.jpg)
Mətbuat Şurası və "Xocalı soyqırımını tanıtma" İctimai Birliyinin "Azərsun Holdinq"in maliyyə dəstəyilə Xocalı soyqırımına həsr olunmuş yazı müsabiqəsinin nəticələri elan olunub. APA-nın məlumatına görə, bununla bağlı "Azərsun" Holdiqin Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə çıxış edən "Azərsun" Holdinqin vitse-prezidenti Tahir Goozzal Xocalı soyqırımının dünyada ən qəddar cinayətlərdən biri olduğunu vurğulayıb. O, hər bir azərbaycanlının bu faciəni dünyaya tanıtmasının vacib olduğunu və bu istiqamətdə səylərin durmadan davam etməsinin lazım olduğunu qeyd edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov öz çıxışında bu vaxta qədər Azərbaycan mətbuatında soyqırımla bağlı dərc olunmuş yazılar barədə danışıb. Onun sözlərinə görə, bu vaxta qədər dərc olunmuş yazılar yalnız yerli auditoriya üçün olub: "Buna görə də biz bir qədər fərqli, xarici auditoriyaya ünvanlanmış yazıların dərc olunması üçün müsabiqə keçirdik". Ə.Amaşov qalibləri müəyyənləşdirən münsiflər heyətinin tərkibini açıqlayıb. Qeyd edək ki, münsiflər heyətində XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov, Diasporla İş Komitəsinin əməkdaşı Elşad Miraləm, Əsir, İtkin və Girov Götürülmüş şəxslərlə iş üzrə Dövlət Komissiyasının əməkdaşı Mahir Cavadlı, Mətbuat Şurasının üzvləri Bəxtiyar Sadıqov, Rəşad Məcid və "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev təmsil olunub. Ə.Amaşov müsabiqəyə 80-ə yaxın yazının təqdim olunduğunu vurğulayıb.
"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov tədbirdə çıxış edərək, qaliblərin müəyyənləşdirilməsi prosesinin tam şəffaf və obyektiv aparıldığını deyib.
Daha sonra müsabiqənin nəticələri açıqlanıb. Qaliblərdən başqa, müsabiqədə iştirak edən daha 5 jurnalistə həvəsləndirici mükafat təqdim olunub. Saleh Qarabağlı isə Xocalı soyqırımı ilə bağlı araşdırmalarına görə xüsusi mükafata layiq görülüb.