Prezident Administrasiyası və MM-də bir qrup rəsmi şəxs Fransaya Xocalı tədbirlərinə gedib
Fransada Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbirlərin keçirilməsi məqsədilə bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti diaspor təmsilçilərilə görüşüb. Bu barədə APA-ya Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzindən (ATXƏM) bildirilib.
Məlumata görə, ATXƏM Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı fevralın 24-28-də Paris və Strasburq şəhərlərində silsilə tədbirlər həyata keçirir. Tədbirlərə qatılmaq üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin komissiya sədri Arif Rəhimzadə, Milli Məclisin üzvü Əkrəm Abdullayev, ATXƏM-in sədri İlham İsmayılov, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov və ziyalılardan Nadir Orucov iştirak edir. Fevralın 24-də Azərbaycan nümayəndə heyəti Azərbaycanın Fransadakı səfirliyində səfir Elçin Əmirbəyov və Fransadakı diaspor nümayəndələrilə görüşüb. Görüşdə Fransadakı diaspor təşkilatları ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Xəbər xidməti