.jpg)
Xətai rayonu, Neapol dairəsi yaxınlığındakı Şıxlinski 1A ünvanında iki sakinin mübahisəsi cinayətlə nəticələnib. Fevralın 25-i gecə saatlarında Fərman Cavadov (39 yaş) qonşusu Fuad Hüseynovu (37 yaş) bıçaqlayaraq öldürüb.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi cinayət faktını təsdiq edir və başqa məlumat vermir.
Bina sakinlərinin Lent.az-ın müxbirilə söhbət zamanı dediklərinə görə, gecə təxminən saat 2-də Fərman Cavadov məhəllədə uca səslə söyüş söyürmüş. Bina sakinlərindən Fuad Hüseynov eyvandan Fərmana səslənib və səsini kəsməyi tələb edib, əvəzində öz ünvanına da söyüş eşidib. Aşağı, blokun qabağına düşüb qonşusunu sakitləşdirmək istəyib. Bu zaman Fuad Hüseynov Fərman Cavadov tərəfindən bıçaqlanıb.
"Bıçaq əlimdə idi, elə aşağı düşən kimi vurdum" - Fərman Cavadov səhər saatlarında hadisə yerində polisə cinayətin necə baş verdiyini danışarkən bunları söyləyib.
Məhəllələrində baş vermiş cinayətdən şok keçirən bina sakinləri ikinci şoku cinayətkarın kim olduğunu öyrənən zaman yaşayıb. "Axı bunlar dost idi" deyə həyətdə toplaşan qohum və qonşular təəccüblənib. Qonşuların dediyinə görə, Fuadı xəstəxanaya aparanlardan biri də Fərman özü olub. Bıçaqlanan şəxsin anası və həyat yoldaşı ilə birlikdə F.Hüseynovu əvvəlcə təcili yardıma, daha sonra isə "Azərsu" Tikinti Xəstəxanasına aparıb. Səhər saatlarında məhəllədə artıq çadır qurulmuşdu. Qohumlar, qonşular hadisənin səbəbini müzakirə edirdilər. Hadisə baş verən 7-ci blokun qarşısında isə qanın üzərinə qərənfillər düzülmüşdü. Cinayətin dəqiq səbəbi hələ açıqlanmayıb. Polis məsələ ilə bağlı araşdırma aparır. Geridə isə gözü yaşlı insanlar, Fuadın 5 yaşlı oğlu, Fərmanın 10 yaşlı qızı və 5 yaşlı oğlu qalıb...