevinirik".
İ.İsmayılov, həmçinin, Mətbuat Şurasının problemin həllinə təsir imkanlarının artırılması üçün Şuraya əlavə səlahiyyətlərin verilməsini də məqsədəuyğun hesab edib: "Son illər dövlətin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Xüsusilə Mətbuata Dəstək Fondunun yaradılmasını, əxlaqsız jurnalistikanın Fondun həyata keçirdiyi layihələrə yol tapa bilməməsini alqışlayıram. Bütün bunlar əsrlər boyu Azərbaycan mətbuatında mövcud olmuş sağlam ənənələrin yenidən bərpası və inkişaf etdirilməsi, sözümüzün pisliklərdən təmizlənməsi üçün çox faydalıdır. Mətbuat Şurasının bəyanatında da qeyd edildiyi kimi, bəzi "reket nəşr"lərin arxasında gizli havadarların dayanması, onların maliyyələşdirilərək məkrli sifarişlərin icrasına cəlb edilməsi məndə böyük təəssüf hissi doğurur. Bunu yolverilməz sayıram. İndi elə bir zamandır ki, cidanı çuvalda gizlətmək olmaz.
Ona görə də heç kim qəzet səhifəsi arxasında pərdələnib bədnam əməllərlə məşğul olmağı özünə rəva görməsin. Allah insanları bir-birinə həyan olmaq, könül sevindirmək üçün yaradıb. Qəzetlərdə dərc etdirilən məqsədli dezinformasiyalar isə ürəklərə şübhə toxumu səpir, insanlar arasında dostluq münasibətlərinə xələl gətirir, könül sındırır. Könül almağı bacarmırıqsa, min könülü niyə bərbad edirik?!"
Milli Məclisin üzvü Məlahət İbrahimqızı da APA-ya açıqlamasında məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Mətbuat Şurasının son illər apardığı bu mübarizə təqdirəlayiqdir. M.İbrahimqızı şuranın "reket" jurnalistikaya qarşı apardığı mübarizəni daha da intensivləşdirilməsini istəyib: "Mən bir neçə dəfə Mətbuat Şurasının açıqladığı siyahı ilə tanış olmuşam.
Jurnalistika bizim gözümüzdür. Açığı, mətbuata bu reket sözü yaraşmır. Adam heç dilinə gətirmək istəmir belə ifadəni. Hesab edirəm ki, Mətbuat Şurası "reket" mətbuatın arxasında dayanan məmurların adlarını açıqlamalıdır. Onlar belə "qəzet"lərin adlarını açıqladığı kimi, onları himayə edən şəxslərin də adlarını çəkinmədən deməlidir. Qoy hamı həqiqəti bilsin. Belə olacaqsa, problem də həll ediləcək".