.jpg)
Ukrayna Ali Radasında yeni seçilmiş prezident Viktor Yanukoviçin təntənəli andiçmə mərasimi keçirilib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, təntənəli iclası Ali Radanın sədri Vladimir Litvin açıb.
Qırmızı xalının üzərində addımlayan V.Yanukoviç fəxri qarovulun önündən keçərək zala daxil olub. Əməkdar Akademik Milli Ukrayna Xoru Dövlət Himnini ifa edib. Mərasimdə Ukraynanın keçmiş prezidenti Leonid Kuçma, bəzi keçmiş baş nazirlər və parlament sədrləri iştirak etsə də, sabiq prezident Viktor Yuşşenko və baş nazir Yuliya Timoşenko tədbirə qatılmayıb. Xaricdən gələn 100-ə yaxın nümayəndə heyəti də inauqurasiyada iştirak edib.
Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Şapoval prezident seçkilərinin rəsmi nəticələrini elan edib. V.Yanukoviç əlini Konstitusiya kitabı və "İncil"in üstünə qoyaraq andiçmə mətnini oxuyub və mətni imzalayaraq Konstitusiya Məhkəməsinin sədri Andrey Strijaka verib. A.Strijak ona rəsmi hakimiyyət rəmzlərini, V.Şapoval isə prezident vəsiqəsini təqdim edib. Bundan sona yenidən Dövlət Himni ifa olunub.