.jpg)
"Azərbaycan Dövlət Dəmir Yolları" QSC, "Azərenerji" ASC və Azərbaycan Dövlət Neft Şirkəti özlərinə aid təhkim zolaqlarında və istehsalat ərazilərdə qanunsuz inşa olunmuş obyektlər barədə qərar çıxarmaq üçün Nazirlər Kabinetinə müraciət edib.
Hər üç qurum insan həyatı üçün təhlükə törədən tikililərin siyahısını hazırlayaraq hökumətə təqdim edib. Lakin Nazirlər Kabinetinin hansı qərarla çıxış edəcəyi bilinmir. Adları çəkilən qurumlardan bildirmişdilər ki, qanunsuz tikililərin sökülüb-sökülməyəcəyi də Nazirlər Kabinetinin mövqeyindən asılıdır. Amma problem kifayət qədər ciddi olduğundan, ekspert rəyi iki obyektdən birinin köçürülməli olacağını deməyə əsas verir.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı hesab edir ki, sökülə biləcək obyektlərin sahiblərinə hökumət kompensasiya və ya torpaq sahəsi ayırmalıdır":Birincisi, yüksək gərginlikli elektrik xətlərinin altında, stansiyaların, yarımstansiyaların hətta 15-20 metrlik yaxınlığında torpaq sahəsi verməyə icazə yoxdur. Həmin ərazilərdə torpaq sahəsi verilərsə, Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona heç bir sənəd verilmir. İkincisi, dəmir yollarının lap yaxınlığında çoxsaylı evlər tikilib. Mən özüm bəzən qatarla gedəndə evlərin bu qədər dəmir yoluna yaxın olduğunu görüb heyrətə gəlirəm ki, onların uşaqları necə böyüyür.
Bu iki sahədə yaranmış problem insan həyatı üçün o qədər təhlükəlidir ki, ya elektrik xətləri və dəmir yolları köçürülməlidir, yaxud da evlər sökülməli, insanlar başqa yerə köçürülüməlidir. Yəni Nazirlər Kabineti elə qərar qəbul edə bilər ki, yüksək gərginlikli xətlərin yeri dəyişdirilə bilər. Bunun da günahı ondadır ki, həmin ərazilər Mənzil İstismar sahələrinin tabeliyində olanda, insanlar "JEK"-lərə və sahə müvəkkillərinə rüşvət verib orada ev tikib. Yaxşı olar ki, o insanlara indi ya kompensasiya, ya da torpaq sahəsi verməklə köçürülməsini təmin etsinlər.
Dövlət Neft Şirkətində isə vəziyyət başqa cürdür. Belə ki, ARDNŞ-in hökumətə təqdim etdiyi torpaqların hamısı ona aid deyil. Bunu da məhkəmədə sübuta yetirə bilmir. 1987-1989-cu illərdə Dövlət Neft Şirkətinin baş geoloqunun iştirakı ilə inventarlaşdırma aparılmışdı, neft olmayan torpaq sahələri bağçılıq təsərrüfatı sahələri kimi neftçilərə verilmişdi.
2003-2006-cı illərdə proses davam etdirildi və bu çox müsbət bir hal idi. Ancaq bizdə konkret sənədlər var ki, ARDNŞ-in Bibiheybətdə iddia etdiyi torpaq sahəsi bələdiyyəyə məxsusdur. Eyni zamanda, elə yerlər də var ki, neft quyularının yanında evlər tikilib. Bütün bunlara Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 54 saylı qərarına uyğun olaraq aydınlıq gətirməlidir. Həmin qərarda deyilir ki, dövlət ehtiyatları üçün hər hansı bir sahə götürülərsə, mövcud bazar qiymətlərinə uyğun kompensasiya verilməlidir, ya da ki, torpaq sahəsi ayrılmalıdır. İndi insanların taleyi Nazirlər Kabinetinin qərarından asılıdır".
M.Qəhrəmanlı onu da bildirdi ki, qanunvericiliyə görə, müraciət edən icra hakimiyyəti orqanı, Əmlak Məsələləri Komitəsi, bələdiyyə və digər aidiyyəti qurumların təmsilçilərindən ibarət qiymətləndirmə komissiyası yaradılmalı, 80-120 gün ərzində əhaliyə xəbərdarlıq edilməli, onlara ayrılacaq vəsait hesablanaraq ödənilməlidir.