Lalə Şövkət haqqında qalmaqallı məqalə müəllifinin kimliyinə aydınlıq gətiriləcək
.jpg)
"Milli Birlik" Hərəkatının lideri, "Azadlıq" blokunun təmsilçisi Lalə Şövkət "Ölkə" qəzetinə qarşı məhkəmə iddiası qaldırıb. Buna səbəb isə qəzetdə "Madam ləqəbli KQB agenti" başlıqlı məqalədir. Lalə Şövkət iddia edir ki, adıçəkilən yazı onun şərəf və ləyaqətinin təhqirinə yönəlib.
"Ölkə" qəzetinin məsul katibi Nicat Dağlar isə bu iddia ilə razılaşmır. O hesab edir ki, Azərbaycanda söz azadlığının müdafiəçisi qismində çıxış edən, demokrat kimi təqdim olunan şəxslərin qəzetlərə qarşı məhkəmə iddiası qaldırması azad mətbuatın susdurulmasına yönəlik addım kimi qiymətləndirilməlidir: "Çox təəssüf edirəm ki, Lalə xanım belə bir davranış nümunəsi sərgiləyir. Həmin yazıda Lalə Şövkətin KQB agenti olması barədə hər hansı iddia yoxdur. Mənim üçün də maraqlıdır ki, niyə Lalə xanım yazıya belə bir reaksiya verir. Yazı başqalarının dedikləri və başqalarının yazdıqları əsasında qurulub. Konkret olaraq İsa Qəmbərin açıqlamaları və Lalə xanımın bu açıqlamalara verdiyi cavab ətrafında gəzişmələr aparılıb".
N.Dağlar "Milli Birlik" liderinin "Ölkə" qəzetinə qarşı məhkəmə iddiası qaldırması faktı ilə Lalə xanımın demokratiya, söz azadlığı, fikir sərbəstliyinə dair bəyanatları arasında ziddiyyət olduğunu bildirdi: "Lalə xanıma xatırlatmaq istərdim ki, onun da korrupsioner, rüşvətxor dediyi, mətbuatın ən sərt formada tənqid etdiyi məmurların qəzetlərə, jurnalistlərə qarşı məhkəmə iddiası qaldırdığına dair nümunə yoxdur.
Bu vaxta qədər fövqəlsərt yazılarımız olub. Bu yazılarda ittiham obyekti olanlar məhkəmə qapısı döyməyib. Amma təəssüf ki, Lalə xanım barəsində hər hansı ittihama rast gəlinməyən yazını da götürüb, ədalətinə inanmadığı, müstəqilliyinə şübhə etdiyi məhkəməyə üz tutdu. Görünür, hakimiyyətə gəlməyi bacarmayan, illərdir cəmiyyətə yalançı mesajlar verib insanları ümidsizliyə qərq edənlərin həftədə bir dəfə işıq üzü görən qəzetdən 300 min manat tələb edib, həmin vəsaitin hansısa pansionata köçürülməsini istəməsini təbii qarşılamalıyıq".
N.Dağlar onu da bildirdi ki, "Ölkə" qəzetinin həftənin 4-cü günü işıq üzü görəcək növbəti sayında mübahisəyə səbəb olmuş yazının müəllifinin kimliyinə də aydınlıq gətiriləcək.