.jpg)
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov İran səfiri Məhəmməd Bagir Bəhraminin "İran Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə başlayıb" fikirlərini APA-ya şərh edib.
O burada təəccüblü bir şey olmadığını deyib: "Burada yeni heç bir şey yoxdur. İranın Azərbaycanla sərhədi var. Bildiyiniz kimi, bu sərhədin bir hissəsinə hazırda Azərbaycan tərəfindən nəzarət edilmir. Və İran regionda tezliklə sülh və əminamanlığın bərpa olunmasında, bu sərhədlərə nəzarətin Azərbaycana qaytarılmasında maraqlı olardı. Digər tərəfdən, İran Azərbaycan və Ermənistan ilə qonşu ölkədir və bu tərəfdən maraqlı olardı ki, regionda tezliklə münaqişənin həllinə nail olunması üçün inkişaf yaratsın. Bu səbəbdən İran bu prosesə öz dəstəyini verməyə hazırdır". Elxan Poluxov İranın münaqişənin ədalətli həllinə nail olmaq üçün Ermənistan tərəfinə kifayət qədər təsir mexanizminə malik olduğunu da deyib: "Bu mexanizmlərdən istifadə edərək ümid edirik ki, bu münaqişənin beynəlxalq norma və standartlara uyğun olaraq həllinə nail ola biləcəyik."