Abşeron ekoloji problemlər məngənəsində...
Kompleks tədbirlər planında nəzərdə tutulan işlər "Ekologiya ili"ndə öz həllini tapacaqmı?
.jpg)
Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialının 70%-nin cəmləşdiyi Abşeron yarımadası ekoloji problemlərin məngənəsində çırpınır desək, yəqin ki, yanılmarıq.
Yarımadanın başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının ümumi sahəsi - 33 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların sahəsi - 10,6 min ha təşkil edir.
Ekoloji problemləri yaradan əsas səbəblər neft-qaz hasilatı və qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, uzun illər ərzində lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin əmələ gəlməsi, neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə toplanmasından ibarətdir.
Digər ekoloji problem kanalizasiya sistemlərinin vəziyyəti ilə bağlıdır. Bakı şəhəri ərazisində il ərzində təqribən 560 mln kub metr həcmində tullantı suları formalaşır. Bu suların 164 mln m3 bioloji, 23 mln m3 mexaniki təmizləmədən keçdiyi halda, 373 mln m3 tullantı suları isə təmizlənmədən dənizə və daxili su hövzələrinə axıdılır.
Poliqonlar standartlara cavab vermir
Tullantı suları ilə birlikdə su hövzələrinə neft məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, fenol və müxtəlif ağır metallar atılır.
Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də bərk tullantıların idarə olunması ilə bağlıdır. Yarımadada olan 5 məişət tullantıları poliqonunun ümumi sahəsi- 232,5 ha-dır. Qeyri-qanuni zibilliklərin sahəsi isə 448,6 ha-dır ki, bunların da sayı 128-ə çatıb.
Rəsmi fəaliyyət göstərən poliqonlar ekoloji norma və standartlara cavab vermir. Belə ki, poliqonların əraziləri hasara alınmamış və nəzarət təşkil olunmamışdır, tullantılar boşaldılandan sonra torpaq qatı ilə örtülərək basdırılmır. Çeşidlənmə aparılmadığından, təhlükəli və bir sıra sənaye tullantıları məişət tullantıları ilə birlikdə poliqonda yerləşdirilir.
Civə üsulu ilə kaustik soda və xlor istehsalı zamanı əmələ gələn təhlükəli tullantılar Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük ekoloji problemlər yaradan amillərdəndir.
Atmosferin çirklənməsi də Bakının əsas ekoloji problemlərindən biridir. Son illər əsasən köhnə avtomobillərin hesabına nəqliyyat vasitələrinin sayının artması, havaya atılan zərərli maddələrin tutulması üçün qaz təmizləyici və toztutucu qurğuların azlığı, poliqonlarda tullantıların yandırılması səbəbindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının artması, atmosferi çirkləndirməklə, ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Respublika üzrə 2008-cı ildə atmosferə 875,1 min ton zərərli maddə atılmışdır ki, bunun da 344,2 min tonu sənayenin, 530,9 min tonu isə avtonəqliyyatın payına düşür. Bakı şəhəri üzrə isə atmosferə atılan tullantıların 373,3 min tonu avtonəqliyyatın, 271,9 min tonu isə stasionar mənbələrin payına düşür.
Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur. Bu göllərə il ərzində 41,5 mln. m3 çirkab sular axıdılır. Həmin göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrə, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir.
Daha çox çirklənməyə məruz qalan Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən və Çuxurdərə gölləridir.
Böyük Şor Abşeron yarımadasının ən böyük gölü olmaqla Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşir. İlk dövrlərində göl əsasən yeraltı sularla qidalanırdısa, hazırda bura çoxsaylı çirkab axınları mövcuddur. Su səthi 1300 ha, uzunluğu 10 km, eni 1,5-2,0 km, dərinliyi 4-8 m olan bu gölə axıdılan çirkab suların gündəlik həcmi 15,2 min m3 təşkil edir. Bu günə qədər gölün qurudulmuş ərazisi 15 ha qədərdir.
Ən çox çirklənmiş ərazilər
Suların tərkibində neft məhsullarının, fenolların, səthi-aktiv maddələrin, ağır metalların və digər zəhərli maddələrin qatılığı yol verilən normadan dəfələrlə çox olduğundan, dib çöküntülərində radionuklidlərin artması müşahidə olunur. Yaşayış massivlərində kanalizasiya sistemləri tikilmədiyindən, təsərrüfat-məişət tullantı sularının gölə və ətraf ərazilərə axıdılması ekoloji vəziyyəti daha da kəskinləşdirir.
Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail rayonlarının ərazilərindədir.
Abşeron yarımadasının digər gərgin ekoloji sahəsi Bakı Buxtasıdır. Ümumi sahəsi 50 km2, sahil xəttinin uzunluğu 20 km olan bu əraziyə axıdılan çirkab suların gündəlik miqdarı - 937,0 min m3 təşkil edir ki, bunun da 750 min m3 məişət çirkab sularının payına düşür.
Buxtanın çirklənməsi, öz növbəsində, dənizin çirklənməsi, biomüxtəlifliyin azalması və antisanitar vəziyyətin yaranması ilə nəticələnir.
Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda hazırda istismarda olan civə üsulu ilə xlor istehsalı texnologiyası fiziki və mənəvi cəhətdən köhnəldiyindən, ərazinin civə və xlor kimi çox zərərli maddələrlə çirklənməsinə gətirib çıxarıb.
Suraxanı rayonu ərazisindəki yod-brom istehsalı zamanı əmələ gəlmiş, tərkibində radioaktiv maddələr olan tullantılar (45 min ton kömür) hələ də bu ərazidə qalmaqdadır. Bakı Yod Zavodunun ərazisində yığılaraq qalaqlanmış radioaktiv tullantılar daş hasar vasitəsilə ətraf mühitdən təcrid olunsa da, bu tullantıların zərərsizləşdirilməsi üçün xüsusi müəssisə fəaliyyət göstərmədiyindən, mövcud vəziyyət radiasiyanın müəyyən olunmuş normativ həddən artıq olmasına gətirib çıxarır.
Bundan başqa, neftqazçıxarma və neft emalı müəssisələrində formalaşmış 142300 ton neft tərkibli şlam müəssisələrin ərazilərində saxlanır.
Maliyyə böhranı bəzi ekoloji layihələrə təsir göstərib
Mətbuatda gedən məlumatlara görə, Dövlət Neft Şirkəti neftin qiyməti sabitləşənədək iri ekoloji layihələrin icrasını dayandıracaq. Dünya bazarında neftin ucuzlaşması Azərbaycanın ekoloji siyasətinə təsir edə bilər. Dövlət Neft Şirkətinin ekologiya məsələləri üzrə vitse-prezidenti Muxtar Babayev bildirib ki, dünya bazarında neftin 140 dollardan 60 dollara qədər ucuzlaşması şirkətin gəlirlərinin azalmasına səbəb olub. Buna görə də ekologiya ilə bağlı bəzi layihələrin təxirə salınması istisna edilmir. Amma ADNŞ vitse-prezidentinin sözlərinə görə, indi həyata keçirilən ekoloji layihələr, xüsusilə Abşeronda neftlə çirklənmiş ərazilərin təmizlənməsi işləri dayandırılmayacaq. Cənab Babayevin sözlərinə görə, ərazilərdə çirklənmənin tərkibi müxtəlifliyilə seçilir. Odur ki, hər bir ərazidə ayrıca monitorinq aparılmalıdır. Mütəxəssislərin fikrincə, bəzi tullantıları sonradan emal edib xammal kimi istifadə etmək mümkündür. Neft şirkətinin ekologiya idarəsinin rəisi Azər Əliyevin sözlərinə görə, Abşeronda 3200 hektardan çox ərazi neftlə çirklənib və artıq onların təxminən 10 faizində təmizləmə işləri aparılıb: "Hər hektar üçün təmizlənməyə orta hesabla 100-200 min dollar tələb olunur. Bu işləri Neft şirkəti özü gördüyü üçün ucuz başa gəlir".
Neftlə çirklənmiş ərazilərin kütləvi təmizlənməsi Dünya Bankının 3 layihəyə ayırdığı 164 milyon dollar kreditin hesabına aparılacaq. Qeyd edək ki, təmizlənmiş ərazilərdə yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulur.
Ekoloji tarazlıq pozulur
Abşeron yarımadasında torpaqların neftlə çirklənməsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Bu isə, öz növbəsində, canlı orqanizmlər, həmçinin orqanizmlərin yaşaması üçün zəruri olan havanın, suyun, torpağın çirklənməsinin təhlükəli xarakter aldığı anlamına gəlir.
Geologiya-mikrobiologiya elmləri doktoru Aydın Əhmədovun sözlərinə görə, yanacaq-energetika sahəsinin ətraf mühitə, atmosferə vurduğu ekoloji ziyanı nəzərə alan dünya alimləri indi ekoloji cəhətdən təmiz enerji mənbələrinə üstünlük verir. Almaniyada keçirilən konfransda 150-dən artıq ölkə, 2015-ci ildən başlayaraq, dünya üzrə 1 milyarddan artıq insanın yenilənən mənbələrdən alınan enerji ilə təminat öhdəliklərini götürüb. Külək enerjisi üzrə almaniyalı ekspert C.Morqanın fikrincə, qazma yanacaqlardan fərqli olaraq, yenilənən mənbələrdən alınan enerji növü iqlim üçün daha gərəklidir. Ekspert hesab edir ki, külək enerjisindən zəhərli karbon-dioksid qazı ayrılmır.
Yerdən qazma yanacaq növlərindən istifadənin ətraf mühitə təsiri nəticələrindən biri olaraq, iqlimin istiləşməsini göstərirlər. Bu baxımdan dünya dənizşünas alim və tədqiqatçıları Arktik okeanda həyat şəraitini tədqiq etmək təşəbbüsü ilə çıxış edir.
Bir sıra ekoloq alimlərin fikrincə, elmi texnologiyanın müasir inkişaf həddinin nəticəsidir ki, ətraf mühitə, atmosferə buraxılan zəhərli qazlar, başqa kimyəvi maddələr, eyni zamanda kosmik uçuşlar atmosfer təbəqəsinin ozon qatında dəliklər açaraq, Yer planeti və onun bütün canlı varlıqları üçün təhlükə yaratmış olub. Artıq bu təhlükənin fəsadlarından biri olaraq qlobal istiləşməni göstərmək kifayətdir. Qoruyucu ozon qatı artıq həyat üçün təhlükəli olan normadan artıq günəş şüalarının qarşısını ala bilmir. Müasir dövrün qlobal ekoloji problemi o qədər mürəkkəb və dərindir ki, biz onun bütün sahələrinə toxuna bilmərik. Ancaq bizim üçün aktual olan, həm də narahatlıq doğuran Xəzər dənizinin mövcud ekosistemini bilmək maraqlı olardı. Amerikanın nüfuzlu "Times" qəzetinin yazdığına görə, Xəzər dənizinin çirklənməsində başlıca rolu Rusiyanın Volqa çayı oynayır. Rusiyanın bir sıra sənaye tullantıları Volqa çayı vasitəsilə Xəzərə axıdılır. Bu da, təbii ki, dənizin ekologiyasına öz mənfi təsirini göstərir.
Ekspertlər bildirir ki, indiki dövrdə Xəzər dənizinin 3 əsas problemi var. Onlardan birincisi ekoloji problem adlanır. Çirkab sularının dənizə axıdılması, gəmilərdə baş verən qəzalar, çayların gətirdiyi çirkli sular burada ekoloji problemi yaradan səbəblər sırasındadır. Azərbaycandan hər il Xəzər dənizinə 300-400 mln.m3 çirkab suları axıdılır. Bu su hövzəsinə son 10 ildə 1 mln ton neft axmışdır. Bu səbəbdən də Xəzər dənizində ikinci problem olan bioloji problemin yaranmasına gətirib çıxarmışdır. Dənizin çirklənməsi onun oksigenlə təminatı, balıqların kürü tökmə şəraiti pisləşmişdir.
Qazaxıstanın tətbiqi ekologiya agentliyinin Atrau ofisinin məsləhətçisi A.Bolşovun bildirdiyinə görə, Xəzər dənizində 1978-1995-ci illərdə 1200-dən artıq neft quyusunu su basıb və nəticədə bəzi quyulardan neft sızaraq dənizə axıb. Bolşovun UPI agentliyinə verdiyi məlumata əsasən, Xəzər dənizində çirklənmə əmsalı maksimum mümkün səviyyədən, yerindən asılı olaraq, 1,5-11,8 dəfə çoxdur.
Məsələn, misin Xəzərin şimalındakı miqdarı maksimum mümkün səviyyədən 3,9 dəfə çoxdur. Sinkin miqdarı isə Türkmənistan sahillərində 7,2 dəfə çoxdur. Hər iki ağır metalın suda yaşayan canlılara məhvedici təsir göstərdiyi məlumdur. Nərə balığı və ağ balıq növlərinin kütləvi şəkildə məhvi müşahidə olunur. Beləliklə, ekoloji problemin meydana çıxması və nəticədə ekoloji tarazlığın pozulması bəşəriyyəti, bütün substansiyanı (maddi aləmi), canlı varlıqları məhv edə bilər ki, bu da təhlükəli bir tendensiyadır.
Prezidentin tədbirlər planı necə yerinə yetirilib?
Abşeron yarımadasında və ümumilikdə Respublikada ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" təsdiq olunub. Abşeronun ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bu tədbirlər planı xüsusi əhəmiyyət kəsb edir. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının neftlə çirklənən 33 min hektara yaxın ərazisi tamamilə təmizlənməli idi. Amma müşahidələr göstərir ki, rekultivasiya işləri kompleks halda həyata keçirilməyib və daha çox imitasiya xarakteri daşıyıb. Bibiheybət neftçıxarma sahəsində yararsız hala düşmüş 565 hektar ərazidən 140 hektar torpaq sahəsinin rekultivasiya işləri Görülüb. Əraziyə ağaclar əkilib, yaşıllaşdırma işləri aparılıb.
Bu ilin 9 ayının yekunlarına dair hökumətin müşavirəsində prezident İlham Əliyev 2010-cu ili "Ekologiya ili" elan etdi. Yuxarıda yazılanları ümumiləşdirərək qeyd edə bilərik ki, 4 illik tədbirlər planının icrası zamanı ekoloji problemlər dərindən öyrənilib. 2010-cu ildə ekoloji problemlərin həlli baxımdan ETSN-nin və digər dövlət qurumlarının üzərinə ağır yük düşür.
Bakı Buxtasının, Bibiheybət zonasının, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasındakı göllərin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, məişət tullantılarının idarə olunması sxeminə uyğun Abşeron yarımadasında formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlərin gələn ildə öz həllini tapacağına ümid edirik.
Yazı Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə təqdim olunur