Cümşüd Nuriyev "Azərittifaq"ı dəstəklədi, Akif Nəsirli isə nə onu, nə də Kənd Təsərrüfatı Nazirliyini...
 .jpg)
"Azərittifaq"ın səlahiyyətlərinin artırılması məsələsi gündəmə gəlib. Bu mövqedən çıxış edənlər hesab edir ki, "Azərittifaq"ın səlahiyyətlərinin artırılması kənd təsərrüfatı məhsullarının istehsal və emalının artımına müsbət təsir göstərər.
"Azərittifaq"ın sədri, deputat Eldar Quliyev bildirib ki, hazırda "Azərittifaq"ın fəaliyyəti daha çox kağız üzərindədir: "Keçmişdə tədarüklə ancaq biz məşğul olurduq. O zaman dövlət sifarişləri olurdu. Müstəqillik əldə edildikdən sonra bütün sahələrdə özəlləşdirilməyə start verildi, kooperasiyanın özündə də müəyyən dəyişikliklər oldu. O cümlədən kənd təsərrüfatını tədarük edən müəssisələrdə də. Keçmişdə bunu biz edirdik və lazım olan məqamda subsidiyalar da verilirdi. O zaman Bakı, Sumqayıt, Mingəçevirdə böyük şəbəkələr var idi. Təəssüflər olsun ki, "budka əməliyyatı" dövründə "Azərtittifaq"a aid binalar da bu ad altında söküldü. Bu gün bizim Bakıda kənd təsərrüfatı məhsullarının satışını təşkil etməkdə problemimiz yoxdur. Ancaq bunun üçün bizə satış yeri lazımdır. Sadəcə, biz bu satışı müasir standartlara uyğun şəkildə təşkil etməyi planlaşdırırıq" Eldar Quliyev hazırda Kənd Təssərrüfatı Nazirliyi tərəfindən təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası barədə belə deyib: "Düzdür, belə yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilir. Amma gəlin baxaq, həmin yarmarkalarda lazımi şərait varmı? Payızda, qışda qarın, yağışın altında, yayda isə 40 dərəcə istidə ərzaq məhsulları satılır. Hamıya məlumdur ki, yay aylarında ərzaqdan zəhərlənmə halları artır. Bunun qarşısının alınması yolu ilk növbədə yaxşı şəraitdən keçir. Bu səbəbdən biz elə yerlər istərdik ki, qışda isti, yayda sərin olsun".
Deputatın bildirdiyinə görə, "Azərittifaq" həm Nazirlər Kabinetinə, həm də İqtisadi İnkişaf Nazirliyinə belə bir təklif verib ki, ya Bakı Şəhər İcra Hakimiyyəti, ya da İqtisadi İnkişaf Nazirliyinin nəzdində onlara yer ayrılsın: "Biz də həmin yeri avadanlıqla təchiz edək. Sonra isə kənd təsərrüfatı məhsulları gətirək. Dövlətin nəzarəti altında həmin məhsulların satışını təşkil edək. Digər tərəfdən, kənd təsərrüfatı məhsullarını istehsal edənlərin özlərinə də bu bazarda məhsullarının satışı üçün şərait yarada bilərik".
İqtisadçı-alim Cümşüd Nuriyev də "Azərittifaq"ın səlahiyyətlərinin bərpası təklifini zəruri hesab edir. Onun fikrincə, Kənd Təsərrüfatı Nazirliyi "Azərittifaq"ın səlahiyyətlərini mənimsəyib. İndi həmin səlahiyyətləri geri qaytarmaq lazımdır: "Dünyanın hər bir ölkəsində aqrar siyasəti həyata keçirən dövlət orqanı satıcılarla alıcılar arasında müqavilə sistemini tətbiq edir. Azərbaycanda bunu Kənd Təsərrüfatı Nazirliyi etməli idi, amma edə bilmədi. Aqrar sektor özəlləşənə qədər kənd təsərrüfatı müəssisələrinin 90 faizi Kənd Təsərrüfatı Nazirliyinin əlində idi. Belə olan təqdirdə bu nazirlik gərək elə bir siyasət yürüdə idi ki, fermerlər, kooperativlər, ailə-kəndli təsərrüfatları ekoloji cəhətdən təmiz məhsul yetişdirməkdə maraqlı olsun. Amma bunu bacarmadılar. Ona görə də bu işi "Azərittifaq" həyata keçirsə, daha yaxşı olar. "Azərittifaq"ın qurduğu sistemi Kənd Təsərrüfatı Nazirliyi ləğv edib. Ona görə də Eldar Quliyevin təşəbbüsü çox uğurludur və mən onu bəyənirəm. Dünyanın hər bir yerində müqavilə sistemi var, alıcı ilə satıcı arasında qeyri-dövlət qurumu fəaliyyət göstərir. "Azərittifaq" bir növ dövlətlə vətəndaş arasında fəaliyyət göstərən yarıminstitutdur. Meyvə-tərəvəz tədarükünün "Azərittifaq"a həvalə edilməsi Azərbaycana geni modifikasiya olunmuş ərzaq məhsullarının idxalının qarşısını alar. Yoxsa həmin ərzaq məhsulları bu milləti məhv edərək".
İqtisadçı-ekspert Akif Nəsirli isə "Azərittifaq"ın səlahiyyətlərinin artırılmasını keçmişə doğru atılmış addım hesab edir: "Bu reallaşsa, geriyə doğru atılmış addım olar. Çünki Eldar Quliyevin təklifi Azərbaycanda bazar iqtisadiyyatı strukturlarının inkişaf etməsini birbaşa aradan qaldırır. Yəni "Azərittifaq"ın bərpası əvəzinə, ölkədə normal bazar iqtisadiyyatı strukturlarının formalaşdırılmasına, inhisarçılığın aradan qaldırılmasına cəhd göstərmək lazımdır. Eldar Quliyev demək istəyir ki, "Azərittifaq"satışı Kənd Təsərrüfatı Nazirliyindən daha yaxşı təşkil edəcək. Bu isə mümkün deyil. Çünki hər ikisi dövlət qurumudur. Həmin problemlərin səbəbi də Azərbaycanda bazar iqtisadiyyatının oturuşmamasıdır, islahatların başa çatmamasıdır. Ölkə iqtisadiyyatının işlək mexanizmi təmin edilməyib".