Vüqar Bayramov: "Bu gün Bakı şəhərinin infrastrukturu pullu və ona alternativ yolların çəkilməsinə imkan vermir"
"Düşünmürəm ki, Azərbaycanda pullu yolların istifadəsi mümkündür və eyni zamanda buna ehtiyac var"
.jpg)
Nəqliyyat Nazirliyindən mətbuata verilən məlumata görə, Azərbaycanda bir neçə istiqamətdə pullu avtomobil yollarının tikintisi layihəsi hazırlanır. Belə ki, bu il həmin layihələrdən birinin başlanmasına start veriləcəyi gözlənir. Nazirliyin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, hazırda iki layihə diqqət mərkəzindədir.
Həmin layihələr üzrə Nəqliyyat Nazirliyinin müvafiq strukturları Koreya, İsrail və ABŞ şirkətlərilə müzakirələr aparır. Bu layihələrdən birincisi və cari ildə start verilməsi planlaşdırılan Sumqayıtın Hacı Zeynalabdin Tağıyev (keçmiş Nasosnı) qəsəbəsindən Ələtə qədər olacaq avtomobil magistralı, digəri isə İpək Yoluna paralel Hacıqabuldan Gürcüstan sərhədinədək olacaq yeni, beton örtüklü avtomobil magistralıdır. Sumqayıt-Ələt pullu avtomobil yolunun layihəsi üzərində müzakirələr il yarım əvvəl başlayıb. Yol boş ərazilərlə, dövlətin balansında olan torpaqlardan keçməklə çəkiləcək və bu yolda sürətin minimum 100 km/saatdan yüksək olacağı gözlənir.
Eyni zamanda, açıqlamada o da bildirilir ki, xarici şirkətlərin bilavasitə investisiya qoyuluşları ilə inşa olunacaq bu yolların, uzağı 2015-ci ilədək tikilib istifadəyə verilməsi planlaşdırılır. Pullu yollarda, qəza və ya qanunvericiliyin pozulması halları ilə mübarizə tədbirləri istisna edilməklə, yol polisləri olmayacaq. Yola nəzarət müxtəlif ərazilərə qurulmuş videomüşahidə sistemlərilə həyata keçiriləcək. Yolda baş verəcək hadisələr zamanı xilasetmə işləri həyata keçirmək üçün xüsusi xidmət sistemi yaradılacaq.
Yolların pullu olması təcrübəsi inkişaf etmiş ölkələrdə, çoxdandır ki, mövcuddur. Həmçinin, sözügedən ölkələrdə bu metodun müəyyən müsbət nəticələri də var. Bəs Azərbaycanda necə, sözügedən layihənin həyata keçirilməsi özünü doğruldacaqmı? Bu variant ölkəmiz üçün nə dərəcədə məqsədəuyğun sayıla bilər?
Məsələyə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ABŞ-da 20 ildən çoxdur pullu yollardan istifadə olunduğunu dedi: "Bunun mahiyyəti ondan ibarətdir ki, həmin yollardan istifadə edən avtomobil sahibləri buna görə pul ödəyir. Yığılan həmin pullar yolların təmirinə və digər sosial ehtiyacların ödənilməsinə yönəldilir. O baxımdan, Qərb ölkələrində bu təcrübədən geniş istifadə olunur. Ancaq buna baxmayaraq, düşünmürəm ki, Azərbaycanda pullu yolların istifadəsi mümkündür və eyni zamanda buna ehtiyac var. Pullu yollardan o halda istifadə etmək məqsədəuyğun və səmərəli hesab olunur ki, ölkədə yaşayan insanların ödəniş qabiliyyəti pullu yollardan istifadəyə imkan versin. Bu gün düşünmürəm ki, Azərbaycanda bütün avtomobil sahiblərinin buna imkanı var. Başqa bir tərəfdən, adətən Bələdiyyələr pullu yollardan yığılan vəsaitləri daha çox yolların təmirinə və abadlaşdırılmasına yönəldi.
Bu gün Azərbaycanda yolların təmir və abadlaşması üçün vəsait problemi yoxdur. Problem bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli xərclənməsilə bağlıdır. Bu sahədə bir sıra problemlər var və tenderlər şəffaf keçirilmir. Bu sahəyə ayrılan vəsaitlər səmərəli xərclənsə, o zaman pullu yolların salınmasına ehtiyac qalmayacaq".
V.Bayramov dünyanın heç bir yerində şəhərdaxili yolların pullu olmadığını bildirdi: "İnkişaf etmiş ölkələrdə belə şəhərdaxili yollar pullu olmur. Adətən o yollar pullu olur ki, həmin yollar müxtəlif şəhərləri birləşdirir. Eyni zamanda, həmin yollardan şəhərdə yaşayanlar istifadə etmir.
Bununla belə, pullu yolların alternativi də olur. Bu o deməkdir ki, pullu yoldan istifadə etməyə imkanı olmayanlar digər yollardan istifadə edir. Başqa bir tərəfdən, pullu yollarda tıxac az olur. Bu gün Bakı şəhərinin infrastrukturu pullu və ona alternativ yolların çəkilməsinə imkan vermir".