DİN orqanlarına ictimaiyyətin münasibətini öyrənmək üçün keçirilən monitorinqlər nə göstərib?
.jpg)
Azərbaycanda ötən il daxili işlər orqanları üzrə qanun pozuntularının sayı 2008-ci illə müqayisədə 7 faiz azalıb. Trend News-un məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" dövlət qəzetinə müsahibəsində deyib.
Nazir bildirib ki, daxili işlər orqanları üzrə qanun pozuntularına görə məsuliyyətə cəlb edilənlərin sayı da 10,7 faiz azalıb. Usubov qeyd edib ki, ötən il daxili işlər orqanlarının fəaliyyəti və şəxsi heyətlə bağlı ümumi müraciətlərin sayı 2,6 faizədək, Prezident Administrasiyasından daxil olmuş şikayətlərin sayı isə 13 faiz azalıb.
Həyata keçirilmiş tədbirlərə baxmayaraq, ayrı-ayrı, xüsusən bayır xidməti əməkdaşlarının xidməti fəaliyyətində müxtəlif qanun pozuntularına, nöqsan və çatışmazlıqlara hələ də rast gəlinməsindən təəssüflənən nazir qeyd edib ki, son 3 ildə vətəndaş hüquqlarını pozduqlarına görə 614 nəfər polis əməkdaşı cəzalandırılıb. "Onlardan 16-sı cinayət məsuliyyətinə cəlb edilib, 85-i xidmətdən xaric olunub, 66-sı tutduğu vəzifədən azad edilib, 5-nin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 442 nəfər barəsində digər intizam tədbirləri görülüb", - nazir vurğulayıb.
Nazir ictimaiyyətin daxili işlər orqanlarının xidməti fəaliyyətinə münasibətini mütəmadi olaraq aparılan monitorinqlərlə müəyyənləşdirildiyini və bu prosesin nazirliyin rəhbərliyi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
"Monitorinqlər vasitəsilə fəaliyyətimizdəki çatışmazlıqları, əhalinin narazı olduğu məqamları müəyyən edir və lazımi nəticələr çıxarırıq. Cəmiyyətin münasibətini öyrənməkdə ən səmərəli vasitələrdən biri də rəy sorğularının keçirilməsidir. Sonuncu sorğunun nəticəsi göstərib ki, rəyi soruşulanların 80 faizə qədəri respublikada cinayətkarlığa qarşı mübarizənin hazırkı vəziyyətindən razıdır. Digər məlumat mənbəmiz isə kütləvi informasiya vasitələrində dərc olunan obyektiv və qərəzsiz tənqidi yazılardır. Bu materiallar da tərəfimizdən diqqətlə araşdırılır və lazımi ölçülər götürülür", - Usubov vurğulayıb. Nazir deyib ki, Azərbaycanda daxili işlər orqanları, prokurorluq və milli təhlükəsizlik orqanları ilə birgə son 15 il ərzində bağlı qalmış 376 cinayətin üstü açılıb. Nazir bildirib ki, müxtəlif cinayətlərə görə 15217 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib, yerli və dövlətlərarası axtarışda olan 2441, o cümlədən MDB üzvü olan dövlətlərdə və digər ölkələrdə gizlənmiş 134 təqsirləndirilən şəxs tutulub. Ötən dövr ərzində İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 67 nəfərin və İnterpol tərəfindən axtarılan 23 şəxsin yeri müəyyən edilib. Usubovun sözlərinə görə, həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 955 nəfəri birləşdirən 436 qrup və mütəşəkkil dəstə zərərsizləşdirilib. Qanunsuz saxlanan 1115 odlu silah və 166 mindən çox güllə götürülüb. Narkotrafikə və insan alverinə qarşı mübarizə üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən 2008-ci illə müqayisədə 372 kiloqram çox - 1 ton 23 kiloqram narkotik vasitə çıxarılıb, 267 nəfərdən ibarət 99 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Nazir bildirib ki, insan alverinə qarşı mübarizədə məqsədyönlü şəkildə davam etdirilən tədbirlərlə 80 insan alveri cinayəti aşkarlanaraq 76 nəfər məsuliyyətə cəlb olunub, 55 nəfərdən ibarət 25 cinayətkar qrup zərərsizləşdirilib, bu cinayətlərin qurbanı olmuş 91 şəxs müəyyən edilib. Usubov qeyd edib ki, ötən il xidməti vəzifələrin icrası zamanı daxili işlər orqanlarının 159 əməkdaşı xəsarət alıb, 7 nəfər isə həlak olub.