Üç partiya polislə toqquşmada həbs olunmuş 5 dinçinin hüquqlarını müdafiə komitəsi yaratdı
.jpg)
Fevralın 13-də Məhəmməd peyğəmbərin vəfatı günü hakimiyyətin icazəsi olmadan Hacı Soltan Əli məscidindən Şəhidlər Xiyabanına yürüş zamanı saxlanmış 5 islamçı hazırda həbsdədir.
Saxlananların vəkili Fəxrəddin Mehdiyevin "Turan"a verdiyi məlumata görə, onlara qarşı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddələrilə ittiham irəli sürülüb. Daha bir neçə nəfər bir neçə günlük həbs cəzası almışdı. Onlardan 2-si yanvarın 21-də azad edilib, deyə vəkil bildirib.
Hüquq müdafiəçisi Çingiz Qənizadə bu günlərdə müttəhimlərlə görüşüb. "Mən onların hər birilə ayrı-ayrılıqda görüşdüm. Saxlanmadan və Polis İdarəsinə gətirildikdən sonra onlara qarşı fiziki təzyiqlərə yol verilməyib" - deyə Qənizadə "Turan"ın müxbirinə bildirib. İslam Partiyası mətbuat xidmətinin rəhbəri Akif Heydərli həbs edilən dindarların hüquqlarını müdafiə komitəsi yaradıldığını, bu gün komitənin ilk iclası keçiriləcəyini deyib.
"Biz bu həbsləri qanunsuz sayırıq və onların azadlığı üçün tədbirlər həyata keçirəcəyik. Komitə ölkənin hüquq müdafiəçilərinə, beynəlxalq birliyə müvafiq müraciət ünvanlayacaq" - deyə Heydərli bildirib. Onun sözlərinə görə, Komitənin tərkibinə İslam, Fəzilət və Birlik partiyalarının, Ziyalılar Birliyinin təmsilçiləri daxildir.