Baba Vəziroğlu: "Gördük ki, bu adamlar bizdən daha təmtəraqla böyük ekrandan nəğməkar şair kimi təqdim edilir, bundan sonra o sözdən iyrəndik"
Flora Xəlilzadə: "İstəməzdim ki, Vahid Əziz kimi sanballı şairə nəğməkar şair desinlər"
.jpg)
Son illər "nəğməkar şair" sözü geniş yayılıb. Kimi dindirirsən, "mən nəğməkar şairəm", yaxud "camaat məni nəğməkar şair adlandırır" deyir.
Poeziya tənqidçiləri, biliciləri isə "nəğməkar şair" deyimini birmənalı olaraq inkar edir. Onlar hesab edir ki, bu ifadənin özü yanlışdır.
Məlumdur ki, görkəmli şairlərimiz Bəxtiyar Vahabzadə, İslam Səfərli, Zeynal Cabbarzadə, Nəbi Xəzri, Tofiq Mütəllibov, Cabir Novruz, Nigar Rəfibəyli, Məmməd Araz, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Yusif Həsənbəy, Vahid Əziz, Baba Vəziroğlu, Zivər Ağayeva, Novruz Aslan və başqaları çox gözəl, səviyyəli mahnı mətnləri yazıb. Daha doğrusu, onların yazdığı şeirlərdə müşahidə edilən melodiklik, mahnı ruhu bəstəkarları vadar edib ki, onları musiqi əsərinə, nəğməyə çevirsinlər. Yəni o dövrdə şair bəstəkarların qapısını döyüb "mənim şeirmə mahnı yaz" demirdi, bəstəkarların özü o şeirlərə mahnı yazırdı.
Bu şairlərə o dövrdə nəğməkar şair deyirdilər, baxmayaraq ki, bu titulu onlara tamaşaçı və oxucular vermişdi, amma onlar bundan imtina edirdi. Yəni bu şəxslər "mütləq bəstəkarlar mənim şeirimə mahnı yazmalıdır" məqsədi güdmürdü. Bəzi ədəbiyyatşünasların sözlərinə görə, o dövrdə hər küçədən ötənə bu titul verilmirdi. Onun "təltif" edildiyi adamlar sözün əsl mənasında poeziya nəhəngləri idi.
Bu gün isə hər bir cızmaqaraçı özünü çəkinmədən "nəğməkar şair" adlandırır. Halbuki, o adamların yazdıqlarının nə şeirlə, nə də musiqi ilə hansısa əlaqəsi var. Sadəcə, bir sözü o birinin ucuna qoşub mənasız söz yığını yaradırlar. Sonra da deyirlər ki, mənim şeirlərim çox populyardır, bütün bəstəkarlar şeirlərimə mahnı yazır. İndi bir qrup istedadsızlar ordusu var ki, özlərini şair və bəstəkar adlandırır.
Bir də görürsən, şəhərin müxtəlif yerlərinə plakatlar vurulub ki, bu gün nəğməkar şair filankəsin yaradıcılıq gecəsidir. Yaxud nəğməkar şair filankəs sizi şeirlərinə yazılmış mahınları dinləmək üçün konsert proqramına dəvət edir. Təbii ki, bu konsertlərin də hamısı biletlə olur.
Məlumatımıza görə, sözün əsl mənasında ədəbiyyata, poeziyaya xidmət edən, şeirlərinə çoxlu sayda mahnı yazılan tanınmış şairlər nəğməkar şair adından imtina edib. Onların bəzilərilə söhbət zamanı məlum oldu ki, şairlər, onlara nəğməkar şair deyiləndə inciyirlər. Bunun səbəbini isə onunla izah edirlər ki, indi hamı özünü "nəğməkar şair" adlandırır, bu da istər-istəməz adamı iyrəndirir.
Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu bizimlə söhbətində bildirdi ki, vaxtilə bu sözdən xoşu gəlsə də son vaxtlar ona "nəğməkar şair" deyiləndə acığı tutur. O, artıq bu sözdən iyrəndiyini deyir":Nəğməkar şair nə deməkdir, mən bunu niyə qəbul eləmək istəmirəm? Bunun səbəblərini dəfələrlə açıqlamışam. Nəğməkar şair deyəndə, o insanın mahnı mətnləri yazmağa daha çox meyl göstərdiyi anlaşılır. Bu, poeziyanın spesifik bir qoludur. Bəs bu epitet, bu deyim, bu titul niyə gözdən düşlü? Sovet dövründə bizim çox gözəl nəğməkar şairlərimiz vardı. Mikayıl Müşfiqdən üzü bəri Nəbi Xəzri, Cabir Novruz, Fikrət Qoca, Ramiz Rövşən mahnı mətnləri yazırdı. Bu, vaxtilə çox ciddi bir janr idi. Amma elə ki, sovet quruluşu dağıldı, onun yerini başqa bir quruluş tutdu, bu xarabalıqda çox şeylər cücərdi. Yəni dəyərlər itdi və onun əvəzinə mənasız şeylər əmələ gəldi. Yəni kriteriyalar itdi. Bundan sonra poeziya anlayışına tamam başqa cür yanaşma meydana çıxdı və çoxlu sayda qafiyəbaz, nəğməyə söz quraşdıranlar əmələ gəldi. Bu adamlar özlərini "nəğməkar şair" adlandırmağa başladı. Bu dövrə qədər ciddi poeziya adamlarına "nəğməkar şair" deyiləndə incimirdi. Gördük ki, bu adamlar bizdən daha təmtəraqla böyük ekranlardan "nəğməkar şair" kimi təqdim edilir, bundan sonra bu sözdən iyrəndik. Mən və mənim peşəkar qələm dostlarım bu adı daşımaq istəmədi. İndi demək olar ki, hamı bu adı daşıyır. Əlinə qələm alan, orta təhsili, ədəbiyyat sahəcində heç bir bacarığı olmayan adamlara nəğməkar şair deyirlər. Bu mənada bu söz, bu titul öz dəyərini itirdi. Amma görsünüz ki, hər şey yavaş-yavaş öz qaydasına düşür, çaylar öz məcrasına qayıdır. Artıq sənət alaq otlarından təmizlənir, əvvəlki kriteriyalar, dəyərlər təzədən öz yerini tapır. Hərdən mənə nəğməkar şair deyəndə acığım tutur, etiraz edirəm, hərdən də xoşuma gəldiyi üçün susuram".
B.Vəziroğlunun sözlərinə görə, artıq əsl sənətin nə olduğunu dərk edənlər çoxalıb, insanların zövqü əməlli-başlı düzəlib, kimin nəğməkar şair olduğunu camaat özü müəyyən edir. Yəni kiminsə durub özünə bu titulu verməsi daha işə yaramır.
Tanınmış jurnalist-şairə Flora Xəlilzadə isə "Bakı-Xəbər"ə dedi ki, nəğməkar şair sözü ilə heç cür razılaşmır":Sovet dövründə Tofiq Mütəllibova nəğməkar şair deyirdilər. Doğrudan da, o dövrdə bəstələnən əksər mahnıların mətn müəllifi Tofiq müəllim idi. Amma nədənsə, onda Tofiq müəllimin yaradıcılığı məni o qədər də cəlb eləmirdi. Yalnız "Cücələrim"i xoşlayırdım. Bilirsiniz ki, Tofiq Mütəllibov "Cücələrim"lə (musiqisi Qəmbər Hüseynliyə aiddir) bütün dünyanı fəth edib. O, eyni zamanda da gözəl uşaq şairi idi.
Bu yaxınlarda Tofiq Mütəllibovun 80 illik yubileyilə bağlı yenidən mən onun kitablarını vərəqlədim, şeirlərini oxudum. Şeirlərinə, yaradıcılığına valeh oldum. "Göyərçinin qədrini bilmək üçün gərək ilanı görəsən" atalar sözü burada yerinə düşür. Bu zəif şeirləri, "nəğməkar şairlər"in şeirlərini oxuduqdan sonra gördüm ki, Tofiq Mütəllibov korifey, böyük sənətkar imiş. Allah ona qəni-qəni rəhmət eləsin. Son vaxtlar nəğməkar şair sözü yaman dəbə minib. Mən bir dəfə öz qəzetimizdə bununla bağlı bir məqalə yazmışdım-"Nəğməkar şairin şeirləri, poeziyamızın təzə-tər nəğmələri". Təbii ki, bunu ironiya ilə qələmə almışdım.
Nəğməkar şairin şeirinə fikir verin:
Bu qızın adı Gülnaz.
Bakıda belə qız olmaz
Yayda isti buz olmaz.
Belə mahnı mətni olar? Belələri çoxdur. Belə mənasız şeyləri görəndən sonra bu qənaətə gəldim ki, nəğməkar şair sözü də lüzumsuz bir şeydir. Nəyə görə? Gəlin, görək Məmməd Araza, Bəxtiyar Vahabzadəyə nəğməkar şair demək olar? Onların şeiri nə qədər müdrikdir, nə qədər fəlsəfidir. Bu şairlərin adı bu ifadəyə yatmır, kiminsə ürəyi gəlib onlara bu sözü deməz. Nəğməkar şair ifadəsi əvvəlki gözəlliyini, mənasını itirib. Bu gün nəğməkar şair sözü lağlağı bir deyimə çevrilib. Mən heç istəməzdim ki, Vahid Əziz kimi ciddi bir şairə nəğməkar şair desinlər. Vahid Əziz çox müdrik, sanballı şairdir. Onun çox dərin mənalar ifadə edən şeirləri və gözəl nəğmələri var. O cümlədən də Baba Vəziroğlunun. Yəni artıq mən bu gün "nəğməkar şair" ifadəsini qəbul etmirəm".
F.Xəlilzadənin dediyinə görə, şairlərin yaradıcılığının müxtəlif istiqamətlərə bölünməsi yaxşı hal deyil. Onun fikrincə, şairlərin vətənpərvər şair, sevgi şairi, nəğməkar şair kimi kateqoriyalara bölünməsi düzgün deyil: "Şairin bircə adı var - şair. Onun da istedadı Allahdan gəlir: "Sonradan şairin böyür-başına yapışdırılan ifadələr qondarmadır".