Bazarın sahibi Füzuli Həsənov isə: "Hər dəfə başçı dəyişəndə bu bazarın problemləri çıxır"
.jpg)
"Salyan bazarında qarşıdurmanın baş verməsi və qarşıdurmada bir nəfərin ölməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil". Bunu APA-ya açıqlamasında Salyan rayon Polis İdarəsinin rəisi Şahmar Paşayev deyib.
Onun sözlərinə görə, rayonun avtovağzalı ərazisində qanunsuz ticarətlə məşğul olan şəxslərlə danışıq aparılıb və qarşılıqlı anlaşma ilə onlar "Kolxoz bazarı"na köçürülüb: "Qarşıdurma olsaydı, orada kimsə vəfat etsəydi, ilk məlumat polisdə olardı. Bizdə isə belə bir məlumat yoxdur. Orada, ümumiyyətlə, heç bir səs-küy olmayıb. Sadəcə, vətəndaşlar avtovağzal ərazisində - maşın yolunda antisanitariya şəraitində ticarətlə məşğul olurdular. Onların sayı isə 30 nəfərdən çox deyil. Yeni bazarda onların hər birinə yer ayrılıb və ora köçürülüblər".
Ş.Paşayev bildirib ki, hazırda avtovağzal ərazisində insanların ticarətlə məşğul olmasına icazə verilmir. Sadəcə, bu ərazidə olan mağazalar normal formadadırsa, sanitar tələblərə cavab verirsə, fəaliyyətini davam etdirir: "Digərləri isə normal qaydada yeni bazara köçürülüb".
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov da APA-ya bildirib ki, avtovağzal ərazisində ticarətin qadağan olunmasına antisanitariya səbəb olub: "Onlar normal şəkildə yeni bazara köçürülüblər və hər hansı qarşıdurma olmayıb. Bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil". E.Hüseynov bildirib ki, ərazidə olan mağazalar fəaliyyətini davam etdirəcək, küçə ticarəti isə tam yığışdırılıb.
Bazarın sahibi Füzuli Həsənov isə APA-ya açıqlamasında bildirib ki, İcra Hakimiyyəti bazarı bağlayarkən bu ərazini təmir edəcəyini əsas gətirib: "Amma biz buranı iki il əvvəl təmir etmişik. İki il əvvəl də burada problem yaranmışdı. Salyanda hər dəfə icra başçısı dəyişəndə bu bazarda problem yaranır. Dünəndən burada ticarət tam dayandırılıb, əraziyə polis nəzarət edir. Biz yalnız ərazini süpürüb təhvil vermişik".
Bazarda baş vermiş qarşıdurmada dünyasının dəyişdiyi iddia olunan Salyanın Ərəbqardaşbəyli kəndinin axundu Hacı Ağahüseyn Səfərovun qardaşı oğlu Zahid Səfərov da APA-ya bildirib ki, onda mərhuma qarşı hər hansı zorakılığın olması barədə məlumat yoxdur: "76 yaşlı əmim iflic olub. O dərhal xəstəxanaya yerləşdirilib, amma həyatını xilas etmək mümkün olmayıb. Onun nəyə görə iflic olması barədə isə məlumatımız yoxdur".