.jpg)
Son zamanlar bir sıra avtomobil şirkətlərinin istehsal etdiyi və artıq satışa buraxdığı maşınlarda bəzi nasazlıqların üzə çıxması halları əməlli-başlı artıb. Mətbuatın yazdığına görə, Cənubi Koreyanın "Nyundai Motors" şirkəti yeni "Sonata 2011" modelinin satışını dayandırmalı olub. Buna səbəb kimi yeni modelin qapılarında qüsurun aşkarlanması göstərilir.
Məhz bu səbəbdən şirkət rəhbərliyi müvəqqəti olaraq "Sonata 2011" modelinin satışını dayandırdığını elan edib. Artıq dilerlərə verilən 3,7 min ədəd bu model avtomobil isə geri çağırılıb. Dilerlər isə, öz növbəsində, artıq 1,3 min "Sonata 2011" modelini realizə edib ki, bu avtomobillər də geri çağırılacaq. Xatırladaq ki, bir müddət öncə analoji situasiya ilə Yaponiyanın "Toyota" şirkəti üzləşmişdi. Bildirildiyinə görə, bu avtomobillərin qapılarının açıb-bağlanması sistemində, ardınca da əyləcində qüsurlar tapılıb. Məlum olub ki, maşının sürətini artırmaq üçün pedalı basıb buraxdıqdan sonra əyləc əvvəlki vəziyyətinə qayıtmır. Bu da sürətin azalmamasına və nəticədə də qəzalara gətirib çıxarır. Qeyd edək ki, sözügedən problem "Toyota Motors Corroration" şirkətinin iki modeli,"Corolla" və "RAV-4" ətrafında yaranmışdı. Problem məhsul satışa buraxıldıqdan sonra üzə çıxdığından, şirkət dərhal son buraxılış avtomobillərini geri çağırmağa məcbur olmuşdu. Nəticədə, həmin vaxt hardasa 2 milyona yaxın avtomobil satışdan yığışdırıldı. Şirkətin Azərbaycanda rəsmi təmsilçisi "Toyota Bakı Mərkəzi" də mətbuata açıqlamasında məlumatı təsdiqləyib. Geri çağırılma kampaniyası oktyabr 2006-dekabr 2009-cu il buraxılışlı "Corolla" və noyabr 2005-noyabr 2009-cu il buraxılışlı "RAV-4" avtomobil modellərinə şamil edilib. Nəticədə Azərbaycanda satışa buraxılan həmin markalı 527 ədəd avtomobil geri çağırıldı. İndi də eyni hadisə "Nyundai Motors"un başına gəlir. Bu hal, söz yox ki, Azərbaycanda da "Nyundai" markalı avtomobillərə olan etimadı aşağı salacaq, necə ki, "Toyota" da bir müddət əvvəl eyni aqibətlə üzləşmişdi. "Nyundai Motors" şirkətinin nüfuzdan düşəcəyi də istisna deyil. Ən azından, baş verən hadisədən sonra nüfuz baxımından sözügedən modellərə inam azalacaq. Azərbaycanda da bir sıra digər markalar kimi "Nyundai Motors"a da əhali arasında maraq güclü idi. Bunu nəzərə alaraq, baş verən olayın Azərbaycandakı satış mərkəzlərinə nə kimi təsir etdiyini aydınlaşdırmaq üçün
"Nyundai Motors"un Bakı nümayəndəliyilə əlaqə saxladıq.
Onlarla söhbətdən belə çıxdı ki, "Sonata 2011" modeli ətrafında yaranan situasiyanın Bakıdakı nümayəndəliyə heç bir aidiyyəti yoxdur. Çünki bu günə kimi Azərbaycana "Sonata 2011" modeli ümumiyyətlə gətirilməyib. Belə ki, şirkətin marketinq şöbəsinin əməkdaşı Rauf Şahverdiyevin qəzetimizə verdiyi məlumata görə, onlarda bu tip model ümumiyyətlə olmayıb: "Hələlik "Sonata 2011" modeli gətirməmişik. Baş verən hadisədən sonra onların gətiriləcəyinə də inanmıram. Ən azından bir müddət, yəni qüsurlar aradan qaldırılana kimi bu modelli avtomobili ölkəmizdə görməyəcəyik. Həmin model bizdə olmadığından, alıcıların təşvişə düşməsinə də ehtiyac yoxdur. Çünki "Nyundai Motors"un digər modellərində heç bir problem yoxdur. Hər şey öz qaydasındadır. Bu halın digər modellərin satış prosesinə təsir edəcəyinə də inanmıram".
Bütün hallarda, son zamanlar "Toyota" və "Nyundai Motors" ətrafında cərəyan edən proseslər bir sıra qaranlıq məqamlardan xəbər verir. Belə ki, qısa zamanda iki, özü də nəhəng və geniş tanınan avtomobil şirkətlərində baş verən bu olayların heç də özbaşına yarandığını düşünmək olmaz. Çox güman ki, burada hansısa bir təxribat əməli də var. Bildiyimiz kimi, hazırda bir sıra sahələr kimi, avtomobil sənayesi də tənəzzül dövrünü keçirir. Bu da iqtisadi böhran və onun özü ilə gətirdiyi fəsadlar nəticəsində yaranıb. Belədə avtomobil şirkətlərinin satış imkanları da daralır. Satış imkanları az olanda onu ələ keçirmək uğrunda mübarizə də kəskinləşir, hətta çirkin forma belə alır. Onlar bu yolla rəqiblərini vurub sıradan çıxarmağı, bu mümkün olmasa, ən azından, nüfuzdan salmağı düşünürlər. Belə üsullardan biri də rəqibin avtomobilini gözdən salmaqdan ibarətdir. Bu mənada, sözügedən avtomobillərdə nasazlıqların yaranmasında da, çox güman ki, rəqib şirkətlərin əli var...