Fəzail Ağamalı: "Qəbul olunan razılığa əsasən, cari məsələdə gündəliyə münasibət də bildirildiyindən bu mümkünsüzdür"
Bəxtiyar Sadıqov: "İndiki hal formalaşmış, nizama düşmüş bir vəziyyətdir, ona
görə də belə qalması daha yaxşıdır"
.jpg)
Azərbaycan parlamentində millət vəkillərinə hər bir məsələni, problemi qaldırmaq imkanı verilir. Parlamentarlar bu fürsətdən istifadə edərək, cari məsələlərə baxılarkən deputat seçildiyi bölgənin seçicilərinin problemlərini, buradakı çatışmazlıqları Milli Məclis rəhbərliyinin diqqətinə çatdırır.
Qeyd etdiyimiz kimi, belə problemlər cari məsələlərin müzakirəsi zamanı nəzərdən keçirilir. Onu da qeyd edək ki, Azərbaycan parlamentində cari məsələlərə, adətən iclasın əvvəlində baxılır və yalnız bundan sonra gündəliyə keçilir. Bu hal, söz yox ki, parlamentin qəbul etdiyi reqlamentə uyğun həyata keçirilir. Amma prosesin gedişi göstərir ki, cari məsələlərin önə buraxılması praktikası elə də uğurlu variant deyil. Ən azından, millət vəkillərinin davamiyyəti baxımından reqlamentin belə müəyyənləşdirilməsi doğru görünmür. Belə ki, bəzən bir sıra deputatlar cari məsələlərin müzakirəsində aktiv iştirak edərək, seçicilərinin bu və ya digər problemlərini qabartmaqla işlərini bitmiş hesab edir və gündəliyin müzakirəsinə keçilər-keçilməz iclas zalını tərk edirlər. Bununla gündəlikdə duran həyati əhəmiyyətli məsələlərin müzakirəsi və qəbulunda iştirak etməkdən yayınmaları bir yana, digər tərəfdən də onlar üzvü olduqları parlamentə və seçicilərinə hörmətsizlik nümayiş etdirirlər. Bu halın aradan qaldırılması üçün, görünür, cari məsələlərin iclasın sonuna keçirilməsi vacibdir. Görəsən, qaldırılan məsələyə deputatların münasibəti necədir?
Millət vəkili Fəzail Ağamalı, qəbul olunan razılığa əsasən, cari məsələlərdə gündəliyə də münasibət bildirildiyindən, onun iclasın sonuna keçirilməsinin mümkün olmadığını dedi: "Yəni gündəliyə əlavələr edilir. Dəfələrlə Milli Məclis rəhbərliyi səviyyəsində cari məsələlər adı altında çıxışlar edilərkən təqdim olunan gündəliyə, əgər varsa, əlavələrin bildirilməsi də tövsiyə edilir. Çox təəssüf ki, bir sıra hallarda bu olmur. Lakin yarım saatlıq müzakirələrin gedişində ayrı-ayrı deputatlar seçicilərinin onlara etdiyi müraciəti, ölkənin taleyilə bağlı bu və ya digər siyasi proseslərə münasibətini bildirməklə bərabər, həm də təqdim olunan gündəliyə əlavələri ifadə ediblər. Məsələ bu cürdür. Davamiyyətə gəldikdə, İntizam Komitəsi, nizamnaməyə uyğun olaraq, limiti keçənlərə qarşı tədbir görülür, həmin deputatdan izahat alınır. Lakin belə hallar, demək olar ki, olmayıb. Bir qayda olaraq, millət vəkilləri Milli Məclisin iclaslarında iştirak edir. Kiminsə daha vacib işi çıxırsa onu görür, sonradan bir daha parlamentə qayıdır. Milli Məclisə orta məktəb və deputatlara orta məktəb şagirdləri kimi münasibət bəsləmək düzgün deyil".
YAP-dan olan deputat Bəxtiyar Sadıqov da mövcud vəziyyətin qalmasının daha məqsədəuyğun olduğu qənaətindədir: "Milli Məclisin özünün daxili nizamnaməsi, Milli Məclis iclaslarının aparılma qaydası var. Orada millət vəkillərinə söz vermək qaydası da var. Hətta spikerin müavinlərinə növbədənkənar söz verilməsi də həmin daxili nizamnamədə öz əksini tapıb. Belə bir nizamnamə hüquqi cəhətdən əsaslandırılaraq artıq qəbul olunub. Digər tərəfdən, bir ənənə də mövcuddur. Cari məsələlərdə hər bir deputatın ölkə daxilində və xaricdə baş verən hadisələrə şəxsi münasibəti əks olunur. Burada əslində gündəliklə bağlı fikirlər söylənilməlidir. Amma onun əhatə dairəsi genişlənir və cari məsələlər formasında iclasda bir çox məsələlərin səsləndirilməsinə imkan yaradılır. Bunun isə millət vəkilləri arasında iştirak prosesinə təsirini görmürəm. Əksinə, jurnalistlər cari məsələlər qurtardıqdan sonra qaçır onu yazmağa. Bütövlükdə isə hər bir millət vəkili iclaslarda iştirak edir. Bəzən olur ki, onlar səfərlərdə olur, bunların da hamısı üzrlü səbəbdən icazə sayılır. Dəfələrlə hətta belə fikirlər səslənib ki, ümumiyyətlə cari məsələlər olmasın. Deputatın hüququ var, onu düşündürən hər bir məsələ ilə bağlı deputat sorğusu ilə istədiyi ünvana, məsul şəxsə, məmura müraciət edə bilər. Amma ali qanunverici orqan insanların diqqətinin yönəldiyi bir məkan olduğundan, orada səslənən fikirlər ünvana daha tez çatır, daha çox siyasi əhəmiyyət kəsb edir. Eyni zamanda, seçicilər təkcə qanunvericiliklə bağlı deyil, hər hansı başqa məsələlərlə də bağlı deputatının mövqeyini görə bilir. Hesab edirəm ki, indiki hal formalaşmış, nizama düşmüş bir vəziyyətdir, ona görə də belə qalması daha yaxşıdır".