.jpg)
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya səfərinin yekunu ilə bağlı maraqlı açıqlama verib. O bildirib ki, Azərbaycanda İran məsələsini müzakirə edib. Halbuki, cənab Semnebi səfərinin ilk günü gəlişinin əsas məqsədinin Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyinə dair əməkdaşlıq məsələlərinin müzakirəsi olacağını bildirmişdi.
Ancaq o, geri dönərkən Dağlıq Qarabağ, enerji məsələlərilə yanaşı, İranla da bağlı müzakirələr apardığını deyib. P.Semnebinin sözlərinə görə, İranda baş verənlərin Azərbaycana kifayət qədər güclü təsiri olduğunu dərk edirlər: "Bundan başqa, Azərbaycan İran haqqında Avropa Birliyində olmayan biliklərə, məlumatlara sahibdir. Ona görə də İran məsələsini Azərbaycanla müzakirə etmək bizim üçün çox vacibdir".
Sülh və Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyevin fikrincə, İran məsələsi dedikdə, burada heç də söhbət İranın nüvə proqramından getməyib: "İranın nüvə proqramı haqqında Avropa İttifaqının kəşfiyyat strukturları bu məsələdə Azərbaycandan bir neçə dəfə artıq bilgiyə malikdir. Ona görə də bu məsələni gəlib Bakıda müzakirə etməyə ehtiyac yoxdur. Müzakirələr, əsasən İran xalqı, mədəniyyəti, onun keçmişi, Azərbaycanla olan münasibətlərilə bağlıdır.
Avropa İranı həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən öyrənməyə çalışır. Bu baxımdan, Piter Semnebinin Azərbaycanda əldə etdiyi hər bir məlumat onun üçün maraqlıdır.
Azərbaycan tarixən İranla eyni mədəniyyətin daşıyıcısı olub. Bu mənada, Avropa İranın regionda təsir gücü ilə bağlı mühüm bilgi almağa çalışır".