Zərdüşt Əlizadə: "Türk ordusu demokratik ölkələr üçün səciyyəvi olmayan üsullarla vətəndaş cəmiyyətlərini, siyasi partiyaları, hökumətləri özünə tabe edib"
Fuad Muxtarov: "Baş verənləri hazırkı hakimiyyətin orduya, ordunun keçmiş üzvlərinə qarşı haqq-hesab çəkməsi kimi dəyərləndirirəm"
.jpg)
2002-ci ilin noyabrında Türkiyədə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra ordu ilə hakimiyyət arasında yaşanan gizli savaş artıq açıq müstəviyə keçməkdədir. Məsələ ondadır ki, Türkiyənin mövcud hakimiyyəti iqtidarda olduğu 7 il ərzində həyata keçirdiyi siyasətə uyğun olaraq, ordunun mülki hakimiyyətə müdaxiləsini minimuma endirməyə çalışır. Bu da bir sıra təbəddülatlarla müşayiət olunur.
2007-ci ilin ortalarından "Ergenekon işi" adı ilə başlanan ara-sıra həbs kampaniyası son vaxtlar pik nöqtəsinə yaxınlaşmaqdadır. Belə ki, bu günlərdə zabitlərdən tutmuş, ordu generallarına qədər 50 nəfərin həbs olunması vəziyyəti daha da gərginləşdirib. Qeyd edək ki, son günlər Türkiyədə gedən prosesləri Qərb ölkələri də maraqla izləyir. Bəs Azərbaycan siyasiləri necə, prosesləri izləyirmi və buna münasibətləri necədir?
Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə prosesləri izlədiyini və baş verənlərə məntiqi prizmadan yanaşdığını bildirdi: "Ona görə ki, bu həbsləri Rəcəb Tayyib Ərdoğan etmir. Bu həbsləri prokurorluğun əmrilə polis həyata keçirir. Həbslərə də icazəni verən məhkəmədir. Eyni zamanda, istintaq gedir və istintaqın nəticələri də məhkəmə qarşısına çıxacaq. Ən nəhayət son hökmü də məhkəmə verəcək. Siz bilirsiniz ki, Türkiyədə hakimlər, prokurorlar, polis, ordu hərəsi bir müstəqil qüvvədir. Sözügedən qurumlar qanun qarşısında eyni qüvvəyə malikdi. Həmçinin, hərəsinin öz məsuliyyət sahəsi var. İndi hakimlər deyəcək ki, bu hərbçilər, generallar müqəssirdi, yoxsa məsumdur. Ordu ilə hakimiyyət arasında olan ziddiyətlər təkcə bu günün məsələsi deyil. Heç kəs üçün sirr deyil ki, türk ordusu demokratik ölkələr üçün səciyyəvi olmayan üsullarla vətəndaş cəmiyyətlərini, siyasi partiyaları, hökumətləri özlərinə tabe edib. Eyni zamanda, ordu təmsilçiləri zaman-zaman elan ediblər ki, ordu Mustafa Kamal Atatürkün vəsiyyətlərinin qoruyucusudur. Ancaq mənə elə gəlir ki, bu qoruyucu ordu yox, xalq olmalıdır. Bütün demokratik ölkələrdə ordu üzərində xalq tərəfindən seçilmiş hökumətin üstünlüyü var. Türkiyədə isə belə deyildi. Yəni ordu üstünlüyə malik idi. Mənə elə gəlir ki, ordunun xalq tərəfindən seçilmiş hökumətə tabeliyi və qanun qarşısında konstitusiyada nəzərdə tutulmuş vəzifələrin icrasına görə məsuliyyət daşıması Türkiyənin demokratikləşməsi yolunda irəliyə atılan bir addımdır". Politoloq Fuad Muxtarovun fikrincə, Türkiyədə müşahidə olunan həbs dalğasına nəinki ölkə daxilində, eyni zamanda, ölkə xaricində də münasibət birmənalı deyil: "Mənim isə münasibətim ondan ibarətdir ki, artıq XXI əsrdə hərbi çevrilişlərlə yaşamaq mümkün olan bir iş deyil və bu kimi metodlar qəbulolunmazdır. Digər tərəfdən, iddia olunur ki, guya həbs olunan sözügedən hərbçilər 2003-cü ildə hazırlanan hərbi çevriliş planında yer alıblar. Aradan 7 il vaxt keçib. Adicə cinayət məcəlləsində belə, ən ağır cinayətlərin dövrü 5 ildən çox olmur. Ona görə də baş verənləri hazırkı hakimiyyətin orduya, ordunun keçmiş üzvlərinə qarşı haqq-hesab çəkməsi kimi dəyərləndirirəm. Təsadüfi deyil ki, bu günlərdə hakim partiyanın rəsmilərindən biri çıxışında açıq şəkildə buna eyham vurmaqdan çəkinmədi. Bu bir növ hakim partiyanın siyasətinin mövcud reallığını sübut edən fakt idi. Ona görə də baş verən həbsləri qəbul etmirəm. Hesab edirəm ki, bu baş verənlər Türkiyədə siyasi şəraitin yaxşılaşdırılmasına deyil, daha çox, ölkəni parçalanmağa doğru aparan bir xəttə xidmət edir. Həmçinin, baş verənlər onu göstərir ki, hakim partiya Avropa Birliyinin və Türkiyəni istəməyən qüvvələrin diqtəsilə hərəkət edir".