Öz sənətinə qeyri-ixtisas sahələrindən gələn korifeylər...
.jpg)
Əsl sənət əsərini istedadlı adamlar yaradır. İstedadsız adamların iş-gücü isə yalnız sənətin gölgəsində yaşamaqdan ibərətdir. Elə şəxslər var ki, peşəkar kinoaktyor, bəstəkar, rəssam olmasalar da, bu sahədə müəyyən işlər görüblər. Ədəbiyyatla heç bir əlaqəsi olmayan insanların da söz sənətinə böyük töhfələr verdiyi bəllidir.
Çox zaman qeyri-peşəkar, yəni o sahələr üzrə heç bir təhsili olmayan, başqa ixtisas sahibi olan şəxslərin yaratdığı əsərlər, obrazlar, yazdığı mahnılar peşəkar sayılan şəxslərin yaratdıqlarından həm çox üstün, həm də populyardır. Bizim sənətdə belə nümunələr olduqca çoxdur.
Məlumatımıza görə, "Qara Volqa", "Brilyat məsələsi" və s. əsərlərin müəllifi Cəmşid Əmirov hüquq-mühafizə orqanlarında çalışıb. İstedadlı yazıçı Musa Qocayevin (hər ikisi rəhmətə gedib) isə "KQB"-nin yüksək rütbəli məmuru olduğu bildirilir (Bu faktları Azərbaycan Yazıçılar Birliyindən götürmüşük), Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin isə hüquqşünas olduğu hər kəsə bəllidir.
Amma bu şəxslərin yazdığı əsərlər oxucuların hər zaman qəlbini fəth edən nəsr nümunələri olub. Böyük yazıçımız İlyas Əfəndiyevin isə coğrafiya müəllimi olduğu məlumdur.
Deyilənə görə, mərhum xalq şairləri, böyük qələm ustadları Səməd Vurğun və Rəsul Rzanın heç ali təhsili olmayıb. Bu siyahını uzatmaq da olar. Hesab edirik ki, bu kifayət edər. Sözümüzün canı odur ki, bir çox hallarda incəsənətlə, ədəbiyyatla heç bir əlaqəsi olmayan adamlar sonradan bu sənətin görkəmli nümayəndələrinə çevrilir.
Çoxları bilir ki, İbrahim Topçubaşov gözəl bir cərrah olub. Amma onun bir bəstəkar kimi yazdığı mahnılar onu daha yüksəklərə qaldırıb. O peşəkar bəstəkar olmasa da, yazdığı mahnılar heç də bəstəkarlıq təhsili alan şəxslərin mahnılarından əskik deyil.
Əksinə, daha ürəyəyatımlı, daha kövrəkdir. "Sən gəlməz oldun", "Külək" və s. mahnıları ilə şöhrət qazanan, sağlığında "sən qeyri-peşəkarsan, sənin yazdıqların ara mahnısıdır, özfəaliyyət üçündür" kimi sözləri həddindən çox eşidən Ələkbər Tağıyev prokuror idi. Bütün təpki və qadağalara baxmayaraq, SSRİ xalq artisti Zeynəb Xanlarova Ə.Tağıyevin mahnılarını yüksək peşəkarlıqla ifa edirdi. Bu mahnılar bu gün də yaşayır, dünyanın bir sıra ölkələrində müxtəlif müğənnilər tərəfindən oxunur. Ə.Tağıyevin mahnıları Türkiyədə də olduqca məşhurdur.
Tanınmış göz cərrahı, professor Paşa Qəlbinur həm də (Musayev) Azərbaycanın çox istedadlı şairidir. Baxmayaraq ki, heç bir filoloji təhsili yoxdur.
İxtisasca aktyor və aktrisa olmayanların milli kinomuzda yaratdığı obrazlar da diqqətə layiqdir. Müasir rejissorlardan fərqli olaraq, əvvəllər rejissorlar kino ilə heç bir əlaqəsi olmayan, istehsalatın başqa sahələrində çalışan gəncləri, insanları filmlərə çəkirdi.
Məsələn, yazıçı-kinorejissor Həsən Seyidbəyli çox zaman risqə gedərək öz filmlərinə heç kəsin tanımadığı gəncləri çəkirdi. Çoxları o vaxt elə bilirdi ki, onlar peşəkar kinoaktyor kimi formalaşmaq üçün köhnə sənətindən ayrılıb aktyorluq təhsili alacaq, amma bu şəxslərin heç biri kinoda qalmayıb. Bir-iki rol oynadıqdan sonra öz ixtisasları üzrə mütəxəssis olublar.
Yalnız aktrisa Suğra Bağırova kinonun cazibəsindən çıxa bilmədi. O, ixtisasca neft mühəndisi olsa da, hazırda həm kinoaktrisa, həm də rəssam kimi fəaliyyət göstərir.
Milli kinomuzun incilərindən olan "Sevil" və "Almaz" filmlərində Sevil, Almaz obrazını yaradan qadın haqda tez-tez söhbət düşür. Bəziləri hesab edir ki, o qadın hansısa bir teatrın aktrisası olub, sonra filmlərə çəkilməyib.
Məlumat üçün deyək ki, Sevil və Almaz obrazını yaradan o xanımı ölməz dramaturqumuz Cəfər Cabbarlı kəşf eləyib. Bu xanım o vaxt kimya ixtisası üzrə təhsil alan İzzət Orucovadır. Cəfər Cabbarlı, çox çətinliklə də olsa, İzzət Orucovanı özünün iki filmində çəkməyə razı salır.
O bu filmlərə çəkildikdən sonra isə kinoya birdəfəlik əlvida deyir. İ.Orucova kinodan ayrılandan sonra elm sahəsilə məşğul olur, kimya elmləri doktoru, professor adına layiq görülür.
1956-cı ildə kinorejissor Hüseyn Seyidzadə "O olmasın, bu olsun" ("Məşədi İbad") tammetrajlı bədii filmini çəkir. Onun Gülnaz roluna çəkdiyi Tamara Gözəlova heç də peşəkar aktrisa deyildi. Əldə elədiyimiz məlumata görə, T.Gözəlova kitabxana işçisi olub. Onu da deyək ki, Tamara Gözəlova Azərbaycan Televiziyasının ilk qadın diktorudur. Sərvər rolunun ifaçısı Arif Mirzəquliyevin də peşəkar aktyor olmadığı haqda məlumat əldə eləmişik. Ancaq bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərik.
"Qızmar günəş altında" filmindən söhbət düşəndə Gülpərini xatırlamasaq olmur. Həddindən artıq işgüzar, tünd xasiyyətli Gülpəri çoxlarının sevgisi qazanıb. Lətif Səfərovun 1957-ci ildə ekranlaşdırdığı bu filmdə Gülpəri obrazını yaradan Sürəyya Qasımova da ixtisaca aktrisa deyil. Sadəcə, L.Səfərov onun bu obrazın öhtəsindən məharətlə gələ biləcəyini anladığından onu bu rola çəkib.
Səhv etmiriksə, Gülpəri Sürəyya Qasımovanın kinoda oynadığı yeganə roldur.
"Böyük dayaq" (Maya) və "Ulduz" (Ulduz) filmlərindən tanıdığımız Tamilla Rüstəmovanın da aktrisa olmadığı bildirilir. Görkəmli bəstəkar Səid Rüstəmovun qızı Tamilla xanım ömründə yalnız iki filmə çəkilib. Mərhum T.Rüstəmova da aktyorluq fakültəsini bitirməyib.
"Böyük dayaq" filmində Yastı Salman rolunu oynayan Firudin Səfərovun da aktyor olmadığı bəllidir. Akademik Opera və Balet Teatrının solisti, şair-bəstəkar mərhum F.Səfərov bu filmdən başqa bir neçə filmə də çəkilib.
Məlumdur ki, kinorejissor Vaqif Mustafayev "Fransız" filmində Yaşar Nuri, Səidə Quliyeva, Nuriyyə Əhmədova kimi peşəkarlarla yanaşı, şair İlyas Tapdıq və meyxanaçı Ağasəlim Çildağı da çəkmişdi.
Böyük Azərbaycan şairi Əliağa Vahidə həsr olunmuş "Qəzəlxan" filmində Vahid rolunu yaratmaq üçün mərhum rejissor, aktyor Şahmar Ələkbərov Loğman Kərimovu dəvət eləmişdi. L.Kərimov, peşəkar kinoaktyor olmamasına baxmayaraq, bu obrazı çox ustalıqla yaradıb.
Azərbaycan kinosunda, ədəbiyyatında, təsviri incəsənətində, bəstəkarlığında bu sahələr üzrə təhsil almayan çox istedadlı insanlar iz qoyub.
Onları bu sənətlə məşğul olanlar qeyri-peşəkar adlandırsa da, sadə tamaşaçı əksini düşünür. Çünki bu insanlar onlara həvalə edilən işi o qədər ürəkdən yaşayıb tamaşaçılara çatdırıblar ki, insanlar onlara sıradan biriləri kimi baxmır.