"Xocalı qətliamına" görə 286 nəfər cinayət məsuliyyətinə cəlb olunub
38 nəfər barədə həbs qərarı çıxarılıb
Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri və Respublika Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunda Xocalı, Qaradağlı, Meşəli, Bağanıs Ayrım və digər Azərbaycan kəndlərində ermənilərin törətdiyi cinayətlərlə bağlı 286 nəfərin, insanlıq əleyhinə cinayətlərdə günahkar bilinərək, təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması üçün qərar qəbul edilib.
Onlar barəsində məhkəmələr tərəfindən qiyabi həbs qərarı çıxarılıb və beynəlxalq axtarışa verilmələri üçün İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosuna müraciət edilib. APA-nın məlumatına görə, bu barədə MTN, DİN və Respublika Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunun rəhbəri Mehman Poladov bildirib. O deyib ki, 366-cı alayın rəhbər heyəti də beynəlxalq axtarışa verilən şəxslər arasındadır: "Onların arasında həm rus, həm də erməni millətindən olan şəxslər var. Hazırda əməliyyat qrupunda həmin şəxslərin anket məlumatlarının və fotoşəkillərinin toplanması istiqamətində işlər davam etdirilir".
İstintaq qrupunun rəhbəri deyib ki, artıq 366-cı alayın rəhbərliyinə daxil olan bir sıra şəxslərin azərbaycanlılara qarşı cinayətləri tam sübuta yetirilib: "Yaxın günlərdə həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülməsi təmin ediləcək. Onlarla bağlı Rusiya, Qazaxıstan və Özbəkistan prokurorluqlarına müvafiq hüquqi yardımlar göstərilməsi üçün arayışlar göndərilib".
M.Poladovun sözlərinə görə, Xocalı soyqırımına gedən yol Qaradağlı soyqırımından başlayıb. Artıq əməliyyat-istintaq qrupunda Qaradağlı soyqırımı ilə bağlı 6 nəfər barəsində məsuliyyətə cəlb etmə qərarı qəbul edilib və beynəlxalq axtarışa verilmələri üçün müvafiq sənədlər təqdim olunub: "Qaradağlı soyqırımı ilə bağlı kifayət qədər şübhəli şəxs müəyyən olunub. Onların təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması istiqamətində işlər davam etdirilir".
İstintaq qrupunun rəhbəri deyib ki, Xocalı soyqırımı ilə bağlı 38 şəxs barəsində həbs qərarı çıxarılıb və onlar beynəlxalq axtarışa verilib. Bu istiqamətdə əməliyyat işləri davam etdirilir.