Sahib Mirzəyev: "Akademik Ziya Bünyadovun qətlində təqsirli bilinənlərin hamısının yeri müəyyənləşib"
Elmar Hüseynovun qətlində təqsirli bilinənlər isə...
"Azərbaycanda PKK terrorçularından tutulanlar olub"
Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Sahib Mirzəyev APA-ya müsahibəsində deyib ki, mən İnterpola rəhbər təyin olunandan sonra Daxili işlər naziri cənab Ramil Usubovun bu qurumla bağlı xüsusi tapşırıqları olub.
- 2009-cu ildə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna neçə müraciət daxil olub?
- Ötən il Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna ölkənin hüquq-mühafizə orqanları tərəfindən 176 müraciət daxil olub. Onlardan 170-i təqsirləndirilən, 6 nəfəri isə itkin düşmüş şəxsdir. Ötən il İnterpol xəttilə axtarışda olan azərbaycanlılardan 67 nəfərinin yeri müəyyən edilib. Həmin şəxslərdən 21-nin Rusiyada, 11-nin Türkiyədə, 6-nın Gürcüstanda, 6-nın Birləşmiş Ərəb Əmirliklərində, 5-nin İran İslam Respublikasında, 4-nün Ukraynada, 3-nün Amerika Birləşmiş Ştatlarında, 1-nin Estoniyada, 2-nin Almaniyada, 1-nin Macarıstanda, 1-nin Çexiyada, 1-nin İsveçrədə, 1-nin Özbəkistanda, 1-nin Yaponiyada, 1-nin Malayziyada, 1-nin Latviyada, 1-nin isə Qazaxıstanda gizləndiyi müəyyən olunub. Bu sadaladıqlarım onu göstərir ki, artıq cinayətkarların gizlənmə diapazonları da genişlənib. 2009-cu ildə yeri müəyyən edilmiş cinayətkarlardan 14-ü tutularaq Azərbaycana gətirilib. Hazırda Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun icraatında 554 nəfər şəxs barəsində iş aparılır. Onlardan 497-si təqsirləndirilən, 57 nəfər isə itkin düşmüş şəxsdir.
- "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyevin tutulması istiqamətində İnterpol hansı işləri görür?
- İnterpolun Milli Mərkəzi Bürosunun və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin yeri müəyyən edilib. Onlar Gürcüstan vətəndaşlarıdır və hazırda bu ölkədə gizlənirlər. Siz bilməlisiniz ki, bir çox ölkənin qanunvericiliyi cinayət törətmiş hər hansı ölkə vətəndaşının başqa ölkəyə verilməsinə imkan vermir.
- Akademik Ziya Bünyadovun qətlində təqsirli bilinərək barəsində axtarış elan olunmuş Tariyel Ramazanov, Cavanşir Aslanov və Elçin Dədəyevin gizləndiyi yer müəyyən edilibmi?
- Onların hamısının yeri müəyyənləşib. Həmin şəxslərin tutulması üçün bir çox xarici ölkədə əməliyyat tədbirləri də həyata keçirilir. Əməliyyat sirri olduğundan, mən onların gizləndiyi yerləri açıqlaya bilməyəcəm. Daxili işlər naziri, cənab Ramil Usubov da hər zaman axtarışda olan şəxslərlə maraqlanır. Hər bir iclasda bizdən onları bir-bir xəbər alır.
- Müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayevin qətlindən bir il ötdü. Əməliyyat-istintaq qrupu generalı qətlə yetirməkdə şübhəli bilinən şəxsin fotorobotunu da hazırlayıb. Həmin şəxsin müəyyən edilərək tutulması istiqamətində İnterpol tərəfindən hansısa tədbirlər həyata keçirilir?
- Bu məsələ ilə bağlı ölkənin hüquq-mühafizə orqanları İnterpolla birgə çox ciddi işlər görür. Bilirsiniz ki, generalın qətlilə bağlı aparılan cinayət işinin istintaqı ölkə başçısı cənab İlham Əliyevin birbaşa nəzarətindədir. Mən aparılan istintaq tədbirləri haqqında ətraflı məlumat vermək səlahiyyətlərində olmadığım üçün geniş danışa bilməyəcəyəm. Təkcə onu deyə bilərəm ki, ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri bu işlə ciddi məşğul olur. Hüquq-mühafizə orqanları məlum hadisə ilə bağlı bu günədək İnterpolla əlaqəli çox ciddi tədbirlər həyata keçirib. Bu tədbirlər bu gün də davam etdirilir. İnanıram ki, yaxın zamanlarda ciddi nəticələr əldə olunacaq.
- Türkiyə PKK terror təşkilatının törətdiyi cinayətlərdən əziyyət çəkir. Yəqin ki, bu ölkə həmin terrorçularının tutulması üçün Milli Mərkəzi Büroya da müraciət edib. İnterpol xəttilə Azərbaycanda PKK terrorçularından tutulanlar varmı?
- Türkiyə tərəfindən axtarışda olan hər bir PKK terrorçusu barədə bizə mütəmadi məlumat daxil olur. Biz də müvafiq hüquq-mühafizə orqanlarına bununla bağlı məlumatları ötürürük. Tam açıqlama verə bilməsəm də, deyə bilərəm ki, Azərbaycanda PKK terrorçularından tutulanlar olub.